Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-205/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun vəkili M.N.Nemətovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 19.04.2020-ci il tarixdə yaşadığı Naxçıvan Respublikası ərazi vahidliyində avtoqəza nəticəsində sağ gözünün torlu qişası zədələnmişdir. Bununla bağlı Dünyagöz müayinəsi klinikasına müraciət etmiş və orada ona bildirmişlər ki, müalicə apalıması üçün o, 4750 manat pul ödəməlidir. Türk doktor Dilavar Elşanlı adlı həkimin X1 hesaba 4750 manat pul ödədikdən sonra 27.04.2021-ci ildə gözünü əməliyat etmişdi. X5 tərəfindən aparılmış əməliyyat uğursuz olmuşdur. Çünki onun gözü əvvəlki kimi yenə də görmürdü və əksinə torlu qişa yerindən qopmuşdur. X6 bir gün sonra onu xəstəxanada çıxarmış və gözünün görmədiyini bildikdən sonra atasını və onu qəbul etməmişdir. Uğursuz əməliyyat üçün aldığı pulları da qaytarmamışdır. Dünyagöz klinikasında olan digər türk həkimi Mahmud Öztürk onu qəbul edərək müayinə etmiş və bildirmişdir ki, onun gözü görməyəcək, çünki əməliyyat nəticəsində torlu qişa yerində qopmuşdur və onun müalicəsi yoxdur. O, hesab edir ki, özünü uzman doktor sayan Dilavar Elşanlının bu hərəkəti ən böyük dələduzluq cinayətidir. Belə ki, sonuncu onun və atasının etibarını qazanaraq onları aldadaraq 4750 manat pullarını talayaraq ələ keçirmişdir. Onun sağ gözünün əməliyyatı üçün anası, atası borc pul almışlar və həmin pulu Dünyagöz müayinəsi klinikasının hesabına vermişlər ki, onun gözünü əməliyyat etsinlər. Onlar da öz növbəsində onlara arxayın etmişlər ki, “100 faiz əmin olun ki, gözünüz görəcəkdir”. Dilavar Elşanlı bildiyi halda onun gözü görməyəcək, ancaq onları aldadaraq 4750 manat dələduzluq yolu ilə onlardan almışdır. Ona görə də o, hesab edir ki, ona qarşı həm dələduzuluq olmuş və son dərəcə ədalətsizlik və qanunsuzluq olmuşdur. Hesab edir ki, burada həm də cinayət hadisəsi baş vermişdir. Ona görə də onun gözünün müalicəsi üçün alınmış pulun qaytarılmasına zərurət vardır. Həmçinin ona həm maddi, həm də zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Dünyagöz müayinəsi klinikasına ödədiyi 4750 manat pulunun geri qaytarılması, maddi zərər olaraq keçdiyi xərclər 1500 manat və mənəvi zərər olaraq 150.000 manat tutularaq, cəmi 156.250 manat məbləğində pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin xüsusi qərardad qəbul edilməklə müvafiq prokurora iddiaçıya qarşı olunmuş cinayətlərin araşdırılması üçün xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, maddi zərər olaraq xərc kimi iddia tələbində göstərdiyi 1500 manat dövlət rüsumu, əməliyyat və ondan sonrakı müayinələrlə əlaqədar Bakıya gəlib getməsi ilə əlaqədar olan xərclərdir. Maddi və mənəvi ziyan kimi göstərdiyi 150.000 manat gözünün təkrar əməliyyatı üçün çəkiləcək xərcdir. Avtoqəzadan əvvəl onun gözü zəif görmüş, hadisədən sonra gözü yenə görmüş, görmə qabiliyyətinin tam bərpa olunması üçün "xxxx"də əməliyyat etdirmişdir. Əməliyyatdan sonra görmə qabiliyyətinin itirdiyi üçün hərbi xidmət keçə bilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Vəkil Sahb oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaya dair yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etirazda göstərilənləri bir daha təsdiq edir. Klinikaya müraciət edərkən iddiaçının sağ gözünün arxa qişasının qopması baş verdiyindən əməliyyat görmə qabiliyyətinin bərpası ilə deyil, buynuz qişanın arxasına silikon qoyulacağı və bu əməliyyatın tək məqsədi gözün yerində qalmasını təmin etməkdən ibarət olmuşdur. İddiaçı bütün yazılı sənədlərə imza atmışdır. Ekspert rəyi ilə razı deyil. Fəsadın baş verməsinin əməliyyatla əlaqədar olmasının istisna olunmaması kimi ekspert nəticəyə gəlmişdir. Bu hal həkimin əməliyyatın düzgün aparılmaması kimi qiymətləndirilə bilməz. Əməliyyatı aparan həkim kifayət qədər təcrübəli, on minlərlə şəxs üzərində Türkiyədə və Azərbaycanda uğurlu əməliyyat həyata keçirən tanınmış həkimdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Naxçıvan Respublika Xəstəxanası tərəfindən verilmiş 19.04.2020-ci il tarixli KT müayinəsindən görünür ki, İddiaçı sol orbital strukturlar-patolojiyasızdır. Göz almaları simmetrikdir. Görmə sinirləri simmetrikdir və trayektoriyaları deviasiyasızdır. Retrobulbar sahələrinin tozumalarında patoloji dəyişkənliklər aşkar edilmir. Sağ göz alması arxa qişanın forması izlənilir. Türk yəhərinin ölçüləri norma daxilindədir. İntraselluar və parasellüar sahələrdə patoloji toxuma aşkar edilmir. Nəticə: Subaraxnoidal şirimlarda mülayim sıxılma izlənilir. Beyinxadaxili hipertenziya əlamətləri izlənilir, septum nazal sağa meyildir, beyin ağ və boz maddəsi aydın seçilir. İntrakranial törəmə və ya kolleksion yoxdur. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 27.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən Vitrəo-rətinal cərrahiyyə əməliyyatı üçün 4750 manat məbləğində pul ödənilmişdir. İş üzrə "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı və xəstə İddiaçı tərəfindən imzalanmış 27.04.2021-ci il tarixli pars plana vitrektomiya əməliyyatı üçün izah edilmiş təsdiq formasının surətindən görünür ki, xəstəyə əməliyyat texnikası, mümkün risk və ağrışmalar, həyata keçiriləcək müalicə üsulları və metodları barədə əməliyyatı icra edən həkim tərəfindən ətraflı izah edilmişdir. İş üzrə "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı və xəstə İddiaçı tərəfindən imzalanmış 27.04.2021-ci il tarixli “Covid-19 pandemiyası zamanı ümumi anesteziya altında əməliyyat olunacaq xəstələrin X4 surətindən görünür ki, xəstə İddiaçı 27.04.2021-ci il tarixdə X7 X2 adlı həkim tərəfindən Ümumi Anesteziya altında “Vitrektomi” əməliyyatını keçirəcək. Əməliyyatdan əvvəl anestezioloq xüsusilə Covid-19 barəsində ona məlumat vermiş və müayinələrini qəbul etmişdir. Hələ ki, infeksiya xəstəliyinin olmamasına baxmayaraq, ümumi anesteziyanın təkbaşına belə bu xəstəlik üçün bir risk amili olduğu anestezioloq tərəfindən ona izah olunmuşdur. Bütün bu məlumatları aldıqdan sonra ümumi anesteziya altında əməliyyat olunmağı qəbul etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş və həkim Dilaver Erşanlı tərəfindən imzalanmış 27.04.2021-ci il tarixli epikriz raporundan görünür ki, xəstə İddiaçı qoyulmuş diaqnoz: “Degenerativ miopiya. Retina dekolmanı, tor qişanın yırtığı. Retina dekolmanları”, xəstəyə “Vitrəo-rətinal cərahiyyə, Bütün müdaxilələr – Sağ Göz” cərrahiyyə əməliyyatı icra olunmuş, “G.A.A sağ göz limbusun 4 mm gerisindən 3 ədəd 23G trokar ilə sklerotomilər açılmış, kor viktrektomi edilmiş, preretinal membran təmizliyi edilmiş, triomsindən ilə boyanaraq perifer vitrə təmizlənmiş, Lens arxa kapsul ilə yapışıq olan retina hissəsi ayrılmış, Lens arxa kapsulu alınmış, Lens korteks və nukleus aspire edilmiş, Dekaline ilə retina yatıştırılmağa cəhd edilmiş, 270 dərəcə retinotomi edilmiş, üst temporal kadronda yatışıq retina ətrafına endolazer edilmiş, Dekaline – silikon 1300 cst dəyişməsi edilmiş, saat 6 hizasında iridektomi açılmış, sklerotomilər bağlanaraq subkonjonktival genta+onadron edilmişdir”. Xəstə İddiaçı 27.04.2021-ci il tarixdə klinikadan çıxmışdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 08.10.2021-ci il tarixli məktubundan görünür ki, “Dünya göz” özəl klinikasında sağlamlığına dəymiş ziyanın və maddi zərərin ödənilməsi ilə bağlı məsələlərin həlli Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil. Bununla bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 09.09.2021-ci il tarixli mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 85 manat məbləğində pul ödənilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş 184/KEŞ saylı, 08.04.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2003-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1,2-ci suallar üzrə: "xxxx" klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Degenerativ miopiya. Retina dekolmanı, tor qişasının yırtığı. Retina dekonmanları” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. - 3-cü sual üzrə: İddiaçı təyin olunmuş diaqnoza uyğun olaraq onun üzərində “Vetrikoretonal cərrahiyə, bütün müdaxilələr – sağ göz” cərrahiyyə əməliyyatının icra edilməsinə tibbi göstəriş olmuşdur. - 4-7-ci suallar üzrə: İddiaçı mütəxəssis müayinəsi zamanı onda “OD-Buynuz qişanın distrofiyasının parsplanavitrektomiyadan sonrakı vəziyyət. Görmə sinirinin atrofiyası. OS- Mürəkkəb miopik astiqmatizm. Miopik xoreoretinal distrofiyası”nın olduğu müəyyən edilmişdir. OD-sağ gözündə müşahidə olunan hazırki vəziyyət aparılmış cərrahiyyə əməliyyat ilə əlaqədar olmağı istisna olunmur. Bunu nəzərə alaraq əməliyyatın taktiki cəhətdən düzgün icra olunmaması qənaətinə gəlinir və bununla əlaqədar Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı avtoqəzadan sonra sağ gözündə görmə azaltması ilə əlaqədar 27.04.2021-ci il tarixdə “Dünyagöz Azərbaycan“ MMC-yə müraciət etmiş və müayinədən sonra ona «Degenerativ miopiya. Retina dekolmanı, tor qişasının yırtığı. Retina dekonmanları» diaqnozu qoyulmuşdur. Bununla əlaqədar 27.04.2021-ci il tarixdə iddiaçı üzərində “Vetriko-retonal cərrahiyə, bütün müdaxilələr – sağ göz” cərrahiyyə əməliyyatı aparılmış və həmin tarixdə iddiaçı evə buraxılmışdır. Lakin əməliyyatdan sonra iddiaçının sağ gözündə görmə qabiliyyəti tamamilə itmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, 27.04.2021-ci il tarixdə iddiaçı tərəfindən Xəstəxananın hesabına əməliyyatla bağlı 4750 manat məbləğində pul mədaxil edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun üzərində aparılmış cərrahiyə əməliyyatı nəticəsində sağ gözünün görmə qabiliyyəti tamamilə itirildiyinə görə, o, klinikaya ödədiyi pulun geri qaytarılması, həmçinin maddi və mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 184/KEŞ saylı, 08.04.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" klinikasında İddiaçı “Degenerativ miopiya. Retina dekolmanı, tor qişasının yırtığı. Retina dekonmanları” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. İddiaçı təyin olunmuş diaqnoza uyğun olaraq onun üzərində “Vetriko-retonal cərrahiyə, bütün müdaxilələr – sağ göz” cərrahiyyə əməliyyatının icra edilməsinə tibbi göstəriş olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “OD-Buynuz qişanın distrofiyasının parsplanavitrektomiyadan sonrakı vəziyyət. Görmə sinirinin atrofiyası. OS-Mürəkkəb miopik astiqmatizm. Miopik xoreoretinal distrofiyası”nın olduğu müəyyən edilmişdir. OD-sağ gözündə müşahidə olunan hazırki vəziyyət aparılmış cərrahiyyə əməliyyat ilə əlaqədar olmağı istisna olunmur. Bunu nəzərə alaraq əməliyyatın taktiki cəhətdən düzgün icra olunmaması qənaətinə gəlinir və bununla əlaqədar Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X3rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. AR Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. AR Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, "xxxx" MMC-nin həkimi Dilavər Erşanlı tərəfindən iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatın taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar iddiaçının sağ gözünün görmə qabiliyyəti itirildiyindən, bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə də tam təsdiq olunduğundan, iddia tələbi ödənilmiş 4750 manat pul məbləğinin geri qaytarılması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 4750 manat pul məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə vurulmuş maddi və mənəvi ziyana görə 150.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir. İddiaçı bu tələbini sonrakı cərahiyyə əməliyyatına çəkəcəyi xərc və mənəvi iztirablara məruz qalması kimi dəyərləndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən gözündə təkrar əməliyyat olunacağı təqdirdə nə qədər xərc tələb olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından, maddi ziyan kimi irəli sürülən tələb əsassızdır və təmin edilməməlidir. Mənəvi ziyanla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı əməliyyatdan sonra mənəvi sarsıntı keçirməsi, onun üzərində aparılmış düzgün olmayan əməliyyatın şüurunda müəyyən mənfi psixi reaksiyaya, iztirab keçirməsinə və onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə səbəb olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin maddi zərər kimi 1500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı həmin xərcin dövlət rüsumu kimi ödədiyi pul, əməliyyat və əməliyyatdan sonra Bakıya gəlməsi üçün nəqliyyat xərcləri kimi dəyərləndirmişdir. Məhkəməyə təqdim olunan təyyarə biletlərinin surətlərində iddiaçının may və sentyabr ayında Bakı şəhərinə gəlməsini təsdiq edən 2 ədəd sübutun olmasını (hər biletdə 40 manat gediş haqqı), 2021-ci ilin sentyabr ayında müayinəyə üçün "xxxx" MMC-yə ödənilmiş 85 manat ödəniş xərci kimi qəbzin olmasını nəzərə alaraq həmin hissədə tələb qismən – 165 manat məbləğində təmin olunmalıdır. İddia tələbi qismən təmin olunduğundan təmin olunmuş tələbə münasibətdə dövlət rüsumu kimi ödənilən 70 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının cavabdehin hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə 4750 manat, maddi ziyanın və dövlət rüsumunun əvəzi kimi 235 manat, cəmi 4985 (dörd min doqquz yüz səksən beş) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-205/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-205/2022
02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver