Məhkəmə qərarları › İş №2(009)-1889/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1889/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1889/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli , İddiaçı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, Bakı şəhəri, Səbail rayonu, Abbaszadə 17, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilin və həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi 24 kv.m olan qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi öhdəliyinin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, məhkəmələr MPM-ə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüququ və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasında DƏDRX-nin iddiaçının əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün müraciətinə imtina etməsi və iddiaçı tərəfindən bu imtinanın mübahisələndirilməsi durur. DƏDRX inzibati orqan olduğundan və iddiaçı tərəfindən DƏDRX-nin imtinasının əsassızlığı mübahisələndirildiyindən hazırki tələb inzibati məhkəmə icraatının baxış predmeti olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, onun hazırkı iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar