Məhkəmə qərarları › İş №2(009)-2028/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2028/2024

11.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2028/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin rəsmiləşdirilməsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin rəsmiləşdirilməsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Nizami rayon Məhkəməsinin 2(007)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə onun, digər ½ hissədə isə X3 pay hüquqları tanınmışdır. Qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Sözügedən qətnamənin icrası olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzili 2006-cı ildə oğlu X15 tərəfindən alındığı üçün o, da öz payını məhz ona bağışlamaq istəyir. Bu məqsədlə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə olan payının oğlu X10 bağışlamağına köməklik göstərilməsini xahiş etmiş və eyni zamanda mənzilin razılıq əsasında deyil, məhkəmə qətnaməsi əsasında bölündüyünü qeyd etmişdir. Notarius mənzildə kimlərin qeydiyyatda olduğunu soruşanda bildirmişdir ki, mənzildə X5, X13 və oğlu Anarın həyat yoldaşı, uşaqları qeydiyyatdadır. X2 və X6 razılığının tələb olunduğunu bildirmişdir. O, onların razı olmayacaqlarını, X13 cəzaçəkmə müəssisəsində cəza çəkdiyini (oğlu Anarı bıçaqladığı üçün 3 il azadlıqdan məhrum edilib) bildirmişdir. Beləliklə, ünvan 3 notariusu xx.xx.2024-cü il tarixli, X/1319 saylı imtina məktubu verərək, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan həmin ünvana dair bağışlama müqaviləsinin rəsmiləşdirmək mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hesab edir ki, ünvan 3 imtinası qanunsuzdur, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat Konstitusiyadan və qanunun tələblərindən yüksəu hüquqi qüvvəyə malik deyildir. Bu səbəbdən hansısa təlimata görə onun mülkiyyət hüququna sərəncam verə bilməməsi mülkiyyətçi kimi onun hüquqlarını kobud surətdə pozur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzildə qeydiyyatda olan X3 və X6 müvafiq razılığı alınmadan mülkiyyətində olan həmin mənzilin ½ hissəsini oğlu X11 bağışlaması üçün bağışlanma müqaviləsinin rəsmiləşdirilməsinin Bakı şəhəri 46 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh ünvan 3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə İddiaçı, ½ hissədə X3 pay hüquqları müəyyən edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 2 – Yeni qaydalarla: AZ1060, ünvan 1 ünvanında yerləşən mənzili paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2) X3 (xx.xx.2024-cü ildən) və İddiaçı (xx.xx.2024cü ildən) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2024-cü il tarixli arayışa əsasən X5 və X13 ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə ünvan 3 notariusu Tamilla Kərimova tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü tarixli məktubundan görünür ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49cü bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Belə ki, “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş yaşayış yeri üzrə qeydiyyatda olan şəsxlərə dair məlumatdan çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə mənzil 199 qeydiyyatda olan şəxslərin razılığı olmadan həmin ünvana dair bağışlanma müqaviləsini rəsmiləşdirmək mümkün deyil. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə İddiaçı və ½ hissədə X3 pay hüquqları müəyyən edilmişdir. İddiaçının irəli sürdüyü iddia tələblərindən görünür ki, o, öz payını oğlu X8 bağışlamaq istəyir. Bu məqsədlə o, Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzilə ½ hissədə olan payının oğlu X10 bağışlamağına köməklik göstərilməsini xahiş etmiş və eyni zamanda mənzilin razılıq əsasında deyil, məhkəmə qətnaməsi əsasında bölündüyünü qeyd etmişdir. Notarius mənzildə qeydiyyatda olan X3 və X6 razılığının tələb olunduğunu bildirmişdir. O, onların razı olmayacaqlarını, X13 cəzaçəkmə müəssisəsində cəza çəkdiyini (oğlu Anarı bıçaqladığı üçün 3 il azadlıqdan məhrum edilib) bildirmişdir. ünvan 3 notariusu xx.xx.2024-cü il tarixli, X/1319 saylı imtina məktubu verərək, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan həmin ünvana dair bağışlama müqaviləsinin rəsmiləşdirmək mümkün deyildir, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzildə qeydiyyatda olan X3 və X6 müvafiq razılığı alınmadan mülkiyyətində olan həmin mənzilin ½ hissəsini oğlu X11 bağışlaması üçün bağışlanma müqaviləsinin rəsmiləşdirilməsinin Bakı şəhəri 46 saylı Notariat ofisinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna "mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Məhkəmə eyni zamanda qeyd edir ki, əmlakın bağışlanmasına razılıq verməyən X4 mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan o, yalnız ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən almaqda üstünlük hüququna malik ola bilər. İddiaçı isə öz payını iradəsinə uyğun bağışlamaq niyyətində olduğu üçün Gülnarə Abiyevanın paylı mülkiyyətçi kimi razılığının alınması qanunda nəzərdə tutulmamışdır. İddiaçı mülkiyyətində olan əmlakın mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışlanmasına dair iradə ifadəsinin əksinə olaraq notariat ofisi tərəfindən bu rəsmiləşdirilmənin həyata keçirilməməsini onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir və müqavilənin rəsmiləşdirilməsinin onu rəsmiləşdirməyə səlahiyyətli olan orqan üzərinə vəzifə kimi qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülkiyyət hüququ üzrə şəxsə məxsus mənzildə yaşayan və istifadə hüququ olan şəxslərin razılığının alınmaması səbəbi ilə həmin mənzilin mülkiyyətçi tərəfindən bağışlanmasından notariat ofisi tərəfindən imtina edilməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməli və bu səbəbdən iddia əsaslı hesab edilərək təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2436-cı məhəllə, 199 saylı mənzildə (Yeni qadalarla AZ1060, ünvan 1) qeydiyyatda olan şəxslərin (X3 və X6) müvafiq razılığı alınmadan İddiaçı mülkiyyətində olan həmin mənzilin ½ hissəsinin oğlu X11 bağışlaması üçün bağışlanma müqaviləsinin rəsmiləşdirilməsi Bakı şəhəri 46 saylı Notariat ofisinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar