Məhkəmə qərarları › İş №2(009)-187/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-187/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-187/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi F.Ə.Xəlilovun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun qardaşı X5 xx.xx.2020-ci il tarixdə “kəskin aorta disseksiyası (Tip A). Arterial gipestenziya İİİ mər.” diaqnozu ilə Cavabdeh MMC-yə yerləşdirilmişdir. Cavabdeh MMC-dən pasiyentin təcili olaraq əməliyyat edilməsinin zəruriliyi xəstə yaxınlarına bildirilmişdir. Həmin tarixdə onunla Cavabdeh MMC arasında “X23 xidmət müqaviləsi” imzalanmışdır. Mərhum X2 gedən zaman şüurlu yerində olmuş, fiziki cəhətdən sağlam olmuş və xx.xx.2020-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyat icra edən zaman X3 qohumları Klinikanın yeməkxanasında gözləmişlər. Onlar təxminən 5-6 saat gözlədikdən sonra əməliyyat barədə onlara məlumat verilmədiyindən narahat olub əməliyyatın icra edildiyi 6 və 7-ci mərtəbəsinə qalxmışlar. Bu zaman həmin mərtəbədə mühafizəçidən X6 qohumları onun əməliyyatı barədə soruşmuş, mühafizəçidən hər hansı bir məlumat verə bilməyəcəyini bildirmişdir. Bu zaman adını bilmədikləri tibb bacısı onlara yaxınlaşmış və əməliyyatın davam etdiyini bildirmişdir. Həmin anda eyni mərtəbədə yerləşən konfrans otağından X6 əməliyyatını icra etməli olan X21in iki nəfər tanımadıqları mülki geyimli şəxslərlə birlikdə çıxdığını görmüşlər. Kamran X1 yaxınları görən zaman yenidən konfrans otağına qayıdıb qapını bağlamışdır. Bundan sonra X21in köməkçisi və özü həmin otaqdan çıxaraq onları içəri dəvət etmişlər. Onlar X21dən nə üçün əməliyyatda olmadığını və onlara əməliyyat barədə məlumatın verilməməsini soruşduqda, sonuncu hər şeyin yaxşı olduğunu, səbrli olmaqlarını bildirmiş və əməliyyatın digər həkimlər tərəfindən tamamlandığını bildirmişdir. Bundan sonra həkim Kamran X1 Klinikanın reanimasiya şöbəsinə yerləşdirilməli olduğunu bildirərək əlavə olaraq 5.000 manat məbləğində pul ödənilməli olduğunu bildirmişdir. O, məcburiyyət qarşısında qalaraq həmin pul vəsaitini ödəmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Klinikadan mərhumun qohumlarına zəng edərək xəstəxanaya gəlmələri və xəstənin dünyasını dəyişdiyini bildirmişlər. Meyitə baxan zaman mərhumun qohumları görmüşdür ki, X6 baş və boğaz nahiyələrində kəsiklər mövcuddur. Bu zaman iddiaçı və mərhumun ailə üzvləri əməliyyatın video görüntülərini və tərtib edilmiş əməliyyat protokollarını tələb etsələr də, Cavabdeh MMC həm video görüntüləri, həm də tərtib edilmiş əməliyyat protokollarını verməklən boyun qaçırmışdır. Onlar xəstənin reanimasiya şöbəsində qalması üçün ödənilmiş pul vəsaitini geri tələb etdikdə isə hər hansı pul vəsaitinin onlara qaytarılmayacağını bildirmişlər. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 17.332 manat məbləğində pul ödənilmişdir. Həmin pulun 12.000 manatının əməliyyatın icra edilməsi üçün, yerdə qalan 5.000 manat məbləğində pulun isə depozit olaraq Klinikanın hesabında saxlanılacağı, zərurət yaranarsa həmin pul vəsaitindən çıxılacağı ona bildirilmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli “X23 Xidmət Müqaviləsi” imzalanan zaman ödənilməli məbləğ hissəsi boş olmuş, iddiaçı həmin müqaviləni imzalandıqdan sonra ödənilməli məbləğ hissəsində “17.004” manat qeyd edilmişdir. O, vəkil sorğusu ilə Cavabdeh MMC-yə müraciət edilərək, İddiaçı tərəfindən ödənilmiş 17.332 manat məbləğində pulun sərfiyyatının, yəni xərclərin açıqlamasının verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən həmin sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli, 36022 nömrəli məktubla bildirilmişdir ki, “xx.xx.2020-ci il tarixli “X23 Xidhmət Müqaviləsi”nə əsasən, əlavə yatış günləri,əlavə cərrahi müdaxilə və əlavə göstərilən xidmətlərin dəyəri müqavilə ilə nəzərdə tutulan məbləğə daxil deyildir və əlavə olaraq ödənilməlidir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyin maddi və mənəvi məsuliyyətini Xəstə və Xəstə yaxını öz üzərinə götürür və ödənilən məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Xəstə və Xəstə yaxını göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxana və tibb heyəti barəsində heç bir halda şikayətçi olmayacağını və ödənilən pul məbləğinin geri qaytarılmayacağını qəbul edir”. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli “X23 Xidmət Müqaviləsi” və “X23 Xidmətə Xəstə Yaxını Razılıq Bildirişi”ndən aydın olur ki, X3 qardaşı İddiaçı 17.004 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə ödəməsini öz öhdəsinə götürmüşdür. Lakin, 473888 nömrəli xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən (5.332 manat) və xx.xx.2020-ci il tarixli 441763 nömrəli mədaxil qəbzindən (12.000 manat) aydın olur ki, İddiaçı Cavabdeh MMC-yə ümumilikdə 17.332 manat məbləğində pul ödəmişdir. Belə olan təqdirdə müqavilədə nəzərdə tutulmadığı halda və mədaxil qəbzlərində ödənişin təyinatı barədə qeyd göstərilmədiyi halda əlavə 328 manat məbləğində pul vəsaitinin İddiaçı hansı səbəbdən alınması qeyri müəyyəndir. Bununla bağlı cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli 112/S saylı sorğu ilə təkrar müraciət edilərək X3 qardaşı İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş cəmi 17.332 manat məbləğində pulun sərfiyyatının, yəni xərclərin açıqlamasının verilməsini xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq 36343 nömrəli xx.xx.2020-ci il tarixli məktubla tibbi xərclərin siyahısı təqdim edilmişdir. Həmin cədvəldən görünür ki, xəstənin müalicəsi və əməliyyat olunması üçün sərf edilmiş məbləğ ümumilikdə 18.114,59 manat təşkil etmiş, mərhumun yaxınları tərəfindən isə 17.332 manat məbləğində pul vəsaiti ödənilmişdir. Təqdim edilən cədvəldən belə aydın olur ki, guya X6 yaxınlarının hələ Klinikaya 782.58 manat borcu mövcuddur. xx.xx.2020-ci il tarixli “X23 Xidmət Müqaviləsində” ödənilməli olan məbləğ 17.004 manat göstərilmiş, 473888 nömrəli xx.xx.2020-ci il tarixli mədaxil qəbzi ilə 5.332 manat, xx.xx.2020-ci il tarixli 441763 nömrəli mədaxil qəbzi ilə 12.000 manat, cəmi olaraq klinikaya 17.332 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən sonuncu göstərilmiş qiymət cədvəlində isə (xüsusi blankla çap edilməli olduğu halda çap edilməmişdir) ümumilikdə 18.114,59 manat məbləğində pul vəsaitinin xərcləndiyi qeyd edilmişdir. Göründüyü kimi, müqavilədə, qiymət cədvəlində və mədaxil qəbzlərində ödənilməli olan məbləğ barədə fərqli rəqəmlər mövcuddur. Cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirmədiyi üçün onun tərəfindən ödənilmiş 17.332 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, həmçinin tibbi müdaxilədən imtina etmək pasiyentin hüquqlarıdır. Lakin X23 xidmətə xəstə yaxını razılıq bildirişini X3 qardaşı İddiaçı imzalamışdır. Xəstə yaxınlarının dediklərindən aydın olur ki, X10 xx.xx.2020-ci il tarixdə klinikaya daxil olan zaman şüuru yerində olmuş, fiziki cəhətdən sağlam olmuş və xx.xx.2020-ci il tarixdə əməliyyat olunmuşdur. Yəni, tibbi müdaxiləyə özü şifahi və könüllü razılıq vermək iqtidarında olmuşdur. Belə olan halda, həmin müqavilənin xəstə yaxını tərəfindən, yəni iddiaçı tərəfindən imzalanması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olmuşdur. Cavabdeh təşkilat onun, yəni iddiaçının ağır vəziyyətdə olmasından istifadə edərək həmin müqaviləni tələm-tələsik imzalatdırmışdır. Bundan başqa, onun tərəfindən cavabdeh 17.332 manat məbləğində pulun ödənilməsini təsdiq edən 441763 və 474888 nömrəli mədaxil qəbzləri də mövcuddur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-15 nömrəli xx.xx.1999-cu il tarixli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 143 nömrə ilə qeydiyyata alınmış “Ciddi hesabat blanklarının forma və rekvizitləri və onlardan istifadə qaydalarına” əsasən mədaxil qəbzi ciddi hesabat blankıdır. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhurlə təsdiq edilir. Nəğd vəsaitlərin kassaya mədaxili müəssisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzanədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. İddia ərizəsinə əlavə edilən mədaxil qəbzlərinin əslindən aydın olur ki, həmin qəbzdə səlahiyyətli şəxsin imzası mövcud deyil və o, qanuni müvafiq qaydada möhürlənməmişdir. Xəstə yaxınları cavabdeh təşkilatdan əməliyyatın icra edilməsini təsdiq edən video görüntüləri və əməliyyat protokollarını tələb etsələr də, Cavabdeh MMC tələb olunan sənədləri verməkdən imtina etmişdir. Cavabdeh vurduğu maddi ziyanla yanaşı, həmçinin iddiaçıya 100.000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludur. Hesab edir ki, Cavabdeh MMC-dən ödənilmiş 17.532 manat məbləğində pul vəsaiti və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-dən 17.532 manat maddi və 100.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi olmaqla, cəmi 117.532 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Kamran həkimlə görüşdə onun köməkçsi Cəmilə xanım da iştirak etmiş, əməliyyat pulunun məbləğini Cəmilə xanım ona bildirmiş, cərrahi əməliyyatı üçün 11600 manat, depozit pulunun 5332 manat olduğunu bildirmiş, bir dəfə 5332 manat, sonra isə 12000 manat məbləğində ödəniş etmişdir. Əməliyyat pulundan artı məbləğin nə üçün tələb edilməsi soruşulanda ona demişlər ki, cərrahiyyə əməliyyatından sonra xəstə 3 gün reanimasiyada, 6 gün isə palatada qalmalıdır. Bu xərc xəstəyə 9 gün ərzində çəkiləcək xərcdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, ekspert rəyini mötəbər hesab etmir. Belə ki, rəy maraqlı tərəf kimi tibb müəssisəsi tərəfindən tərtib edilmiş tibbi sənədlər əsasında verilmişdir. Araşdırma zamanı cərrahiyyə əməliyyatının kim tərəfindən həyata keçirilməsi, əməliyyatın neçə saat davam etməsi, ölümün aparılmış müalicə ilə səbəbli əlaqəsini ekspert aşkara çıxara bilməmişdir və bütün bu hallar tibb müəssisəsinin etdiyi maneələr nəticəsində baş vermişdir. Nə həkim, nə də onun köməkiçisi məhkəmə iclasına gəlib iddia ərizəsində göstərilən halları təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən hesab edir ki, iddia ərizəsində göstərilənlər reallığı əks etdirir. Tələbdə göstərilən maddi və mənəvi ziyan həddində iddiaçıya ziyan dəymişdir. Bu səbəbdən həmin ziyan tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının qardaşı mərhum X4 ağrı, təngənəfəslik şikayəti ilə öncə başqa klinikaya müraciət etmiş və onda aortanın kəskin disseksiyası, yəni aorta damarının cırılması aşkarlanmışdır. Bununla əlaqədar olaraq xəstə xx.xx.2020-ci il tarixdə Cavabdeh müraciət etmiş və ona təxirəsalınmaz cərrahi müalicə məsləhət görülmüşdür. xx.xx.2020-ci il tarixdə xəstəyə əməliyyat icra edilmiş, 19.40 radələrində əməliyyat başa çatmış və xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 15.50 radələrində xəstə vəfat etmişdir. Əməliyyatdan əvvəl risklər barədə xəstəyə və xəstə yaxınlarına məlumat verilmiş və xəstə yaxınlarına izah edilmişdir ki, belə xəstələrin sağalma ehtimalı tibb tarixində 2-3 faizdir. Buna baxmayaraq xəstə yaxınları əməliyyata razılıq vermiş və bununla əlaqədar müvafiq sənədləri imzalamışlar. Xəstənin ölümünün əsas səbəbi onun klinikaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin olmasıdır. Ödənilmiş pul məbləği ilə əlaqədar onu bildirir ki, əlavə göstərilən xidmətlər və tibbi sərflər müqavilədə göstərilən məbləğə aid deyil və əlavə olaraq ödənilməlidir. Təqdim edilən sənədlərdən də aydın olur ki, ümumi tibbi sərf 18.114,59 manat təşkil etmişdir, bununla da 17.332 manat xəstə yaxınları tərəfindən ödənilmişdir. Xəstənin klinikaya 782,58 manat borcu mövcud olsa da, hələlik bu məbləğin xəstə yaxınlarından tələb edilməməsi Klinikanın humanizminin göstəricisidir. Beləliklə iddiaçının iddia tələbi əsassızdır və ödənilən məbləğ arasında yaranan fərq isə qarşı tərəfin müqavilənin şərtlərini ya oxumaması və da özünü bilməməzliyə qoymasından irəli gəlir. Nəzərə alsalar ki, tərəf iddia ərizəsində müqavilənin həmin bəndinə istinad edir belə məlum olur ki, müqaviləni oxuyub və anlayıblar, lakin özlərin bilməməzliyə qoyurlar. Eyni zamanda iddiaçının vəkili vəsatət qalıraraq əməliyyatın video görüntülərini və əməliyyat protokolunun götürülməsini tələb etmişdir. Mərhuma aid bütün sənədlər məhkəməyə təqdim edilir. Video görüntünün tələb olunması ilə əlaqədar bildirir ki, belə əməliyyatda video görüntü olmur. Eyni zamanda ödənilən xidmət haqqından vergi ödənilib-ödənilməməsi barədə sənəd tələb edilməsi isə ümumiyyətlə araşdıran məsələyə heç bir aidiyyəti yoxdur və yəqin ki, heç bir mədaxil qəbzi üzrə ayrı-ayrılıqda verginin ödənilməsi barədə məlumat almaq istəyi ancaq gülüş doğurur. Belə tələblər işin mahiyyəti üzrə araşdırılmasına maneçilik törədir. Ekspert rəyi ilə razıdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş Cavabdeh MMC-nin həkimi cərrah Musayev Kamran oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs Kamran Musayevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının həyat yoldaşıdır, rəhmətə gedən onun qaynıdır. Qaynı əvvəl X19 həkimin yanında müalicə almışdır. Ürəyini kompyüter tomoqrafiyadan sonra Tofiq həkim onlara Kamran həkimi məsləhət görmüşdür. xx.xx.2020-ci ildə yoldaşı və qaynı həkimin yanına gələrək, həkim qaynına təcili əməliyyat lazım olacağını bildirmişdir. Onlar qaynını yaxşı halda xəstəxanaya gətirmişlər. Səhərisi gün onlar xəstəxanaya gəlib aşağıda yeməkxanada gözləmişlər. Əməliyyat təxminən saat 7-8 arası başlamışdır. Əməliyyat zamanı həkim öz kabinetində oturmuşdur. Yoldaşının sualına həkim bildirmişdir ki, o, kabinetdə oturub kompyuterlə əməliyyata baxır, nəzarət edir. Bir müddət sonra onlar yuxarı qalxıb mühafizəçidən soruşmuşlar ki, əməliyyat harada keçirilir. Mühafizəçi əməliyyat otağını göstərmişdir. Cəmilə xanım içəridən çıxdı. Bir müddət sonra Kamran həkim içəridən çıxanda onları qapıda görüb içəri geri çəkilmişdir. Onun sualına Cəmilə xanım əməliyyatın bitməməsini bildirmişdir. Onlar həkimin yanına keçmişlər və həkim onlara əməliyyatın bitməsini, lakin başqa görüşləri olmasını bildirmişdir. Həkim saat 11-də otağında olmuşdur və əməliyyatdan çıxan həkimə oxşamırdı, yəni həkim əməliyyatda deyildi. Həkim onlara əməliyyatın uğurlu olmasını bildirmişdir. Səhərisi gün saat 10.00-da o, xəstəxanaya zəng edərək ona bildirmişlər ki, xəstə aparatdadır. O, xəstəxanaya gələrkən ona bildirmişlər ki, gecə saat 2-də xəstə komaya düşüb bir təhər ayıltmışlar. Əməliyyat pulu onun yoldaşı ödəmiş, 5.700 manat əvvəl, 11.000 manat da sonra ödəmişdir. İş üzrə “Xəstəxana” qismində Cavabdeh MMC ilə digər tərəfdən “Xəstə yaxını” qismində xəstə X6 qardaşı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X23 xidmət müqaviləsi”nin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən Cavabdeh MMC peşəkar həkim və tibbi heyəti vasitəsilə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirir. “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və ya “Xəstə yaxını”nın imzalanmış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə-1-də təqdim olunan “Xəstə razılığı” və ya “Xəstə yaxını razılığı” bildirişlərinə əsasən göstərir. Müqavilənin 2.2.5 və 2.2.6-cı bəndinə əsasən “Xəstə”nin “Xəstəxana” tərəfindən göstərilən tibbi xidmətə qarşılığı olaraq ödədiyi məbləğin fakturasını istəmək və almaq hüququ vardır. “Xəstə razılığı” və/və ya “Xəstə yaxını razılığı” bildirişinə əsasən həyata keçiriləcək nadir (xüsusi) əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyatdan sonra ciddi ağırlaşmaların (ağciyər yetməzliyi, attelektaz, pnevmoniya, ölüm və s.) ola biləcəyi MK və MMC həkimləri tərəfindən izah edilir. İzah olunanlara əsasən “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın dr. Kamran Musayev tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini öz üzərlərinə götürür. “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən göstəriləcək tibbi xidmətin “Qiymət Cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini “Xəstəxana”ya vaxtında və əksiksiz olaraq ödəyir və ödəmiş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən “Xəstə” və ya “Xəstə yaxını” hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Xəstə” və ya “Xəstə yaxını” göstərilən tibbi xidmətin, qarşılığı olan 17004 manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. İş üzrə xx.xx.2020-ci il tarixli “X23 xidmətə xəstə yaxını razılıq” bildirişinin kserosurətindən görünür ki, xəstə X6 qardaşı İddiaçı bəyan edir ki, tələbinə əsasən xəstəyə həyata keçiriləcək tibbi xidmətlərin və əməliyyatın yüksək dərəcəli riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyat zamanı və əməliyyatdan sonra ciddi ağırlaşmaların, o cümlədən ölüm halının baş verə biləcəyi Cavabdeh MMC həkimləri tərəfindən ona izah edilmişdir. İzah olunanlara əsasən o, azad iradəsi ilə tibbi xidmətlərin və əməliyyatın Cavabdeh MMC həkimləri tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq göstərilən tibbi xidmətlərə görə xəstəxanaya ödədiyi 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında tibbi arayışının kserosurətindən görünür ki, xəstə X10 “Kəskin aorta disseksiyası (Tip A), arterial hipertoniya İİİ mər.” diaqnoz ilə xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə xəstəyə aorta disseksiyasının ləğvi, qalxan aorta protezləşdirilməsi əməliyyatı icra olunmuşdur. xx.xx.2020ci il tarixdə saat 15.50 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq bioloji ölüm qeyd alınmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən təqdim edilmiş xəstə X6 tibbi sənədlərdən görünür ki, Müzəffər Zeynalov sinədə ağrı, təngnəfəslik şikayətlərlə xx.xx.2020-ci il tarixdə klinikaya cərrahi müalicə üçün daxil olmuş, xəstəyə aortanın kəskin disseksiyası (Tip A), arterial hipertoniya İİİ mər.diaqnozu təyin olunmuş, xəstənin ümumi vəziyyəti ağır olmuşdur, xəstəyə təxirəsalınmaz cərrahi müalicə məsləhət götürmüş və ÜDC reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəyə xx.xx.2020-ci il tarixdə ümumi anesteziya altında SQD-nin tətbiqi ilə “Aortanın kəskin Tip A disseksiyasının ləğvi + Hemiarcus protezləşdirilməsi (28 mm Dakron qreft”) cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra onu xx.xx.2020-ci il tarixdə 19.40-da anestezioloq nəzarətində nisbi stabil vəziyyətdə ÜDC reanimasiya şöbəsinə gətirilmişdir.Ümumi vəziyyəti ağırdır, huşu medikametoz yuxudadır. xx.xx.2020-ci il tarixdə saat 10.00 xəstənin ümumi vəziyyəti ağırdır, huşu medikamentoz yuxudadır. Xəstəyə yüksək doz üçlü inotrop (adrenalin, noradrenalin, dopamin), İABP (1:1) və ECMO dəstəyinə baxmayaraq dərinləşən hipotenziya fondunda saat 15.00-da xəstənin monitorunda bradikardiya ardından asistoliya görülmüşdür. Dərhal genişləndirilmiş reanimasion tədbirlərə başlanılmış, göstərilən yardım fonundan xəstənin ritmini bərpa etmək mümkün olmadı və saat 15.50-də bioloji ölüm təsdiqlənmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ƏFB seriyalı 473888 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Müzəffər Zeynalovun müalicəsi üçün 5332 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ƏFB seriyalı 441763 mədaxil qəbzinin kötüyündən görünür ki, Müzəffər Zeynalovun müalicəsi üçün 12000 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, xəstə X6 ümumi tibbi sərfiyyat xərcləri 18.114,59 manat təşkil etmiş, 17.332 manat ödənilmiş, 782,58 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, X5na Cavabdeh MMC-də göstərilmiş tibbi yardıma baxmayaraq baş vermiş bioloji ölüm halı ilə əlaqədar olaraq xəstəyə açılmış tibbi sənədlər Klinika tərəfindən araşdırılmış, müayinə və müalicə zamanı həkim səhvinin olmadığı aşkarlanmışdır. Qeydə alınmış bioloji ölüm faktının mərhumun xəstəxanaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin ağırlaşmaları ilə əlaqədar olması müəyyən edilmişdir. X3 qardaşı İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli “X23 Xidmətə Xəstə Yaxını Razılıq Bildirişi”nə əsasən həyata keçirilən əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq (həkim səhvi istisna olmaqla) xəstəxanaya ödənilən pul məbləğinin geri qaytarılmayacağı xəstə yaxını tərəfindən qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli “X23 Xidmət Müqaviləsi”nə əsasən əlavə yatış günləri, əlavə cərrahi müdaxilə və əlavə göstərilən xidmətlərin dəyəri müqavilədə nəzərdə tutulan məbləğə daxil deyildir və əlavə olaraq ödənilməlidir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini Xəstə və Xəstə yaxını öz üzərinə götürür və ödənilən məbləğin jeri qaytarılmayacağını qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən Xəstə və Xəstə yaxını göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxana və tibbi heyət barəsində heç bir halda şikayətçi olmayacağını və ödənilən pul məbləğinin geri qaytarılmayacağını qəbul edir. Bütün bunları nəzərə alaraq bildirmək istəyirlər ki, tərəflər arasında bağlanan müqavilə tamamilə qanunvericiliyə uyğundur və tərəflərin iradə azadlığını nümayiş etdirir. İş üzrə Cavabdeh MMC tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki,X5na Cavabdeh MMC-də göstərilmiş tibbi yardıma baxmayaraq baş vermiş bioloji ölüm halı ilə əlaqədar olaraq xəstəyə açılmış tibbi sənədlər araşdırılmış, müayinə və müalicə zamanı həkim səhvinin olmadığı aşkarlanmışdır. Qeydə alınmış bioloji ölüm faktının mərhumun xəstəxanaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin ağırlaşmaları ilə əlaqədar olması müəyyən edilmişdir. X14 xəstəxanaya daxil olarkən vəziyyətini nəzərə alaraq və bu barədə xəstə yaxınlarına ətraflı məlumat verilərək dərhal ürək-damar cərahiyyəsi reanimasiya şöbəsinə yerləşdirilmişdir. Reanimasiyaya yerləşdirilən və ağır vəziyyətdə olan xəstəyə qol çəkdirməyin tibbi nöqteyi nəzərdən imkansız olduğunu nəzərə alaraq xəstə yaxınları özləri sənədə imza almışlar. Məhkəmə tərəfindən təyin edilmiş 560/KEŞ saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1,2,5-ci suallar üzrə: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X10 xx.xx.2020-ci il tarixdə saat 15.04-də döş nahiyyəsində ağrı və təngnəfəslik şikayətləri ilə Cavabdehnın ürəkdamar cərahiyyəsi şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Aortanın kəskin disseksiyası (Tip A); arterial hipertoniya İİİ mərhələ” diaqnozu düzgün təyin edilmişdir. Aparılmış instrumental müayinələr zamanı aorta valve səviyyəsindən başlanaraq sağ ona femoral arteriyada sonlanan disseksiya xətti, yalançı lumen hesabına anevrizmatik dilatasiya, ciddi kompressiya və disseksiyon fleb (SMA) olduğunu nəzərə alaraq xəstənin üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. - 3-cü sual üzrə: X10 Cavabdehya daxil olarkən onun ümumi vəziyyəti ağır, huşu isə aydın olmuşdur. - 4-cü sual üzrə: “X23 müdaxiləyə razılıq bildirişi”ni kim tərəfindən imzalanmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. - 6,9,14-cü suallar üzrə: X6 üzərində təxirəsalınmaz qaydada icra edilmiş “Aortanın kəskin Tip A disseksiyasının ləğvi, Hemiarcus protezləşdirilməsi (28 mm dacron qreft)” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. - 7-ci sual üzrə: X6 müəyyən edilən cərrahi patologiyalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. - 8-ci sual üzrə: X6 əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmişdir. - 10-cu sual üzrə: Təbbi təcrübəyə əsasən hər bir operativ ürək əməliyyatlarında ölüm riski mövcuddur. - 11,13-cü suallar üzrə: X6 meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmadı. 12-ci sual üzrə: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X6 üzərində xx.xx.2020-ci il tarixdə cərahiyyə əməliyyatı icra edilmiş və əməliyyatda sonra xəstəyə dinamik nəzarət təmin edilmişdir. Lakin göstərilmiş ixtisaslı tibbi yardımlara baxmayaraq stabilləşmənin əldə edilməsi mümkün olmamış və xx.xx.2020-ci il tarixdə saat 15.50-də bioloji ölüm faktı qeydə alınmışdır. 15-ci sual üzrə: tibbi sənədlərdə X6 üzərində aparılmış cərrahiyyə əməliyyatının müddəti (ə/b; ə/q) qeyd edilməmişdir. 16-cı sual üzrə: X6 üzərində icra edilmiş cərrahiyə əməliyyatından sonra onun vəziyyəti ağır kimi qiymətləndirilmiş, huşu medikamentoz yuxuda, tənəffüsü süni tənəffüs aparatında, ECMO və hemofiltrasiya dəstəyi altında olmuşdur. Xəstənin koma vəziyyətində olması barədə tibbi sənədlərdə qeydiyyat aparılmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC (bundan sonra Xəstəxana) arasında xx.xx.2020-ci il tarixdə “X23 xidmət haqqında” müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Xəstəxana tibbi xidmətləri “Xəstə” və ya “Xəstə yaxını”nın imzalanmış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə-1-də təqdim olunan “Xəstə razılığı” və ya “Xəstə yaxını razılığı” bildirişlərinə əsasən göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən “Xəstə razılığı” və ya/və ya “Xəstə yaxını razılığı” bildirişinə əsasən həyata keçiriləcək nadir (xüsusi) əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyatdan sonra ciddi ağırlaşmaların (ağciyər yetməzliyi, attelektaz, pnevmoniya, ölüm və s.) olabiləcəyi Xəstəxananın həkimləri tərəfindən izah edilmişdir. “Xəstə” üzərində əməliyyatın Xəstəxananın həkimi Dr.Kamran Musayev tərəfindən həyata keçirilməsini razılaşdırılmış və əməliyyatın və göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyətsizliyinin maddi və mənəvi məsuliyyətini “Xəstə” və və/və ya “Xəstə yaxını” öz üzərinə götürmüşdür. “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tibbi xidmətlərin göstərilməsi müqaviləsinə əsasən Xəstəxana tərəfindən xəstə X10 üzərində xx.xx.2020-ci il tarixdə cərrahiyə əməliyyatı aparılsa da həmin əməliyyat onun sağalması üçün nəticə verməmiş və xəstə M.Zeynalov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli “X23 xidmət haqqında” müqaviləsinə əsasən iddiaçı tərəfindən Xəstəxananın hesabına xx.xx.2020-ci il tarixdə 5332 manat, xx.xx.2020-ci il tarixdə 12000 manat məbləğində pul mədaxil edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Xəstəxana xx.xx.2020-ci il tarixli “X23 xidmət haqqında” müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, müqaviləyə əsasən əməliyyat Xəstəxananın həkimi Kamran Musayev tərəfindən icra olunmalı olduğu halda, onun tərəfindən icra olunmamışdır. Əməliyyat günü iddiaçı həkimi konfrans otağında iki nəfər kənar şəxslərlə görüşdüyünü görmüş, bunun səbəbini, yəni həkimin əməliyyatda olmamasını soruşduqda o, əməliyyatın başa çatdığını və tamamlama işlərinin başqa həkimlər tərəfindən aparılmasını bildirmişdir. Bundan başqa iddiaçı ilə Xəstəxəna arasında olan razılığa əsasən əməliyyatın 12000 manat pulun müqabilində göstərilməsi razılaşdırılmış, 5332 manat isə xəstənin əməliyyatdan sonra reanimasiya otağında qalması üçün ödənilmişdir(depozit kimi ödənilmişdir). Müqaviləni imzalayan vaxt ödənilməli olan məbləğin qrafası Xəstəxana tərəfindən boş saxlanılmış və göstərilməmişdir. 17004 manat məbləğ isə müqaviləyə sonradan əlavə edilmişdir ki, onun qaytarılması qeyri-mümkün olsun. Əməliyyatın uğursuz aparılması səbəbindən qardaşı vəfat etmiş və vəfat etdiyi üçün Xəstəxananın reanimasiya otağında qalmamışdır. Bu səbəbdən iddiaçı xəstənin reanimasiyada saxlanılması üçün ödədiyi 5332 manat məbləğində pulu ona geri qaytarılmasını tələb etmiş, lakin Xəstəxana həmin məbləği ödəməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh müqaviləyə əsasən üzərində düşən öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi üçün, ödənilmiş 17332 manat ona geri qaytarılmalıdır. İddiaçının irəli sürdüyü digər dəlilləri ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçının ağır vəziyyətdə olmasından istifadə etmişdir. Belə ki, xəstə (mərhum) Müzəffər Zeynalov xx.xx.2020-ci il tarixdə əməliyyat olunmuş, Xəstəxanaya müraciət edən vaxt onun şüuru yerində olmuş və fiziki cəhətdən sağlam olmuşdur. Əməliyyatdan sonra X21 xəstənin reanimasiya şöbəsinə yerləşdirməli olmasını bildirərək əlavə olaraq reanimasiyada qalması üçün pul ödənilməsini istəmişdir. İddiaçı məcburiyyət qarşısında və çıxılmaz vəziyyətdə qaldığı üçün həmin pulu ödəmişdir. Lakin qardaşı elə həmin vaxt vəfat etdiyi üçün və reanimasiya şöbəsində qalmadığı üçün, hesab edir ki, həmin pul onlardan əsassız alınmışdır. Digər tərəfdən müqaviləyə yazılmış məbləğ sonradan əlavə olunduğuna görə və əməliyyatın 12000 manata olunması razılaşdırıldığına görə, iddiaçı həmin pulun qaytarılmasını tələb etmiş, lakin xəstəxana həmin pulu qaytarmamışdır. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi səbəbindən ödənilmiş 17332 manatın və vurulmuş mənəvi ziyana görə 100.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən tibbi xidmətin lazımi qaydada və müqavilə ilə tələb olunan səviyyədə göstərilməməsi ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı müqaviləyə əsasən əməliyyatın Kamran Musayev tərəfindən aparılmalı olduğu halda, onun tərəfindən aparılmadığını iddia edir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq üçün iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin olunaraq aparılan əməliyyata dair Xəstəxanada olan video görüntülərin götürülməsi ilə bağlı qərardad qəbul edilmişdir. Lakin əməliyyatın aparılması ilə bağlı Xəstəxanada videoçəkiliş aparılmadığı üçün göstərilən görüntülərin götürülməsi mümkün olmamışdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı əməliyyatın müqaviləyə əsasən X21 tərəfindən aparılmamasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi üçün, eyni zamanda məhkəmə tərəfindən belə bir sübutların da əldə edilməsi mümkün olmadığı üçün, məhkəmə iddiaçının bu dəlillərini əsassızhesb edir. Məhkəmə Xəstəxana tərəfindən aparılmış əməliyyatın müqaviləyə uyğun aparılmaması ilə bağlı iddiaçının dəlilləri üzrə qeyd edir ki, həmin dəlillərdə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi-ekspertizasının rəyi ilə təsdiq edilmişdir ki, X10 üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş, aparılmış cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, müəyyən edilən cərrahi patologiyalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuş, onun əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmiş, onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. X22 Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X12rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə iddiaçının mərhum qardaşı üzərinə cavabdeh Xəstəxana tərəfindən göstərilmiş tibib xidmətin müqaviləyə uyğun olmaması, aparılmış əməliyyatın müvəffəqsizliyinin Xəstəxananın təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığından, iddiaçı həmin əsaslara görə müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını haqlı hesab edilə bilməz. AR Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin qiyməti 17004 manat göstərilsə də, iddiaçı tərəfindən Xəstəxaanya 17332 manat ödənilmişdir. Həmin məbləğin 11600 manat hissəsi cərrahiyyə əməliyyatı üçün razılaşdırılmış, digər hissəsi isə xəstənin əməliyyatdan sonrakı dövr üçün xəstəxanada qalması üçün. Belə ki, iddiaçı məhkəmə iclasında göstərmidir ki, əməliyyatın qiyməti (11600 manat) Xəstəxananın baş həkimi Kamran Musayevin öz kabinetində, köməkçisi Cəmilə xanımın iştirakı ilə razılaşdırılmışdır. Əməliyyatın məbləği razılaşdırıldıqdan sonra ona müqavilə təqdim edilmiş və o, həmin müqaviləni imzalamışdır. Bu dəlilləri yoxlamaq üçün məhkəmə tərəfindən həm Xəstəxananın direktoru Kamran Musayev, həm də onun köməkçisi Cəmilə xanım şahid qismində ifadə vermək üçün məhkəmə iclasına dəvət edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd edir ki, Xəstəxananın direktoru Kamran Musayev, həm də onun köməkçisi Cəmilə adlı şəxs şahid qismində məhkəmə iclasına gəlmədikləri üçün, tibbi xidmətlərin göstərilməsi ilə bağlı ödənilmiş 17332 manatın yalnız 11600 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün nəzərdə tutulmasının sübut etmək yükü iddiaçının üzərinə qoyula bilməz. X21 həm Xəstəxananın direktoru kimi, həm də müqaviləni bilavasitə icra etməli olan şəxs kimi cərrahiyyə əməliyyatının məbləğini danışmağa səlahiyyətli olan şəxs olub. Lakin müqavilədən göründüyü kimi orada konkret olaraq göstərilməmişdir ki, ödənilən pulun hansı hissəsi cərrahiyyə əməliyyatı üçün, hansı hissəsi əməliyyatdan sonrakı günlər üçün nəzərdə tutulur. Yəni müqavilədə ödənilən pulun ümumi olaraq tibbi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, bu halları sübut etmək yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi tək cərrahiyyə əməliyyatı üçün xəstəxana tərəfindən 18114,59 manat xərclənməsini göstərsə də, bu hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim olunmuş xərclər barədə “XQS681440” saylı cədvəli isə məhkəmə mötəbər sübut kimi qəbul etmir, çünki həmin sübut kifayət qədər güclü deyil. Digər tərəfdən iddiaçının müqavillədə göstərilən məbləği deyil, daha artıq pul ödəməsi, müqavilədə göstərilən məbləğin qələmlə yazılması da belə nəticəyə gəlməyə əsas verir ki, müqavilə qiyməti sonradan, yəni imzalandıqdan sonra da əlavə edilə bilər. Bu ehtimal real və mümkün olduğu üçün, məhkəmə bu ehtimalı qəbul edir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilən 17332 manat pulun yalnız cərrahiyyə əməliyyatı üçün nəzərdə tutulması ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərini məhkəmə əsaslı hesab etmir . “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X22 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iddiaçının Xəstəxanaya ödədiyi 17332 manatın 5732 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün deyil, əməliyyatdan sonra xəstənin reanimasiyada və palatada müalicə alması üçün nəzərdə tutulması ilə bağlı dəlillərini əsaslı qəbul edərək hesab edir ki, cavabdeh tərəfindən qaytarılmadaqdan imtina olunmuş həmin məbləğ iddiaçıya geri verilməlidir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik qismən icra olunduğu üçün, yəni cərrahiyyə əməliyyatı müqavilə üzrə yerinə yetirilsə də, digər xidmətlər xəstəyə göstərilmədiyi üçün, həmin xidmətlərin göstərilməsi üçün ödənilməsi təsdiq olunan 5732 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 100.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qardaşı üzərində keçirilmiş cərrahiyyə əməliyyatının iş üzrə toplanmış sübutlara əsasən taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi və təyin edilmiş diaqnoza uyğun olması təsdiq olunduğundan, iddiaçı qardaşının əməliyyatdan sonra vəfat etməsinə istinad edib ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə iddiaçının qardaşının vəfat etməsi ilə bağlı sarsıntı, iztirab və digər psixoloji narahatlıqlar keçirilməsini qəbul edir. Lakin mənəvi ziyanın “Azərbaycan Respublikası Mülki Məcələlsinin 23-cü maddəsinin şərh edilməsi haqqında” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçının qardaşının əməliyyatdan sonra vəfat etməsi cavabdehin hərəkətləri nəticəsində baş vermədiyindən, eyni zamanda iddiaçı Xəstəxana ilə müqavilə bağlayarkən cərrahiyyə əməliyyatın riskli olmasını qəbul edib ona razılıq verdiyi üçün, o, həmin əməliyyatın sonrakı gedişatı ilə bağlı baş vermiş hadisəyə görə mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməsində haqlı deyil. Digər tərəfdən xəstəxana tərəfindən xəstənin əməliyyatdan sonrakı xərcləri üçün nəzərdə tutulan pulun iddiaçıya qaytarılmaması və ödənilən pulun tam şəkildə cərrahiyyə əməliyyatı üçün nəzərdə tutulduğunu iddia etməsi kimi hərəkətlər nəticəsində iddiaçıya mənəvi ziyanın vurulması məhkəmə tərəfindən müəyyən edilmədiyindən və iddiaçı bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi mənəvi ziyanı görə 100.000 manat pulun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5732 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 5762 (beş min yeddi yüz altmış iki) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar