Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1853/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı – Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı bildirir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1502/2015 saylı, 19 may 2014-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh ASC-nin xeyrinə əsas borc qismində 10.897 (on min səkkiz yüz doxsan yeddi) ABŞ dolları, faiz borcu qismində 1.177 (min yüz yetmiş yeddi) ABŞ dolları, penya qismində 129 (yüz iyirmi doqquz) ABŞ dolları, cəmi 12.204 (on iki min iki yüz dörd) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə manatla tutulması və borcun iddiaçıya məxsus sözü gedən avtomobilə yönəlməsi qət edilmişdir. Bunu təsdiq edən icra vərəqəsinin surətini də iş materiallarına əlavə etmişdir. İddiaçı hazırki iddia ərizəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1502/2015 saylı, 19 may 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə ondan tələb olunan pul vəsaitinin əsassız olmasını və göstərilən məbləğin silinməsini xahiş edir. Halbuki Bakı şəhəri Nizami rayon Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnaməsi vardır. İddiaçıya izah olunmalıdır ki, əgər o hesab edirsə ki Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan tələb olunan pul əsassızdır, onda həmin qətnamədən onun apellyasiya şikayəti vermək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən bununla bağlı ayrıca iddia qaldırılmasına yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki ərizənin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263,264 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı – Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi İddiaçı qaytarılsın. İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi: 25976) iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1853/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1853/2024
21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver