Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1951/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə 15300 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 65300 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, o, hazırda müvəqqəti qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 1 ünvanında 1993-cü ildən bəri məcburi köçkün olaraq yaşayır. 05.04.2018-ci il tarixində özünü hər kəsə iş adamı, vəkil olaraq tanıdan hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilinin qapısını qıraraq daxil olmuş və mənzilini talan etmişdir. Cavabdeh həmin tarixdən bir gün əvvəl, yəni 04.04.2018-ci il tarixində onun inzibati həbs edilməyi barədə məlikəmə qərarı çıxartdırmış və onu həbs etdirərək onun yaşayış ünvanına qanunsuz olaraq daxil olmuşdur. Cavabdehin mənzilinə daxil olarkən ona vurduğu maddi ziyanla bağlı siyahı aşağıdakı kimidir: nağd pul-5000 manat, təndir-400 manat, toyuq 29 ədəd-290 manat, yataq dəsti (2 nəfərlik)-1500 manat, yataq dəsti (uşaq üçün) 2ədəd-450 manat, kostyum 1 dəst-700 manat, stul 4 ədəd-120 manat, su çəni 1 ədəd-150 manat, su matoru 1 ədəd (yeni)-45 manat, rakvin- 1ədəd-120 manat, ariston 1 ədəd-180 manat, toyuq hini və qəfəslər-1500 manat, yemək qazanı 2ədəd-80 manat, mis (qırıntı) 60 kq-300 manat, aliminum (qırıntı) 50 kq-150 manat, ev qapıları 2ədəd-500 manat, hamam qapısı-200 manat, televizor (Sony)-300 manat, ayaqqabı (yeni)-35 manat, divan-400 manat, tozsoran-120 manat, su hamam kanalizasiya-2000 manat, sərinkeş-60 manat, tərəzi-50 manat, xalça (4x3 ölçüdə)-500 manat, elektrik sobası (arı markalı)-150 manat. Bütün bu olan hadisələrlə bağlı içərisində foto və video çəkilişlər olan diski də iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edir. Həmin görüntülərdən də görünür ki, cavabdeh onun yaşayış sahəsinə qanunsuz olaraq girmiş və özünü bir növ həmin ərazinin sahibi kimi aparmışdır. Bütün bu olanlarla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmiş və məsələ ilə bağlı izahat vermişdir, lakin qanuni müraciətləri cavabsız qalmışdır. Cavabdeh qeyri-qanuni hərəkətinin nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Buna görə də hesab edir ki, Cavabdeh ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 15300 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 65300 manat məbləğində ziyan (zərər) dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək, əsassız olduğundan rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, mübahisəli zirzəmidən daim o istifadə etmiş və orada hər cür şərait yaratmışdır. İddiaçı 2005-ci ildə həmin ünvana gələrək, həmin zirzəmidə yaşamağa ondan icazə istəmiş və o da ona icazə vermişdir. O, 2009-cu ildə həmin zirzəmini həyat yoldaşının adına özəlləşdirmişdir. Sonra ona məlum oldu ki, iddiaçı ona məxsus zirzəmini başqa bir şəxsə kirayəyə vermişdir. İddiaçının zirzəmidən çıxarılması barədə 2009-cu ildən məhkəmə qətnaməsi olsa da, hal-hazıradək həmin qətnamə icra olunmamışdır. Zirzəmidə olan əşyaların əksəriyyəti ona məxsusdur. 2018-ci ildə iddiaçı xuliqanlıq etdiyi üçün 10 sutka həbs olunmuşdur. İddiaçı həbs olunduğu müddətdə o, iddiaçıya aid olan əşyaları başqa bir yerdə yığmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya onun 5000 manat pulu götürülüb, əyər onun pulu olsa idi, o, tələb olunan alimenti ödəyərdi. İddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan AR Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin 25.05.2018-ci il tarixli, 02/685 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsində olan məlumata əsasən məcburi köçkün İddiaçı 2012-ci ilədək ünvan 2 ünvanında, daha sonra Səbail rayonu Ə.Nəzərov 1-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 15-2011 saylı, 01.07.2009-cu il tarixli arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 14, mənzil 12-də qeydiyyatdan keçmişdir, Ə.Nəzərov küçəsi 1-də (yarımzirzəmidə) yaşayır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 06.02.2009-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0.08312 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın yarımzirzəmisində 243.5 kv.m ümumi, 243.5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail rayon məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı Ə.Hacıbalayevin icraata başlamaq haqqında 01.02.2010-cu il tarixli qərarından görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-204/2009 saylı, 10.02.2009-cu il tarixli icra sənədinə əsasən İddiaçı və X2 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən 243,5 kv.m. qeyriyaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əidə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Bununla əlaqədar məhkəmə əvvəlcə iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfındən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmadı. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutları təqdim etmədi. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə 15300 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində əlavə mənəvi təzminatın olmaqla, cəmi 65300 manat ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyekti hüquqa malik deyildir. Məhkəmə hesab edir ki, iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi təmin edilmədiyindən, müvafıq olaraq, tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır, belə ki, həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onun mövcudluğu halında məhkəmə tərəfındən qiymətləndirilərək münasibət bildirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən maddi və mənəvi ziyanla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul və maddi- mənəvi təzminatın» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və maddi- mənəvi təzminatın» tələblərinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1951/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1951/2021
13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver