Məhkəmə qərarları › İş №2(009)-1906/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1906/2021

12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1906/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və ali təhsil müəssisəsinə bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun universitetin tələbləri sırasından xaric edilməyinə dair Cavabdeh rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmr ləğv edilməsinə və onun Cavabdeh Rus İqtisad Məktəbi fakültəsinin “Maliyyə” (rus bölməsi) ixtisasına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İddiaçı Ukraynanın Donetsk vilayətinin Yenakiyeva şəhərində anadan olmuş və orta təhsilini Ukraynada başa vuraraq əcnəbi vətəndaş kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarmın xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarına əsasən Cavabdeh (UNEC) Rus iqtisad Məktəbi fakültəsinə “maliyyə” ixtisası üzrə qəbul olunmuşdur.Tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmiş, təhsil müddəti ərzində qaydalara tam riayət etmiş, həmçinin həmin il üçün müəyyən edilmiş müvafiq imtahanları verməklə tədris ilini başa vurmuşdur. Təhsilimin 2-ci ilinin birinci yarım ilində də müəyyən olunmuş təhsil haqqını ödəmiş, imtahanlarını uğurla vermiş və semestri başa vurmuşdur. Daha sonra cavabdeh Universitet (rektor Ə.Muradov) 18 mart 2021-ci il tarixli 160/4/2021 saylı Əmrlə İddiaçı və bir neçə əcnəbi tələbəni universitetdən heç bir əsas olmadan xaric etmişdir. Əmrdə qeyd edilmişdir: “əcnəbi tələbələr (o cümlədən İddiaçı) tələb olunan sənədləri təqdim etmədiklərinə görə 12.03.2021-ci il tarixindən universitetin tələbələri sırasından xaric edilsinlər”. Elə həmin Əmrdə qeyd edilmişdir ki, Əmrin qəbul edilməsinə əsas universitetin Beynəlxalq əməkdaşlıq departamentinin direktorunun təqdimatıdır. Universitetin qeyd olunan əmri qanunsuz və əsassızdır. Belə ki, bu Əmrdə göstərilən hallardan heç biri mövcud deyildir. Universitetə qəbul olunarkən İddiaçı tələb olunan sənədləri təqdim etmişdir. Əks təqdirdə ümumiyyətlə Universitetə qəbul olmağı, 1-ci kursun imtahanlarını müvəffəqiyyətlə verməklə bitirməyi, habelə 2-ci kursun birinci yarım ilində də imtahanları keçməklə semestri başa vurmağı mümkünsüz olardı. Adıçəkilən əmr 08.06.2021-ci il tarixdə rəsmi qaydada İddiaçı təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Universitetin (rektor Ə.Muradov) 18 mart 2021-ci il tarixli 160/4/2021 saylı Əmri qanunsuzdur, əsassızdır və İddiaçı münasibətdə ləğv edilməlidir: İlk növbədə qeyd edilməlidir ki, mübahisə edilən Əmr 18.03.2021-ei ildə qəbul edilməsinə baxmayaraq İddiaçı Universitetdən xaric olunma tarixi 12.03.2021-ci il olaraq qeyd edilmişdir. Bundan əlavə, əsassız Əmrdə Universitet qanunla nəzərdə tutulmuş hansı sənədləri təqdim edilmədiyini, bu hal ilə qanunvericiliyin hansı tələbinin pozdulduğu əsaslandırmamış, habelə hansı hüquq normasının tələbinə əsasən bu pozuntunun İddiaçı Universitetdən xaric olunmağına əsas olduğunu göstərməmişdir. Bununla da qanunvericilik, ədalətlilik və mütənasiblik prinsiplərinə zidd əmr qəbul etmişdir. Universitet müvafiq əmrində heç bir tutarlı əsas gətirə bilməzdi, çünki bu Əmr tam qanunsuz və əsassızdır. Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş qaydalarda müəyyən edilmiş tələbənin təhsil müəssisəsindən xaric edilməsi üçün əsas olan hallardan heç biri Universitetin 18.03.2021-ci il tarixli əmrində göstərilməmiş və bu da bir daha həmin əmrin qanunsuz olduğunu sübut edir. Universitetlə İddiaçı arasında ödənişli təhsil almaq haqqında müvafiq müqavilə bağlansa da həmin müqavilənin surəti İddiaçı təqdim edilməmişdir. Eyni zamanda İddiaçı müvafiq əmrlə Universitetə maliyyə ixtisası üzrə tələbə olaraq qəbul edilmişdir, lakin bununla bağlı əmrin surəti də İddiaçı təqdim edilməmişdir. Məhkəmədən qeyd olunan müqavilə və əmrin surətinin Universitet tərəfindən məhkəməyə təqdim edilməsinin tələb edilməsini də xahiş edir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı ilə Universitet arasında mülki hüquqi münasibətlər müqavilə əsasında yaranmışdır və İddiaçı əcnəbi kimi təhsil müəssisəsində Universitetlə bağlanmış müqavilə əsasında təhsil almışdır. Belə olan halda, tərəflər arasında müqavilə əsasında yaranmış hüquq münasibətlərinə son qoyulması yalnız bağlanmış müqaviləyə xitam verilməsi yolu ilə mümkündür. Lakin göründüyü kimi Universitet yalnız əmr qəbul edilməklə İddiaçı universitetdən xaric etmiş və bununla da mülki qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı dəqiqləşdirmək üçün vəsatətlə müraciət edərək, məhkəmədən Cavabdeh rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmr İddiaçı münasibətdə ləğv edilməsini və İddiaçı Cavabdeh Rus İqtisad Məktəbi fakültəsinin “Maliyyə” (rus bölməsi) ixtisasına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək izahatında bildirmişdir ki, universitetə qəbul olan zaman universitet tərəfindən hansı sənədlər tələb olunmuşdursa hamısı təqdim olunmuşdur. Lakin, iddiaçı 18 mart tarixli əmrlə univeristetə düzgün qəbul edilmədiyinə görə universitetdən xaric olunmuşdur. Əmr 18 mart 2021-ci il tarixdə qəbul olunmasına baxmayaraq, universitetdən xaric olunma tarixi 12 mart 2021-ci il qeyd olunmuşdur. İddiaçı tərəfindən ödənişlər vaxtında həyata keçirilmiş, bütün semestr imtahanları müvəffəqiyyətlə verilmişdir. Əgər hansısa sənəd əksik idisə, bu zaman universitetə qəbul etməzdilər. Universitet nə iddiaçı tərəfindən ödənilən təhsil haqqını qaytarır, nə də diplom verir. 18.03.2021-ci il tarixli əmr qanunsuz və əsassız olduğundan əmrin ləğv olunmasını, iddiaçının Cavabdeh Rus İqtisad Məktəbi fakültəsinin “Maliyyə” (rus bölməsi) ixtisasına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan PU194934 nömrəli pasportun surətindən görünür ki, İddiaçı 09.09.1988-ci il tarixdə Ukrayna Respublikasının Donetsk vilayətində anadan olmuşdur. Ukrayna Respublikasının vətəndaşıdır. İş materiallarında olan UNEC Cavabdeh 18 mart 2021ci il tarixli 160/4/2021 nömrəli Əcnəbi tələbələrin xaric olunması haqqında əmrindən çıxarışdan görünür ki, beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müraciəti nəzərə alınaraq əcnəbi tələbə İddiaçı tələb olunan sənədləri təqdim etmədiyinə görə 12.03.2021-ci il tarixindən universitetin tələbələri sırasından xaric edilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, “X2rşı” § 13442 və s.). Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Konvensiya və Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən ifadə azadlığına müdaxilə qanunda nəzərdə tutulmalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən ifadə azadlığının ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir, insan hüquqlarına və azadlıqlarına qoyular məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir əsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Resput kasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanun məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə Konvensiya və Konstitusiyaya zidd sayılır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.1.5-ci maddəsinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əlavə əsasən Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilənin nümunəsi təsdiq edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təhsilmüəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir: 3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə; 3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə; 3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında mülki hüquqi münasibətlər müqavilə əsasında yaranmışdır və iddiaçı əcnəbi kimi təhsil müəssisəsində cavabdehlə bağlanmış müqavilə əsasında təhsil alır. Belə olan halda tərəflər arasında müqavilə əsasında yaranmış hüquq münasibətlərinə son qoyulması yalnız bağlanmış müqaviləyə xitam verilməsi yolu ilə mümkündür. Lakin göründüyü kimi cavabdeh yalnız əmr qəbul edilməklə iddiaçını universitetdən xaric etmiş və bununla da mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hətta qanuni məqsəd olsaydı belə, Cavabdeh iddiaçını universitetə daxil olduğu il deyil, onun 1 il ərzində təhsil almasını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmr İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı Cavabdeh Rus İqtisad Məktəbi fakültəsinin “Maliyyə” (rus bölməsi) ixtisasına tələbə kimi bərpa olunsun. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar