Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2036/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən obyektin (kafenin) iç və çöl məkanlarının təmiri üçün ödədiyi 1200 manat pulun və 32 manat dövlət rüsmunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında cavabdehı məxsus obyekti icarəyə götürüb kafe kimi fəaliyyət göstərmişdir. Həmin kafeni cavabdehlə aralarında olan razılığa əsasən heç bir yazılı müqavilə bağlamadan cavabdeh aylıq bir il 500 manata, daha sonra 7 il 300 manata iddiaçıya icarəyə vermişdir. Kafenin heç bir təmiri olmadığından iddiaçı kafeni öz vəsaiti hesabına təmir etdirmişdir. Bunun üçün o usta ilə razılaşıb kafenin çöl girişinin rənglənməsi və emulsiya vurulması, həmçinin içəri hissənin təmiri üçün ustaya cəmi 1000 manat pul ödəmişdir. Bundan başqa obyektin döşəməsinə linenium çəkdirmək üçün Maksim adlı şəxsdən 200 manata 30 metr döşəmə lineniumu almışdır. Lakin 05 avqust 2022-ci il tarixdə cavabdeh kafeyə gələrək iddiaçıdan obyektdən çıxmağı tələb etmişdir. 20 gün sonra iddiaçı obyektə gəldikdə əşyaların, manqalın cavabdeh tərəfindən daşınaraq obyektdən çölə boşaldıldığını gördü. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, iddiaçının verdiyi məlumatlar tamamilə yalandır. Onun iddiaçı ilə müqavilə öhdəliyi olmamışdır. İddiaçı tərəfindən heç bir təmir işi aparılmamışdır, əksinə antiinhisar şərait yaradılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Cavabdeh lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi halları, habelə cavabdehə məxsus obyekti icarə əsasında cavabdehdən təhvil aldığını, sözügedən obyektdə təmir işləri apardığını və həmin işlərə 1,200 manat məbləğində xərc çəkdiyini təsdiq edə biləcək heç bir əsaslı sübut (qəbz, müqavilə) təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 680.1-ci maddəsinə əsasən borc kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «ziyan» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2036/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2036/2022
21.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver