Məhkəmə qərarları › İş №2(009)-186/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-186/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-186/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil ştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 5000 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla belə əsaslandırmışdır ki, 28 may 2019-cu ildə dostları Dilsuz Musayev, Şərif Kərimli və Dəyanət Osmanlıdan söhbət əsnasında öyrəndi ki, Azərbaycanda “Tesline” adlı şirkət fəaliyyət göstərir və onların da üzv olduqları bu şirkətdən qoyduqları pulun müqabilində hər ay 30% qazanc əldə edirlər. Şirkətin Bakı ofisinə Cavabdeh adlı bir qadın rəhbərlik edir. Belə asan qazanc onu da maraqlandırdı və o, səhərisi gün Dəyanət Osmanlı və Dilsuz Musayevlə görüşüb həmin ofisə, Cavabdeh yanına yollandılar. Görüşdülər və Arifə xanım “Tesline” şirkətinin etibarlı və beynəlxalq səviyyədə tanınmış bir şirkət olduğuna ona inandırdı. Lakin həmin gün o, tanışlıq məqsədi ilə gəldiyindən, Arifə xanıma pul verə bilmədi. Danışdılar ki, sabah pulu gətirəcək. Səhəri gün, saat 16 radələrində, o yenidən Dəyanət və Dilsuzla görüşüb, bir daha Arifə xanımın görüşünə getdilər (Zeynal Xəlil küçəsi, 11). Uzun illərdi pensiyasını toplayıb 5 min manat pul cəmləmişdi. Fikirləşdi ki, bu pulu evdə çürütməkdənsə, versin qazanc əldə eləsin. Açığı, dostları da verdikləri məbləğin müqabilində Arifədən faiz alırdılar. O, gətirdiyi 5 min manatı sayıb Dəyanətə verdi, Dəyanət də öz növbəsində pulları sayıb Arifə xanıma verdi. Arifə xanım pulları götürüb seyfə qoydu və kompüterdə onun adına loqin açdı, parol yazdı. Sonra onları xırda kağız parçalarına köçürüb ona verdi. Bildirdi ki, o, pulları birbaşa banka qoya bilmir, Bakıda xüsusi adam var, o, götürdüyü pulları ona verir, o isə bu pulları kripto valyutaya çevirib mərkəzi ofisə göndərir, oradan isə onların faizləri gəlir. Əslində Arifə xanımın dediyi həmin adamı heç kəs tanımırdı, hamı Arifə xanımla “alış-veriş” edirdi. Səhərisi gün tezdən Dəyanət ona zəng edib bildirdi ki, bəs eşitdiyinə görə “Tesline” şirkəti bağlanıb. Onlar danışıb səhər 9-da Arifə xanımın kirayəyə götürdüyü ofisə gəldilər. Bu zaman onun oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusu həyətdə saxlayıb ev və məişət əşyalarını maşına yükləyirdi ki, aradan çıxsın. Lakin onlar onu dayandırdılar. Tezliklə həyətdə bir neçə zərərçəkmiş də yığışdı, o cümlədən dostları Şərif müəllim də gəldi. Onlar Arifədən pullarını tələb etdilər. O bildirdi ki, o hamısını göndərib. O ona dedi ki, “Arifə xanım, axşam saat 4-5 arası, ona 5 min manat vermişdir, özünüzün dediyinizə görə həmin pulları heç yerə köçürmürsünüz, kiməsə aparıb əlbəəl verirsiniz. Axşam da tələsikdə onu aparıb verə bilməzdiniz, ona görə də, o sizdədir, heç yerə verməmisiniz”, xahiş edir, onun qəpik-qəpik yığdığı pensiya pullarını qaytarsın. Bu zaman oğlu ona hücum elədi və onlar əlbəyaxa oldular. Arifə xanım aranı sakitləşdirmək üçün onlara dedi ki, Nərimanov parkının yanında bir çayxana var, gedəyin orada oturub sakitcə müzakirə edəyin. Onlara isə,yəni Şərif Kərimliyə və ona dedi ki, sizin qoyduğunuz məbləğ böyük olduğu üçün sizin vəsaitinizi başqa bir şirkətə yönəldəcək, onlar normal fəaliyyət göstərirlər. O da orada təmsil olunur. Səhər Arifə xanımla yenidən görüşdülər. O onları H.Əliyev Mərkəzinin yanında hündür bir binada yerləşən ofisə gətirdi. 40-45 yaşlarında olan bir kişi ilə tanış edib bildirdi ki, bu şirkətin valyutası “coin”dir və onlar müxtəlif hərraclar təşkil edərək, brend malların satışını təşkil edir və “ölən” pulları dirildirlər. “O onları ora yazır və pullarını “coin”ə çevirib hərraclarda iştirakınızı təşkil edəcək ki, pullarınızı dirildəsiniz.” O özünün tərtib etdiyi (əllə yazılmış) bir “ərizə-qəbz” forması çıxardı və onlara qol çəkdirdi. Açığı, hər şeydən əlləri boşa çıxdığına görə, ürəylərində inanmasalar da, “ərizə-qəbzi” imzaladılar. Arifə rus dilində yazdığı bu “ərizə-qəbzdə” iddia edirdi ki, guya “TesLine” şirkətində maliyyə problemi yarandığına görə özünün üzv olduğu “OneLife” şirkətindəki hesabından Şərif Kərimliyə “TesLine”da itirdiyi 2000 avroya görə “Onelife”dakı kabinetinə “Princ-86” loqininə 70 coin, həmin şirkətə təzə üzv olmuş İddiaçı isə həmin hesaba 2500 avro hesabı ilə 86 coin hədiyyə olaraq köçürür. Onun hesabı olmadığına görə hər ikisinin “vəsaiti” Şərif Kərimlinin adına açılmış hesabda cəmləşdirilir. Həmin dövrdə mövcud olan valyuta kurslarını da təhrif edən Arifə onun 5000 manatını avronun o zamankı kursuna (1,85 manat) rəğmən 2702 avro yazmaq əvəzinə, 2500 avro göstərir. (Bura qədər yazdıqlarının canlı şahidi olan, özü də zərərçəkmiş qismində Arifənin tələsinə düşmüş Şərif Kərimli dediklərini, inanır ki, təsdiq edər.) Xeyli müddət gözləyib nəticə görmədiyindən, o, hüquqmühafizə orqanlarına şikayət etdi. Şərif müəllim yaşadığı stresslərdən ağır ürək əməliyyatı keçirdiyindən, bu işləri o tək görməli oldu. Nərimanov rayon polis idarəsində müstəntiq mayor Elnur Məmmədov şahidləri çağırmadan Arifəni ayrıca dəvət edib dindirdi, heç bir üzləşmə etmədən Arifəni təmizə çıxaran formada qərar verdi (05 avqust 2022-ci il) və onun əməlində cinayət tərkibi olmadığını elan etdi. O, qərardan Nərimanov rayon prokurorluğuna şikayət verdi. Prokurorluq qərarı ləğv etdi və işi yenidən baxılmaq üçün rayon polis idarəsinə göndərdi. Bu dəfə işə müstəntiq mayor Aqil Qasımov baxdı. O, Arifəni və onu dəvət etdi. O, tələbini bir daha təkrar etdi: “Banklarda sistemin işləmədiyi bir halda (axşam saat 18 radələrindən sonra) onun pulu heç yerə köçürülə bilməzdi, ona görə də, onun 5 min manatını Arifə xanım heç yerə köçürməyib, pul onda qalıb və mənimsəyib.” Bu zaman müstəntiq onu bayıra çıxardı. Arifə ilə təkbətək nə danışdılarsa, o, içəri daxil olanda, öz qərarını elan etdi ki, cinayət tərkibi olmadığına görə şikayət rədd olunur. Sonra ona məsləhət gördü ki, belə işlərlə Narkotiklərlə Mübarizə İdarəsi məşğul olur, siz ora müraciət edin. O da belə etdi. Narkotiklərlə Mübarizə İdarəsinə yazılı şikayət göndərdi. Qəribədir ki, həmin şikayəti yenidən Nərimanov polis idarəsinə göndərildi və batdı. O, sonuncu imdadı məhkəmədən gözləyir. Ümid edir ki, məhkəmə onun illərlə pensiyanı toplayıb düzəltdiyi 5 min manatın Cavabdeh tərəfindən mənimsənilməsinə imkan verməyəcək, ona dəymiş ziyanın və məhkəməyə ödədiyi rüsumun cavabdeh tərəfindən ödənilməsini təmin edəcək. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddia tələbinin qanunsuz və əssassız olduğundan təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tələbində göstərmişdir ki, guya Cavabdeh “Tesline” adlı şirkətin Bakı şəhərində yerləşən ofisinin rəhbəri olmuş və sözügedən şirkətin etibarlı və beynəlxalq səviyyədə nüfuza malik olduğu barədə iddiaçını inandıra bilmişdir. İddia çının dəlilinə münasibətdə bildirir ki, cavabdeh də iddiaçı kimi “Tesline” saytının iştirakçısı olmuş və iddia ərizəsində etiraf edildiyi kimi, iddiaçının xahişi ilə onu yalnız saytda qeydiyyatdan keçməsinə, yəni adına loqin və parolun açılmasına köməklik etmişdir. Məlumat üçün bildirir ki, “Tesline” şirkəti xarici ölkədə qeydiyatdan keçmiş və həmin şirkətin ölkəmizdə filialı və nümayəndəliyi olmadığından, cavabdeh bu şirkətin Azərbaycan Respublikasında qanuni təmsilçisi və ya nümayəndəsi ola bilməz, həmçinin onun fəliyyətinin dayandırılması və ya müflis olması ilə bağlı məsuliyyət daşıya bilməzdi. Eyni zamanda bildirir ki, iş materiallarına əlavə edilmiş “Tesline” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat ekvivalentində 3000 ABŞ dolları məbləğində vəsait 30 may 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir. Bundan başqa, iş materiallarında mövcud olan 13 iyun 2019-cu il tarixli “İltizam”dan müəyyən etmək olar ki, cavabdeh humanistlik göstərərək, eyni ilə özü kimi “Onelife” şirkətinin iştirakçısı olan Kərimli Şərifin adına internet resursunda açılmış elektron kabinetinə, həmin günə 1 ədədinin dəyəri 30 AVRO təşkil edən, ümumilikdə 85 ədəd (2550 AVRO) “Coin”i (kriptovalyuta) iddiaçının xeyrinə hədiyyə olaraq köçürmüşdür. Beləliklə, yuxarıda qeyd edilmiş işin hallarından sonra iddiaçı 13 iyun 2019-cu il tarixli dördtərəfli “İltizam” imzalayaraq, cavabdehə qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. Əlavə olaraq bildirir ki, iş materiallarında mövcud olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 05 avqust 2022-ci il tarixli və 24 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarlarının təsviri hissələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin sonuncu tərəfdə saxlanması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, o, Naibə xanımı “Tesline” şirkətindən tanıyır. Cümşud müəllimin və onun ortaq dostu rəhmətə getmiş Dilsuz Musayev onu Arifə xanımla tanış etmişdi. İlk əvvəl o, həmin rəhmətə gedən dostu Dilsuzla birlikdə “Tesline” şirkətinə pul qoymuşlar. Cümşüd müəllimin ad günü olan vaxtı, Cümşüd müəllim dedi ki, pensiya pulunu yığmışdır və həmin şirkətə qoyub faiz götürmək istəyir. Həmin günün sabahısı onun iştirakı olmadan günorta vaxtı Cümşüd müəllim digər ortaq dostları olan Dəyanətlə gedib “Tesline” şirkətinə 3000 ABŞ dollar pul qoyublar. Lakin Arifə xanım deyib ki, müəyyən pul çatmır, əlavə faiz də ödəməlidir. Cümşüd müəllim qalan pulu sabahsı gətirib Arifə xanıma verib. Həmin günün axırı xəbər gəldi ki, “Tesline” şirkəti bağlanıb. Sabahısı günü Cümşud müəllimlə Arifə xanımın yanına getdilər. Həmin vaxt Arifə xanım əşyalarla birlikdə köçürdü. Həmin yerdə Cümşüd müəllimlə Arifə xanımın oğlu arasında dava düşdü. Ondan sonra Arifə xanım onu və Cümşüd müəllimi qırağa çəkərək, başqa bir şirkətə getdiyini bildirdi və onlara dedi ki, 1 həftə gözləsinlər, şirkət açılmazsa, bütün faizləri geri qaytararlar. Cümşüd müəllimin tələbi o idi ki, pulu günorta verib, 2-3 saat sonra Arifə xanım pulu başqa adama verir, o da sistemə vurur. Həmin adamı onlar tanımır. Lakin həmin günün sonu “Tesline” şirkəti bağlanıb, pulu gecə ilə sistemə vura bilməzdilər. Ona görə Cümşüd müəllim pulun geri qaytarılmasını istəyirdi. Arifə xanım da dedi ki, pulu vermişəm. Sonra Arifə xanım onlara başqa şirkəti təklif elədi və bildirdi ki, həmin şirkət hərracla məşğul olur. Həmin şirkətdə dedilər ki, Cümşüdün elektron kabineti yoxdur. Cümşüdün pulunu onun elektron kabinetinə köçürdü Arifə xanım. Həmin şirkətdə Arifə xanımı yaxşı tanıyırdılar. Onlara dedilər ki, bu şirkət hərrac keçirəcək və onlar da pullarını əşya qismində alacaqlar. Həmin şirkət də indi yoxa çıxıb. Onlar ancaq Arifəni tanımışlar. Arifə xanım onlara demişdi ki, o da həmin oyunu oynayır, ancaq onlar Arifə xanımı “Tesline” şirkətinin nümayəndəsi kimi tanıyırdılar. Onlara “Tesline” şirkətindən hər ay 40% gəlir verəcəkləri vədini vermişdilər. Lakin onlar pulun mənbəyini araşdırmamışdılar. Arifə demişdi ki, şirkətə qoyulan pul kompaniyalara qoyulub, ondan sonra faiz əldə edilib, onların da faizini verəcəklər. O, “Tesline” şirkətinə özü 1000 manat, oğlunun adından 200 dollar və işçisinin adından 300 manat pul qoymuşdur. O, qoyduğu puldan hər hansısa faiz götürməmişdir. Onun qoyduğu pulun üstünə faiz gələrək 4000 manat olmuşdu və həmin 4000 manat puldan bir qəpik də götürməmişdi. Arifə son dəfə ona demişdi ki, faizini götürsün, çox yığılmağa qoymasın, o isə bildirmişdir ki, qoy bu ay da qalsın, gələn ay götürər. Onun 4000 manatı da belə itmiş oldu. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayt işinin başlanması rədd edilməsi və vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokuroru ədliyyə müşaviri Hidayət Nurəlibəyovun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi, materialın əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X2 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanması rədd edilməsi və vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı izahatında göstərdiklərini təkzib edərək, İddiaçı qarşı hər hansı bir formada dələduzluq etmədiyini, sonuncunun verdiyi pulu internetdə balansa qoyduğunu və ondan asılı olmayan səbəblərdən pul qoyduğu “Tesline-Coin” internet portalında coinin dəyərini itirdiyi üçün qoyulan pulun dəyərinin ölməsi səbəbilə İddiaçı və onun kimi bir çoxlarının pulunu itirdiyini bildirmişdir. İş materiallarında olan Kərimli Şərif, İddiaçı, Aqafonova Tatayana və Cavabdeh tərəfindən imzalanmış “Ərizə-İltizam”dan görünür ki, ““Tesline” kompaniyasında gözlənilməz maliyyə problemləri yaranması ilə bağlı, mən Kərimli Şərif, kömək qismində Cavabdeh hədiyyə kimi 70 coin, belə ki, o da Onelife kompaniyasının partnyorudur (1 coinin kurs üzrə 30 evro olduğu üçün 2000 evro) və özünün Onelife kabinetindən Princ 86 loqin adı altında, eləcə də, “Tesline” şirkətində eyni vəziyyətdə olan İddiaçı adına da hədiyyə olaraq 85 coin (2500 evro) Onelife kabinetindən Princ 86 loqin adı altında almışdır. Və həmin vaxtdan Arifə xanıma heç bir pritenziyamız yoxdur və bunu şahidlərin iştirakı ilə öz imzamızla təsdiq edirik. Əgər Tesline” şirkəti öz fəaliyyətini bərpa edərsə, bu müqavilə ləğv olunacaqdır. 13 iyun 2019-cu il tarixdən hər dəfə Princ 86 kabinetinə 10 coin köçürülür, ümumi məbləğ 155 coin təşkil edir”. Təqdim olunmuş “Tesline” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, 3000 ABŞ dolları məbləğində vəsait 30 may 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir. Məhkəmə iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh iddiaçı kimi “Tesline” saytının iştirakçısı olmuş və iddiaçının xahişi ilə onun saytda qeydiyyatdan keçməsinə, yəni adına loqin və parolun açılmasına köməklik etmişdir. “Tesline” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat ekvivalentində 3000 ABŞ dolları məbləğində vəsait 30 may 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir. İş materiallarında olan Kərimli Şərif, İddiaçı, Aqafonova Tatayana və Cavabdeh tərəfindən imzalanmış “Ərizə-İltizam”dan görünür ki, cavabdeh özü kimi “Onelife” şirkətinin iştirakçısı olan Kərimli Şərifin adına internet resursunda açılmış elektron kabinetinə, həmin günə 1 ədədinin dəyəri 30 Avro təşkil edən, ümumilikdə 85 ədəd (2550 Avro) “Coin”i (kriptovalyuta) iddiaçının xeyrinə hədiyyə olaraq köçürmüşdür və iddiaçı cavabdehə qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 05 avqust 2022-ci il tarixli və 24 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarları ilə iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin sonuncu tərəfdə saxlanması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 21-ci maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi 5000 manat pulun cavabdehdən tutulması əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar