Məhkəmə qərarları › İş №2(009)-2062/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2062/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2062/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin nümayəndəsi X10 oğlu və X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova ünvanladığı 08.06.2021-ci il tarixli ərizəsinə dolğun və düzgün cavab verilmədiyi üçün ona dəymiş 200.000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, o xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildən 2007-ci ilə kimi Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evində böyümüşdür. İnternatda böyümüş və məzun olmuşdur. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinə Bakı X11 Departamentinin Mərkəzi Texniki İstismar Xidmətinə 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə “çilingər" peşəsinə işə qəbul olunmuşdur. İlk dəfə 15.09.2016-ci ildə SOCAR-a işə düzəlmiş və kimsəsiz olduğundan 15.09.2016-cı ildən mənzil növbəsinə durmuşdur. SOCAR-da xidmət göstərən Uşaq Evi ve İnternat məzunları olan kimsəsiz gənclərə evi Nizami rayonu, ünvan 2 ünvanında 68 mənzildən ibarət olan 1 otaq, 2 otaq, 3 otaq olan bina inşa edilmiş, 26.09.2013-cü il tarixdə binanın açılış mərasimi olmuşdur. SOCAR bildirmişdir ki, kim hansı tarixdən SOCAR-ın şöbələrinə daxil olacaqsa həmin şəxs, ünvan 3 ünvanında yerləşən SOCAR-ın X1 çıxarılacaq ve həmin şəxsə ünvan 4 ünvanında 68 mənzildən ibarət olan yaşayış binanın 68 mənzilindən boş qalan 6 mənzilləri, ailə vəziyyətini nəzərə alaraq subaylara 1 otaq, ailəlilərə 2, ailə üzvü 3 və daha cox olan şəxslərə 3 otaq olan mənzillər 23, 24, 27, 33, 54, 60 verilecəkdir. Yuxarıda sadaladığı mənzillər heç də uşaq evi ve internat məzunlarına verilməmişdir. Həmin mənzillərin sahibləri uşaq evi və internat məzunları deyillər. 13.02.2018-ci il tarixdə "Azəriqaz İB"-nə daxil olduqda yuxarıda qeyd etdiyi 6 mənzillərdən biri ilə yəni o mənzil 23 ilə təmin olunmalı idi. Cünki 13.02.2018-ci il tarixdə "Azeriqaz İB"nə daxil olmuşdu. Lakin onun növbesi qanunsuz olaraq uşaq evi ve internat məzunu olmayan, uşaq evi və internat müəssisələrdə böyüməyən X7 Nizami rayon İcra Hakimiyyəti 26.04.2018-ci il tarixdə 50 nömrəli sərəncamla Mənzil Məcəlləsinin 56.2.2 maddəsini rəhbər tutaraq X7 vermişdir. Cavabdeh: Bakı şəhər məktəbəqədər müəssisələrinin rəhbəri cənab Eldar Yunusova müraciət edib bildirmişdi ki, 6 nəfər şəxsin uşaq evinin və internat məzunları olub-olmamağı, neçənci illərdə hansı uşaq evlərindən təxris olub-olmamaqları barədə cavab bildirməyi xahiş etmişdi. Bakı şəhər məktəbəqədər müəssisələrinin rəhbəri cənab Eldar Yunusovun qanunsuz əməlinə görə o 3 il yataqxanalarda və kirayələrdə qalmışdır. Beləlikə ona 200.000 manat (iki yüz min manat) mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o xx.xx.1990-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildən 2007-ci ilə kimi Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evində böyümüşdür. 15 sentyabr 2016-cı ildə Socarın “Azəriqaz” İstehsalat Birliyinə 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə “çilingər” peşəsi üzrə işə qəbul olunmuş, 6 ay oxuyaraq 15 mart 2017-ci il tarixdə bitirmişdir. Məhkəmə mübahisələri olduqdan sonra isə müqaviləsinin 2023-cü il tarixə qədər müddəti olduğu halda 15 fevral 2021-ci il tarixdə xitam verilmişdir. Socarda xidmət göstərən uşaq evi və internat məzunları olan kimsəsiz gənclərə Nizami rayonu, ünvan 5 ünvanında 68 mənzildən ibarət olan bina inşa ediLmiş və 2013-cü ildə istismara verilmişdir. O mənzillə bağlı 15.09.2016-cı ildən növbəyə durmuşdur. 23 nömrəli mənzil 2018-ci ildə ona verilməli idi. Lakin, onun adı siyahıda sürüşdürülərək mənzillər başqa şəxslərə verilmişdir. Həmin 6 nəfər isə uşaq evi və internat məzunları deyillər. Onların uşaq evi məzunu olub-olmamaları barədə Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinə sorğu ilə müraciət etmiş, lakin, bu barədə informasiya verilməsinin imkan xaricində olduğu bildirilmişdir. O hansı uşaq evinin məzunu olduğunu demədiyi halda Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsi onun barəsində araşdırma apararaq 3 saylı uşaq evinin məzunu olduğunu müəyyən etmiş, lakin, həmin 6 nəfəri araşdırmaq üçün cəhd belə etməmişdir. Bununla bağlı İnzibati Məhkəmənin hakimi Səlma Salahovanın sədrliyi ilə keçirilən iclasda vəsatət vermiş, lakin, onun vəsatəti təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin icraatında olan zaman Azər Hüseynov da onun vəsatətini təmin etməmişdir. Hal-hazırda (Şəhla Süleymanova) vəsatəti təmin etməmişdir. O və onunla birlikdə böyüyən şəxslər evsiz olduqları halda mənzillər uşaq evi məzunu olmayan şəxslərə verilmişdir. Siyahıda adı olan X3 neçənci ildə 1 saylı uşaq evinə qəbul olunması və oradan məzun olması barədə verdiyi sorğuya 1 saylı uşaq evi tərəfindən verilən cavab məktubunda onun adının siyahıda olmadığı bildirilmişdir. Beləliklə, uşaq evi məzunu olmayan Sərəfrazi Eminə ona çatmalı olan 23 nömrəli mənzil verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2.2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə mənzillərin verilməsi göstərilir. Həmin maddədə az təminatlı ailələr göstərilməyib. Həmin bina 2013-2014-cü il tarixlərdə Socarın balansında olmuşdur. 2015-ci ildən indiyədək isə Nizami Rayon İcra Hakimiyyətinin balansındadır. Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsi tərəfindən təqdim olunan siyahı əsasında mənzillər həmin şəxslərə verilmişdir. O hal-hazırda 30 yaşındadır, evi olmadığı üçün ailə həyatı qura bilmir. 6 aydır işsizdir. Banka 6000 manat kredit borcu vardır. Həmin şəxslərin qanunsuz əməllərinə görə yataqxanalarda və kirayələrdə qalmışdır. Beləliklə ona dəyən 200000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin nümayəndəsi X10 oğlu izahat verərək bildirmişdir ki, iddiaçı Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinə gələrək X9 göndərildiyini bildirmişdir, lakin, araşdırma nəticəsində yalan olduğu müəyyən olunmuşdur. Onlar iddiaçının uşaq evinin məzunu olmasını nəzərə alaraq görüşmüşlər. İddiaçıya başqa şəxslər barəsində olan məlumatların verilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. İddiaçı isə bu məlumatların ona məhkəmədə lazım olduğunu qeyd etmişdir, onlar isə öz növbəsində məhkəmə tərəfindən sorğu göndərildiyi təqdirdə cavab verməyə borclu olduqlarını bildirmişlər. Həmin mənzillərin kimlərə verilməsi barədə onlarda məlumat yoxdur. Ümumiyyətlə onlardan siyahı istənilmir. Socar tərəfindən mənzillərin hansı qaydada paylanması onlara məlum deyil. Kirayə müqaviləsi isə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bağlanılır. İddiaçı uşaq evi məzunu olduğunu bildirdiyi üçün müraciət müəllifi araşdırmış, 3 saylı uşaq evinin məzunu olduğunu öyrənmişdir. İnformasiya verə bilmədiyi üçün iddiaçının onlardan 200000 manat mənəvi ziyan tələb etməsi absurddur. Bu səbəbdən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında çox sayda məhkəmə prosesi keçirilmiş və tələbi təmin olunmamışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri vardır. İddiaçının həmin 6 nəfəri siyahıda olubolmaması ilə bağlı etdiyi müraciətə cavab verməyin mümkün olmadığını bildirmişlər. Hər şeydən əlavə bu mənəvi məsələdir. Eyni zamanda, “Vətəndaşların müraciəti haqqında” qanunun 4-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquq və mənafelərini qorumaq üçün iddiaçının sorğusuna cavab vermək mümükn olmamışdır. Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsi büdcə təşkilaştıdır, budcədən pul ayrılır. İddiaçının 200000 manat mənəvi ziyan tələb etməsi absurddur. İddiaçının Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinə qarşı olan tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Vətəndaşların müraciəti haqqında” Qanunun 1.2-ci bəndinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. “İnformasiya əldə etmə haqqında” Qanunun 2.4-1-ci bəndinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov tərəfindən verilən sorğuya qanunvericiliyin tələblərinə uyğun cavab verilmişdir. İddiaçıya Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov tərəfindən hər hansı mənəvi ziyanın dəyməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhər Məktəbəqədər Müəssisələri Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova ünvanladığı 08.06.2021-ci il tarixli ərizəsinə dolğun və düzgün cavab verilmədiyi üçün ona dəymiş 200.000 manat mənəvi zərərin ödənilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar