Məhkəmə qərarları › İş №2(009)-205/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-205/2024

16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-205/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsinin 004 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə Bələdiyyənin mülkiyyətində olan və Badamdar qəsəbəsi İİ yaşayış massivində yerləşən 700 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona verilmişdir. Badamdar Bələdiyyəsi müvafiq qərarı ilə bərabər torpaq sahəsinin (700,0 kv.m.) yerləşmə cizgisini də tərtib edərək təqdim etmişdir. Həmin torpaq sahəsinin alqısatqısına görə Badamdar Bələdiyyəsinin hesabına 2912 manat məbləğində pul ödəmişdir. Ödənişlə bağlı Badamdar Bələdiyyəsi tərəfindən ona 060285 saylı kassa mədaxil orderinin qəbzi də verilmişdir. Torpaq sahəsi ayrılandan hazırki dövrədək torpaqdan istifadə edir. Sözügedən torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliyin müxtəlif tələblərini bəhanə gətirərək **********75 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Ona görə də hüquqlarının müdafiəsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həm Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alındı, həm də müvafiq ekspertiza təyin olunaraq ekspert rəyi alınmışdır. Həm mütəxəssis rəyində, həm də ekspert rəyində göstərilir ki, vahid elektron kadastr bazasına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun 48,0 kv.m. hissəsi **********50 reyestr nömrəli digər fiziki şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Həmçinin göstərilən 700,0 kv.m.sahənin bir hissəsi isə 6 kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Buradan belə aydın olur ki, istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir, həmin torpaq sahəsi dövlət mülkiyyəti olsa da, onun 48,0 kv.m.hissəsi başqa bir fiziki şəxsin mülkiyyətinə verilmiş, yerdə qalan hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının altına düşür. Görünür ki, həmin torpaq sahəsindən ona heç bir haray-filan yoxdur. Buradan da aydın görsənir ki, Badamdar Bələdiyyəsinin sədri onu aldatmış, qanunsuz olaraq torpaq sahəsi ayrılmış və ümumilikdə 10.000 manata yaxın pulunu mənimsəmişdir. Hansı ki, mövcud olmayan torpaq sahəsinə görə o, Badamdar Bələdiyyəsinin hesabına 2912 manat məbləğində pul ödəmişdir. Qeyri-rəsmi ödəmiş olduğu pulları isə hələ vurğulamır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, mövcud olmayan torpaq sahəsinə görə Badamdar Bələdiyyəsinin hesabına ödəmiş olduğu 2912 manat məbləğində pul geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin (VÖEN: **********) 060285 saylı kassa mədaxil orderinin qəbzinə əsasən xx.xx.2006-cı il tarixdə torpaq alqısatqısına görə ödəmiş olduğu 2912 manat məbləğində pulun Bələdiyyənin hesabından tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 004 nömrəli qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Badamdar qəsəbəsi, İİ yaşayış massivində istifadədə olan 700 kv.m.torpaq sahəsi İddiaçı adına alqı-satqı yolu ilə sənədləşdirilməsi qərara alınmışdır. Torpağın satış dəyəri xx.xx.2006-cı il tarixdə Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənilmişdir (Qəbz No060285). İş üzrə Cavabdeh tərəfindən verilmiş AİT seriyalı 060285 nömrəli, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqısı üçün 2.912 manat məbləğində pul ödəmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi X2 tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, göstərilən faktiki torpaq sahəsi 700 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd bir mərtəbəli mansardlı fərdi yaşayış evləri mövcuddur. Vahid elektron kadastr bazasına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla 48,0 kv.m. hissəsi **********50 reyestr nömrəli digər fiziki şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Göstərilən 700 kv.m.sahənin bir hissəsi 6 kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir (bununla bağlı aidiyyəti təşkilatın rəy alınmalıdır). Təqdim edilmiş cizgidə istinad nöqtələri və məsafələri qeyd edilməmişdir. Gizgidəki perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5675 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyinin surətindən görünür ki, Azərbayccan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Samil Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Torpaq sahəsi faktiki olaraq 700,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində iki ədəd bir mərtəbəli mansardlı fərdi yaşayış evləri mövcuddur. Vahid elektron kadastr bazasına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla 48,0 kv.m. hissəsi **********50 reyestr nömrəli digər fiziki şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür. Göstərilən 700,0 kv.m. sahənin bir hissəsi 6 kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir (Bununla bağlı aidiyyəti təşkilatın rəy alınmalıdır). Təqdim edilmiş cizgidə istinad nöqtələri və məsrəfləri qeyd edilməmişdir. Cizgidəki perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Səbail rayonu Badamdar bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə Cavabdeh iclasının 02 saylı, xx.xx.2024-cü il tarixli protokolundan çıxarışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, 02 nömrəli iclas Qərarı ilə vətəndaş İddiaçı Badamdar qəsəbəsi 2-ci yaşayış massivində 700 kv.m.torpaq sahəsinin adına alqı-satqı yolu ilə sənədləşdirilməsi barədə təqdim edilmiş xx.xx.2006-cı il tarixli, 004 saylı bələdiyyə qərarı etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin protokoldan həmçinin görünür ki, bələdiyyənin sədri X1 çıxış edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı istinad etdiyi inzibati aktı, yəni Cavabdeh xx.xx.2006-cı il tarixli iclas qərarını və həmin qərara əsas olan sənədlər və eləcə də 060285 saylı kassa mədaxil orderində göstərilən məbləğin bələdiyyənin ban hesabına mədaxil olunduğunu təsdiq edən maliyyə uçot sənədləri bələdiyyənin arxiv bazasında aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydalarının 8-ci bəndinin 5-ci hissəsində göstərilir ki, “Bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb, müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə, torpaq sahəsini alan şəxs onun dəyərini bələdiyyənin müvafiq bank hesabına ödəyir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq, torpaqların alqısatqısına dair 3 nüsxədən ibarət akt tərtib edilir. Aktı rayon şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və möhürlə təsdiq edilir”. Lakin İddiaçı tərəfindən bu günədək həmin alqı-satqı aktının surəti də təqdim olunmamışdır. “İnzibati icraat haqqında” AR Qanununun 65-ci maddəsinə əsasən qanunvericiliyin tələblərinə cavab verməyən və icrası mümkün olmayan inzibati akt etibarsız inzibati akt hesab edilir. Bələdiyyə üzvü X3 çıxış edərək bildirmişdir ki, həqiqətən də vətəndaş tərəfindən təqdim edilmiş qərar və ona əsas olan sənədlər, ümumiyyətlə mövcud deyildir. Digər tərəfdən alqı-satqı aktı olmadan torpaq sahəsinin satılması baş verə bilməz. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsinin 004 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə Bələdiyyənin mülkiyyətində olan və Badamdar qəsəbəsi İİ yaşayış massivində yerləşən 700 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona verilmişdir. Badamdar Bələdiyyəsi müvafiq qərarı ilə bərabər torpaq sahəsinin (700,0 kv.m.) yerləşmə cizgisini də tərtib edərək təqdim etmişdir. Həmin torpaq sahəsinin alqısatqısına görə o, Badamdar Bələdiyyəsinin hesabına 2912 manat məbləğində pul ödəmişdir. Ödənişlə bağlı Badamdar Bələdiyyəsi tərəfindən ona 060285 saylı kassa mədaxil orderinin qəbzi də verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, ərazinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi əsas gətirilərək və bu hal İnzibati Məhkəməsi məhkəmə araşdırması zamanı da aşkara çıxarıldığından, əmlakın mülkiyyət kimi reyestrdə qeydiyyatından imtina edilmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin (VÖEN: **********) 060285 saylı kassa mədaxil orderinin qəbzinə əsasən xx.xx.2006-cı il tarixdə torpaq alqısatqısına görə ödəmiş olduğu 2912 manat məbləğində pulun Bələdiyyənin hesabından tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyələrin ehtiya fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir (maddə 13-1). Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydaları”nın 8-ci bəndinin 5-ci hissəsinə əsasən bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə, torpaq sahəsini alan şəxs onun dəyərini bələdiyyənin müvafiq bank hesabına ödəyir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq, torpaqların alqı-satqısına dair 3 nüsxədən ibarət akt tərtib edilir. Aktı rayon şəhər bələdiyyə orqanının rəhbəri, torpaq sahəsinin müdiri və torpaq alan şəxs imzalanır və möhürlə təsdiq edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya Badamdar qəsəbəsi İİ yaşayış massivində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsinin 004 saylı, xx.xx.2006-cı il tarixli qərarı verilmiş, iddiaçıya həmin qərarla birlikdə həmin sahənin “yerləşmə cizgisi” adlı sxem də təqdim edilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də aydın olur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısı tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi və bələdiyyənin qəbul etdiyi müvafiq qərarı əsasında rəsmiləşdirilir və həmin sənədlərə satılan torpaq sahəsinin yerləşdiyi yer, plan və ölçüsünü özündə əks etdirən miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) cizgi planı tərtib edilərək əlavə edilir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya bələdiyyə qərarı verilsə də, tərəflər arasında alqı-satqı müqaviləsi olmamış, iddiaçıya yalnız torpaq sahəsinin qanunda nəzərdə tutulan qaydada tərtib edilməmiş sxemi təqdim edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı həmin bələdiyyənin arxiv bazasında mövcud deyil, iddiaçı tərəfindən təqdim olunan 060285 saylı kassa mədaxil orderində göstərilən məbləğ bələdiyyənin bank hesabına mədaxil olunmamış və bu səbəblərlə həmin bələdiyyənin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya 700 kv.m. torpaq sahəsinin ayrılmasına dair xx.xx.2006-cı il tarixli, 004 saylı bələdiyyə qərarı etibarsız hesab edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan sənədlər əsasında torpaq sahəsinin qanunla müəyyən edilmiş prosedur qaydasına riayət edilmədən alqı-satqısını həyata keçirilməsini, ödənilən pul məbləğinin bələdiyyənin bank hesabına mədaxil olunmamasını nəzərə alaraq hesab edir ki, Cavabdeh hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, ona qarşı qaldırılmış iddia tələbi əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsi hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 51 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 060285 saylı kassa mədaxil orderinin qəbzinə əsasən torpaq alqı-satqısına görə ödəmiş olduğu 2912 manat məbləğində pulun Səbail rayonu Badamdar Bələdiyyəsindən tutularaq ona qaytarılması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar