Məhkəmə qərarları › İş №2(009)-1951/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1951/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1951/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş real zərərin əvəzi olaraq 1500 manat, əldən çıxmış faydanın əvəzi olaraq 1000 manat, mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh2 özünü ona “World” Karyera və Peşə Mərkəzinin direktoru kimi təqdim edərək 3 övladına alman dili öyrədəcəyini və uşaqların Almaniya Respublikasına getməsini təşkil edəcəyini və buna görə bütün sənədləşməni həll etməyini bildirmişdir. Bunun üçün 2024-cü ilin mart ayında ünvan 1 ünvanına gələrək orda Cavabdeh2 İlə görüşmüş, cavabdeh ona dedi ki, 3 uşağı üçün ilkin ödəniş olaraq 1500 manat pul ödəməlidir. Bütün il ərzində isə uşaqlarına görə cəmi 4500 manat pul ödəməlidir. İlkin ödəniş olaraq 1500 manatı Cavabdeh2 ödəmişdir. Bununla əlaqədar olaraq cavabdeh ona bir sənəd göstərib demişdir ki, bu həmin təhsillə əlaqədar olan müqavilədir. Həmin müqavilə deyilən sənəddə uşaqlarına aid heç bir söz yazılmamışdır. Bu müqaviləni cavabdeh kiminlə bağlamışdır məlum deyil. Tərəf yerində tələbə sözü yazılmış amma tələbənin heç bir məlumatları göstərilməmişdir. Həmçinin, həmin sənədi ona izah etməmiş və oxumamışdır. Müqavilə deyilən sənəddə qanunvericilikdə təsbit olunmuş müqavilənin standart şərtlərinə əməl edilməmişdir. Bu sadəcə olaraq cavabdehin mənafeyinə xeyir verən bir yazı parçasıdır. Həmin sənəddə yazılıb ki, “Ödəniş məbləği heç bir halda geri qaytarılmır”. Bu da müqavilənin standart şərtlərinə tamamilə ziddir. Bütün bunlar onu göstərir ki, cavabdehin məqsədi təhsil vermək deyil tələbə dediyi şəxslərdən pul mənimsəməkdir. Pulu ödədikdən sonra uşaqlar dərsə getməyə başladılar. Lakin dərslərin gedişindən görürdü ki, cavabdeh uşaqlarına alman dilini öyrətmir. Dərslər vaxtlı vaxtında keçilmir. Bunu cavabdehə bildirdikdə ona demişdir ki, guya övladları dil öyrənə bilmir, buna görə də onları Almaniya Respublikasına göndərə bilməyəcəkdir. Lakin cavabdehlə razılaşmaları ondan ibarət idi ki, uşaqlar mütləq Almaniyaya göndəriləcəkdir. Bundan sonra ona aydın oldu ki, cavabdeh uşaqlarına alman dili öyrətməmiş və uşaqlarını Almaniyaya göndərmək planı yoxdur. Bundan sonra cavabdehdən ilkin olaraq ödədiyi 1500 manatı geri tələb etmişdir. Lakin daha sonra cavabdeh onun telefon zənglərinə cavab vermədi. Telefona cavab verdikdə də onu təhqiramiz sözlərlə təhqir edirdi. Beləliklə, cavabdeh 1500 manat pulumu ondan uşaqlarına dərs keçmək adı ilə almış, lakin dərs keçməmiş və bununla da necə aylardı pulunu ələ keçirərək ona həm maddi həm də mənəvi zərər vurmuşdur. Keçən müddət ərzində o, çox iztirab çəkmişdir. Həm uşaqlarının vaxtı getmiş və əvəzində dərs öyrənməmişlər. Ona görə də cavabdehin ona qarşı qanunsuz hərəkətlərindən və pulunu ələ keçirdiyi üçün polis orqanına şikayət etmişdir. Lakin cavabdehin barəsində cinayət işi açılmadı. Həmçinin cavabdeh bu vaxta kimi pulunu geri qaytarmamışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı X1 04 avqust 2024-cü il tarixdə şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda ona bu işlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ da izah edilmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşaqlarının təhsili üçün verdiyi pulu min bir zəhmətlə qazanaraq əldə etmişdir. Artıq 6 aydan çoxdur ki, həmin pul cavabdehdədir. Cavabdeh həmin puldan öz mənfəəti üçün istifadə edərək faydalanmışdır. Buna görə ona xeyli miqdarda zərər dəymişdir. Həmin pul özündə olsaydı keçən müddət ərzində özü ondan faydalanacaqdı. Beləliklə, cavabdehdən ona vurduğu real maddi zərərə görə 1500 manata əldən çıxmış faydaya görə 1000 manat + mənəvi zərərə görə 2000 manat məbləğində pul tələb edir. Cavabdeh 1500 manatı ondan almaqla evində hər hansı normal yaşayış olmamış və buna görə də ailəsində söz söhbət olmuş bu da ona iztirab verərək mənəvi ziyana uğramışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, müqavilə onun gəlini ilə cavabdeh arasında bağlansa da, kurs üçün pulu o özü ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, tələbə ilə Məmmədova Nərmin arasında bağlanan 6912 saylı müqavilədən görünür ki, 1. bu Müqavilənin predmeti Şirkət tərəfindən “tələbə”yə xidmət haqqı ödənilməklə ona alman dili kurslarının göstərilməsinə dair öhdəlikdir. Şirkət tərəfindən göstərilmiş xidmətə görə “tələbə” 3 x 500 manat xidmət haqqı ödəyir. Ödəniş intervalı 28-30 gün müddətində dəyişir. 2. Kursun müddəti ən azı 12 ay təşkil edir. 6. Ödənilmiş məbləğ geri qaytarılmır. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, tələbə ilə Məmmədova Nərmin arasında bağlanan 6912 saylı müqaviləyə əsasən, 1. bu Müqavilənin predmeti Şirkət tərəfindən “tələbə”yə xidmət haqqı ödənilməklə ona alman dili kurslarının göstərilməsinə dair öhdəlikdir. Şirkət tərəfindən göstərilmiş xidmətə görə “tələbə” 3 x 500 manat xidmət haqqı ödəyir. Ödəniş intervalı 28-30 gün müddətində dəyişir. 2. Kursun müddəti ən azı 12 ay təşkil edir. 6. Ödənilmiş məbləğ geri qaytarılmır. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İddiaçı barəsində verdiyi şikayət ərizəsi ilə tanış olmuş, İddiaçı əvvəllər ünvan 2 ünvanında rəhbərlik etdiyi X3 Məktəbi şirkətinə 2024-cü ilin mart ayında gəlib müqavilə bağlamış, müqavilənin şərtlərində qeyd olunduğu kimi İddiaçı gətirdiyi 3 nəfər şəxsə alman dilini öyrətməli imişlər, həmin şəxslər kursa qoşuldular və 3 nəfər qarşılığında 1500 manat pul vəsaiti ödəmişlər, təxminən 2-3 ay həmin şəxslər kurs keçdikdən sonra onların alman dilini qavraya bilmədiklərini görmüş və bu vəziyyətdə ikinci mərhələyə yəni, “Ausbildung” mərhələsinə keçməyləri mümkün deyilmiş, həmin mərhələ isə Almaniyada peşə təhsili mərhələsi idi, ikinci mərhələyə keçən tələbələrlə yenidən müqavilə bağlanır və xaricdə təhsil müqaviləsi hesab edilir, bu barədə İddiaçı məlumat vermiş, həmin şəxslərə müqavilədə olduğu kimi sadəcə 1 il müddətinə alman dilini öyrətməyi təklif etmiş, eləcə də başqa avropa ölkələrinə getməyi də təklif etmiş, eləcə də ona 3 nəfərin alman dili dərslərinə 1 il müddətinə gələ biləcəyini demiş, lakin ona qarşı təhqiramiz ifadələr işlətmiş aldatdığını bildirmiş, ona verdiyi pulu geri tələb edirmiş, bağlanmış müqavilədə 3 nəfər şəxsin 1 il müddətinə yalnızca alman dili tədris ediləcəyi nəzərdə tutulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında müqavilənin oğlunun yoldaşı ilə cavabdeh arasında bağlanmasını, lakin pulun önun tərəfindən ödənilməsini qeyd etmişdir. Müqavilədən də görünür ki, adı qeyd edilməsə də, müqavilə “tələbə” tərəfindən imzalanmışdır. Bununla belə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, müqavilədə alman dili öyrədilməsi nəzərdə tutulmuşdur. Uşqalar bir müddət kursa getmiş, lakin sonradan getməmişlər, getdikləri müddət üçün hər birinə 500 manat olmaqla ümumilikdə 1500 manat ödəniş edilmişdir. Məhkəmə, iddiaçının “cavabdehlə razılaşmaları ondan ibarət idi ki, uşaqlar mütləq Almaniyaya göndəriləcəkdir” –dəlilinə münasibət bildirərək qeyd edir ki, müqavilədə belə bir şərt nəzərdə tutulmamışdır. Həmçinin müqavilədə ödənilən məbləğin geri qaytarılmaması da öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbi əsassız olduğundan, mənəvi zərərin əvəzinin tutulması tələbi isə törəmə tələb olmaqla əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar