Məhkəmə qərarları › İş №2(009)-1946/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1946/2021

23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1946/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 - Cavabdeh qarşı «ziyan tələbi» barədə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 - Cavabdeh qarşı «ziyan tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində maddi və mənəvi ziyanın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş gəlininin dayısı Cavabdeh 31 may 2019-cu il tarixdə iddiaçının yaşadığı mənzilə gələrək, onun həyat yoldaşını təhqir edəcək sözlər işlətmiş, iddiaçıya hədə-qorxu gəlmişdir. Buna qonşular da şahiddir. Bu ahqda Binəqədi rayon 40-cı polis bölməsinə yazılı surətdə müraciət edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir. Bu hadisə ilə əlaqədar güclü stress keçirdiyi üçün iddiaçı Respublika klinik xəstəxanasına aparılmışdır. Həmin anda huşunu itirdiyi üçün hadisənin necə baş verdiyini xatırlamır. Müalicə müddətində iddiaçı 5.000 manatadək ziyana düşmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Respublika Klinik Xəstəxanasının 31 may 2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xəstəxananın İ sinir xəstəlikləri şöbəsində “Keçici mənşəli işemik tutmalar və oxşar sindromu” diaqnozu ilə stasionar müalicədədir. Məhkəmə qeyd edir ki, iddia tələbi onun əsaslarına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının iddia etdiyi kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan dəyməsi və xəstəxana arayışında qeyd olunan səhhətində yaranmış narahatlıqların məhz cavabdeh tərəfindən törədilmiş hərəkətlər nəticəsində yarandığı iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbi “maddi ziyan” hissəsində təmin edilmədiyindən tələb “mənəvi ziyan” hissəsində də təmin edilməməlilidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X1 - Cavabdeh qarşı «ziyan tələbi» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar