Məhkəmə qərarları › İş №2(009)-2010/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2010/2022

02.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2010/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “təqsirsizlik prezumpsiyasının pozulmasının tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “təqsirsizlik prezumpsiyasının pozulmasının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 mart 2022-ci il tarixli açıqlamasının onun təqsirsizlik prezumpsiyası hüququnu pozmasının tanınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki-prosessual qanunvericilikdə “cavabdeh” ifadəsi cavab verən mənasında işlədilir, yəni cavabdeh ona qarşı yönələn tələbə cavab verən şəxsdir. Lakin iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddia ərizəsində qeyd edilən tələbə - təqsirsizlik prezumpsiyası hüququnu pozmasının tanınması - məhkəmədə cavab verməli olması ərizədən görünmür. Belə ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü dəlilə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 mart 2022-ci il tarixli açıqlamasının onun təqsirsizlik prezumpsiyası hüququnu pozmasının tanınmasını məhkəmədən xahiş edir. Beləliklə hesab edir ki, iddiaçının irəli sürdüyü təqsirsizlik prezumpsiyası hüququnu pozmasının tanınması tələbinə göstərilən şəxsin hansı şəkildə cavab verməli şəxs olması aydın olmadığı üçün iddia ərizəsi qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “təqsirsizlik prezumpsiyasının pozulmasının tanınması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar