Məhkəmə qərarları › İş №2(009)-189/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-189/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-189/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi T.Q.Adıgözəlovanın iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən törədilən mülkiyyətə qəsdin və başqa maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən törədilən mülkiyyətə qəsdin və başqa maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən ona məxsusdur. Onun mənzilinin üstündə yerləşən 22 saylı mənzilin sahibi və iş üzrə Cavabdeh dəfələrlə onun mənzilinə kanalizasiya suyu axıdaraq ona zərər vurmuşdur. Bu barədə cavabdehə müraciət edərək bu problemin həll edilməsini xahiş etsə də, cavabdeh tərəfindən bu məsələ həll edilməmiş və sonuncu dəfə xx.xx.2022-ci ildə cavabdeh tərəfindən yenə də onun mənzilinə kanalizasiya suyu axıdılaraq ona xeyli miqdarda təqribən 2500 manat məbləğində zərər vurulmuşdur. Belə ki, otağın tavanı bərbad vəziyyətə düşmüş, eyni zamanda çılçıraq, kondisioner sıradan çıxmış, habelə divar və divar kağızları da kanalizasiya suyunun dəfələrlə axıdılması nəticəsində xarab olmuşdur. Bununla bağlı Səbail rayonu 45 saylı MKİS tərəfindən akt tərtib edilmişdir. Bu barədə dəfələrlə cavabdehə müraciət edərək, məsələnin sülh yolu ilə həll etməsini, cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini (yəni suyun axıdılması nəticəsində mənzilə dəymiş zərər) və yaxud zərər vurulmuş hissənin təmir etdirməsini xahiş etdiyinə baxmayaraq, cavabdeh tərəfindən bu məsələnin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi iztirablar və əsəb gərginliyi keçirmişdir. Belə ki, bu hal dəfələrlə baş verdiyindən və cavabdehin belə saymazyana hərəkətləri səbəbindən keçirdiyi mənəvi iztirablar və zərəri 2000 manat həcmində dəyərləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən törədilən mülkiyyətə qəsdin və başqa maneələrin aradan qaldırılması, kanalizasiya suyunun axıdılması nəticəsində vurulmuş 2500 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdehin mənzilində həmişə kirayəşinlər yaşamış, sonradan cavabdeh mənzilini təmir etdirmiş, bununla da onun evinə axan suyun qarşısı artıq alınmışdır. Lakin vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qismən qəbul edərək öz izahatında göstərmişdir ki, anasına məxsus evdə kiaryəşinlər yaşamış, həqiqətən kirayəşinlər yaşadığı müddətdə iddiaçının mənzilinə su axmışdır, ziyan da dəymişdir, lakin onların mənzildən iddiaçının mənzilinə su axıdılsa da, dəyən ziyan məbləği bir o qədər deyil, təxminən ziyan məbləği 1000 manat təşkil edə bilər. Anası xəstə olduğu üçün uzun müddət ziyanı aradan qaldıra bilməmişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 11 nömrəli evin, 101,4 kv.m. ümumi, 54,8 kv.m. yaşayış, 46,6 kv.m. yardımçı sahəsindən ibarət 5 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə ,X2 (2 otaq, xx.xx.2007-ci il tarixdən), X4 (1 otaq, xx.xx.2012-ci il tarixdən) adlarına daşınmaz əmlakın dövlət reyestrində 336 nömrəli reyestr kitabının 31397 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə 45 saylı MKİS-nin mühəndisi M.Mahmudov, sahə bələdçiləri X.Mahmudlu, A.Mahmudov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İbrahim Məmmədov küçəsindəki 11 saylı evin 5 saylı mənzilinin sahibi İddiaçı şikayətinə əsasən mənzilə texniki baxış keçirmək üçün həmin ünvanda olmuşlar. Mənzil iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Baxış zamanı məlum olmuşdur ki, həmin evin ikinci mərtəbəsində yerləşən 22 saylı mənzilindən (sahibi Cavabdeh) orada yaşayan kirayəşinlərin məsuliyyətsizliyi ucbatından kanalizasiya və su axıdılması nəticəsində 1-ci mərtəbədə İddiaçı məxsus 5 saylı mənzilin tavanına, divarlarına elektrik xətlərinə və avadanlıqlara maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10/537-9/661 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən: -1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 5 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 22 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 22 saylı mənzilin dəhliz-mətbəx və yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 11 saylı evin 5 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdılığı və nəticədə 5 saylı mənzilin dəhliz-mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur; -2-ci və 3-cü suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 11 saylı evin 5 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1908,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 11 saylı evin 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə (1 otaq) iddiaçının mülkiyyətindədir. Cavabdeh isə həmin evin 22 saylı mənzildə yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan mənzilinə kanalizasiya suyu cavabdehin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə və mənzildə olan avadanlıqlara maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulması məhkəmədən xahiş etmişdir . Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçıya paylı mülkiyyət hüququ üzrə məxsus olan 5 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzildən su axıdılığı və nəticədə 5 saylı mənzilin iddiaçının istifadəsində və mülkiyyətində olan dəhlizmətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Eyni zamanda su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 1908 manat lazım olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə 45 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə kanalizasiya suyun axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində mülkiyyətə qəsd və başqa maneənin aradan qaldırılması və vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 2500 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 1908 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 1908 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissədə qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 1908 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş 2000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 2000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1908 (bir min doqquz yüz səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xercinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar