Məhkəmə qərarları › İş №2(009)-1994/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1994/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1994/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta şirkəti ASC-nin – cavabdehlər Cavabdeh və “xxxx” Dövlət Sığorta şirkətinə qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta şirkəti ASC – Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Skoda Fabia” markalı, H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 820 (səkkiz yüz iyirmi) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 850,40 (səkkiz yüz əlli manat qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri Səbail RPİ-nin DYPİ-nin xx.xx.2017-ci il tarixli KYP seriyalı 687381 saylı İnzibati tənbəh vermə haqqında Protokolunda öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli Hesabata uyğun olaraq, “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilə 2345 (iki min üç yüz qırx beş) manat ziyan dəymişdir. xx xxxxxx 2017-ci il tarixli 035454 saylı sığorta aktına əsasən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza xx.xx.2017-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC ödənildiyindən zərər məbləği tam olaraq, yəni 2345 manat servisin hesabına köçürülmüşdür. “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx Dövlət Sığorta Şirkətində mülki məsuliyyətin İcbari sığorta növü ilə sığortalı olduğundan “xxxx Dövlət Sığorta Şirkəti tərəfindən 1525 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkətinə ödənişlimşdir. Göstərilənlərə əsasən hesab edir ki, ümumi zərər məbləğindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçı tərəfindən ödənilmiş 1525 manat çıxılmaqla (2345-1525=820) qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş qalıq 820 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq onun xeyrinə tutulmalıdır. Sonradan İddiaçı Sığorta şirkəti ASC-nin nümayəndəsi iddia tələbi həcminin artırılması barədə ərizə verərək, “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 820 (səkkiz yüz iyirmi) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, cəmi 850,40 (səkkiz yüz əlli manat, qırx qəpik) manat cavabdehlər “xxxx” Dövlət Sığorta Şirkətindən və Cavabdeh müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta Şirkətində könüllü Sığorta növü ilə sığortalanmış “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər yetirilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli Hesabata uyğun olaraq, “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilə 2345 (iki min üç yüz qırx beş) manat ziyan dəymişdir. xx xxxxxx 2017-ci il tarixli 035454 saylı sığorta aktına əsasən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza xx.xx.2017-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC ödənildiyindən zərər məbləği tam olaraq, yəni 2345 manat servisin hesabına köçürülmüşdür. “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Dövlət Sığorta Şirkətində mülki məsuliyyətin İcbari sığorta növü ilə sığortalı olduğundan İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 2345 manat “xxxx” Dövlət Sığorta Şirkətindən subroqasiya qaydasında tələb olunmuş, lakin “xxxx” Dövlət Sığorta Şirkəti 1525 manat sığorta ödənişini həyata keçirmişdir. Göründüyü kimi, “xxxx” Dövlət Sığorta Şirkəti qanunla üzərinə düşən öhdəliyin tam icra edilməməsi səbəbindən cavabdeh qismində cəlb edilməsi məqsədəmüvafiqdir. Bu səbəbdən də hesab edirlər ki, ümumi zərər məbləğindən ödənilmiş 1525 manat çıxılmaqla qalıq 820 manat “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətinin icbari sığorta növü ilə sığortalamış sığortaçı “xxxx” Dövlət Sığorta Şirkətindən və cavabdeh X2 tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın tələbinin və iddia tələbi həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini ona aid hissədə qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə onun idarə etdiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi törədərək “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomoiblə maddi zərər yetirmişdir. Onun idarə etdiyi avtomobil mülki məsuliyyətin icbari sığorta növü ilə sığortaçı “xxxx” Dövlət Sığorta Şirkətində sığortalandığından İddiaçı Sığorta şirkəti ASC-yə sığorta məbləği də tam olaraq həmin Sığorta Şirkəti tərəfindən ödənilməlidir. Göstərinlənləri nəzərə alaraq iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı Sığorta şirkəti ASC ilə “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta şirkəti ASC-də sığortalanmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 13/16 nömrəli minik avtomobili üçün gediş vərəqinin surətindən görünür ki, “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı X1 “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi sürmək üçün icazə vermişdir. İş materiallarında olan BDYPİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi Cavabdeh etibarnamə verilmişdir. İş materiallarında olan DYPİ-nin xx.xx.2017-ci il tarixli, KYP 687381 nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkətdə olan zaman “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamamış, nəticədə həmin avtomobili arxadan vuraraq maddi zərər yetirmiş, göstərilənlərə əsasən onun barəsində İXM-nin 327.1-ci madəsi ilə inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı Sığorta şirkəti ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 650/2011 saylı sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş hadisəyə görə İddiaçı Sığorta şirkəti ASC-də sığortlanmış “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2345 manat məbləğində sığorta ödənişi “xxxx” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 189072 nömrəli qaimə fakturadan və razılaşma protokolundan görünür ki, “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2345 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair elektoron xidmətdən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş hadisə zamanı “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə “xxxx” Dövlət Sığorta Şirkətində sığortalanmışdır. İş materiallarında olan İddiaçı Sığorta şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 820 manat məbləğində pulu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sığorta şirkəti ASC ilə “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli sığorta şəhadətnaməsinə əsasən sığortalı “xxxx” ASC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta şirkəti ASC-də sığortalanmış və beləliklə tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkətdə olan zamanı “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamamış, həmin avtomobili arxadan vuraraq sonuncuya maddi ziyan yetirmişdir. Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2017-ci il tarixli, KYP 687381 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli hesabatına uyğun olaraq, “Skoda Fabia” markalı H 028 985 dövlət qeydiyyat nişanlı avtomobilə 2345 (iki min üç yüz qırx beş) manat zərər vurulduğu müəyyən edilmiş və xx xxxxxx 2017-ci il tarixli 035454 saylı sığorta aktına əsasən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşiza xx.xx.2017-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-yə ödənildiyindən zərər məbləği tam olaraq, yəni 2345 manat “xxxx” MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Dövlət Sığorta Şirkətində mülki məsuliyyətin İcbari sığorta növü ilə sığortalı olduğundan İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 2345 manat sığorta ödənişinin 1525 manat hissəsi subroqasiya qaydasında “xxxx” Dövlət Sığorta Şirkəti tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmiş, qalan hissə isə ödənilməmişdir. Hazırda İddiaçı Sığorta şirkəti ASC qalan 820 (səkkiz yüz iyirmi) manat sığorta ödənişi məbləğinin subroqasiya qaydasında cavabdehlər “xxxx” Dövlət Sığorta Şirkətindən və Cavabdeh müştərək qaydada tutulmasını xahiş edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.1 və 6.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbini, həmçinin “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində təqsirli bilinməsini, “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” Dövlət Sığorta Şirkətində mülki məsuliyyətin icbari sığorta növü ilə sığorta olunmasını, İddiaçı Sığorta Şirkəti tərəfindən 2345 (iki min üç yüz qırx beş) manat məbləğində sığorta ödənişinin sığortalıya ödənilməsini, üçüncü şəxslərin əmlakına dəyən zərərə görə icbari sığorta müqavilələri üzrə sığorta məbləğinin həddinin qanunvericilikdə 5.000 manat məbləğində müəyyən edilməsini, hazırki işdə isə dəymiş zərərin məbləğinin 2345 (iki min üç yüz qırx beş) manat məbləğində təşkil etdiyini, eləcə də dəymiş zərərin qismən - 1525 (bir min beş yüz iyirmi beş) manat məbləğində “xxxx” Dövlət Sığorta Şirkəti tərəfindən ödənilsə də, qalan 820 (səkkiz yüz iyirmi) manat hissəsinin ödənilməməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının sığorta ödənişini subroqasiya qaydasında tələb etmək hüququ yaranmış və iddiaçı cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətinə qarşı ödənilmiş sığorta ödənişi məbləğində - hazırki halda cavabdeh “xxxx” Dövlət Sığorta Şirkəti tərəfindən ödənilməmiş hissədə - 820 (səkkiz yüz iyirmi) manat məbləğində sığorta ödənişini həmin cavabdehdən geri tələb etməkdə haqlıdır. Odur ki, 820 (səkkiz yüz iyirmi) manat sığorta ödənişi məbləği cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, sığorta hadisəsi zamanı sürücüsünün təqsirli bilindiyi “Opel Zafira” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” Dövlət Sığorta Şirkətində mülki məsuliyyətin icbari sığorta növü ilə sığorta olunmasını, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə icbari sığorta müqaviləsinə əsasən sığorta məbləğinin həddinin qanunvericilikdə 5.000 manat məbləğində müəyyən olunmasını, hazırki işdə isə dəymiş zərərin məbləğinin 5.000 manat məbləğini aşmamaqla 2345 (iki min üç yüz qırx beş) manat məbləğində təşkil etdiyini nəzərə alaraq, sığorta ödənişinin ödənilməmiş hissədə cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətindən tutulmalı olduğu qənaətinə gəldiyindən, sığorta ödənişinin subroqasiya qaydasında müştərək qaydada cavabdeh X2 da tutulması tələbini əsassız hesab edir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və poçt xidməti haqqının əvəzinin 20 manat hissəsi cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulmalı, 10,40 qəpik hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətindən 820 (səkkiz yüz iyirmi) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və poçt xidməti haqqı əvəzinin 20 (iyirmi) manat hissəsi tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilməli, 10,40 (on manat qırx qəpik) qəpik hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Dövlət Sığorta Şirkətindən 820 (səkkiz yüz iyirmi) manat subroqasiya qaydasında sığorta ödənişi məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və poçt xidməti haqqının əvəzinin 20 (iyirmi) manat hissəsi tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar