Məhkəmə qərarları › İş №2(009)-1861/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1861/2025

15.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1861/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 manat pulun və 100 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir tanyır. Cavabdeh iddiaçıdan 11.000 manat borc pul istəmişdir. Daha sonra həmin puldan 3000 manat qaytararaq, qalıq borcu olması barədə öz əlyazısı və imzası ilə iddiaçıya 8000 manat borcu olmasına dair qəbz vermişdir. Bir müddətdən sonra iddiaçı borcunu tələb etsə də, cavabdeh borcu ödəməkdən imtina etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli qəbzdə cavabdehin iddiaçıya 3000 manat borclu olduğu yazılmış və o, həmin qəbzi bu mətnlə imzalamışdır. İddiaçı sonradan qəbzə öz xətt yazısı ilə dəyişiklik edərək, 3000 manat yazılmış yazıda 3 rəqəmini dəyişdirərək 8 etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli qəbzdə onun İddiaçı 8000 manat borclu olduğu qeyd edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 24 sentyabr 2025-ci il tarixli rəyində qeyd edilir ki, təqdim edilmiş “Mən Cavabdeh” sözü ilə başlayıb “Cavabdeh” sözü ilə bitən qəbzin 3-cü sətrində olan “8000” rəqəmlərdəki “8” rəqəmin yerində “3” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılaraq indiki rəqəm icra edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə tərəflər arasında borc münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan geri qaytarmaq şərti ilə borc pul almış, lakin məbləği hazırki vaxta kimi geri qaytarmamışdır. Məhkəmə ekspert rəyini mötəbər sübut növü kimi qəbul edərək qeyd edir ki, iddiaçının cavabdehin ona 8000 manat borclu olduğunu bildirməsinə baxmayaraq, işdə olan ekspert rəyi ilə təsdiq olunur ki, cavabdeh tərəfindən tərtib edilmiş qəbzdə cavabdehin borclu olduğu məbləğ kimi əslində 3000 manat yazıldığı halda, iddiaçı sonradan rəqəmlərə müdaxilə edərək, həmin məbləği 8000 olaraq dəyişdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 3000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən borc məbləğini iddiaçıya ödəməsi ilə bağlı məhkəməyə təqdim edilmiş qəbzlərə münasibətdə qeyd edir ki, həmin qəbzlərdən görünür ki, müxtəlif tarixlərdə Xavər adlı şəxsə müxtəlif məbləğlərdə pul ödənilmişdir. Cavabdeh bu məbləğlərin iddiaçıya ödənildiyini bildirsə də, qəbzlərdən həmin vəsaitlərin iddiaçıya deyil, başqa şəxsə ödənildiyi görünür. Bu isə cavabdehin 3000 manat borcu iddiaçıya ödəməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. AR Mülki Məcəlləsinin: 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3000 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar