Məhkəmə qərarları › İş №2(009)-2079/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2079/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2079/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin onun barəsində xx.xx.2021-ci il tarixli, 1/K-am saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdən 47 nömrəli əmrlə Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsində abidə mühafizəçisi kimi işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixdə həmin vəzifədən çıxarılmışdır. xx.xx.2017-ci il tarixdə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə Ağstafa rayonu üzrə 7-ci ilə abidə mühafizəçisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə isə onun heç bir razılığı olmadan AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin 2 bəndinə əsasən əmək müqaviləsiə xitam verilmişdir. Cavabdeh orqan onu əsassız və qanunsuz olaraq işdən çıxarmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan başqa, onunla bərabər işdən çıxarılan şəxslər işə qaytarılmış və onu da işə qaytaracaqlarını vəd versələr də, bunu etməmişlər. O isə işdən çıxarılan vaxtdan ağır xəstəliklər keçirmiş, stasionar qaydada müalicə olunmuşdur. Onun xidməti dövründə hər hansı nöqsanı, qüsuru olmamışdır. Onun barəsində qəbul edilmiş əmr helə də ona təqdim olunmamışdır. O, xəstəliyi ilə bağlı məhkəməyə gec müraciət etməli olmuşdur. Ancaq buna baxmayaraq, X2 müraciətlər etmiş və onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsini təsdiq etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında 2021-ci il 5 yanvar tarixində Azərbaycan Republikası Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Dövlət Xidmətinin 2021ci il 5 yanvar tarixli 1/k nömrəli əmri ilə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı ilə Dövlət Xidməti arasında bağlanmış müqavilənin müddəti sonradan 2020-ci il 30 dekabr tarixinədək uzadılmış, 2021-ci il 5 yanvar tarixindən isə əmək müqaviləsinə qanunvericiliyin tələbinə müvafiq olaraq xitam verilmişdir. Bu səbədən iddiaçının tələbini əsassız hesab edirlər. İddiaçının əmək müqaviləsinə 2021-ci il 5 yanvar tarixində xitam verilməsinə baxmayaraq, iddiaçı 1 aydan çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, o, iddia müddətini ötürülmüşdür. Belə ki, Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanları nəzərə alaraq, Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddiadan imtina barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb,tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakıla görə iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 49 nömrəli Qərarını nəzərə alaraq 2021-ci il 5 yanvar tarixindən AR ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 22 aprel 2004-cü il tarixli, AB-İİ 108420 nömrəli diplomun surətindən görünür ki, X1 Bakı idarəetmə və Texnilogiya Kollecinə daxil olmuş və 24 fevral 2004-cü ildə mühasibat uçotu və audit ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Elmi tədqiqat Mamalıq və Ginekologiya institutu Yenidoğulmuşun inkişaf tarixindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixində xəstəxanaya daxil olmuş Xəyalə Məmmədovanın vaxtından əvvəl keysəriyyə kəsiyi yolu ilə əkiz uşaqları doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş sənədlərdən onunla xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycanq Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və son haqq-hesabı xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü müddəsinin 2-ci hissəsinin tələbləri pozulmuş, lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən inzibati tənbehin inzibati xətanın törətdiyi gündən ən geci üç ay keçənədək verilə bildiyindən və davam edən inzibati xətanın törədildiyi son gün xx.xx.2021-ci il tarixə təsadüf olunduğundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəhbərliyinin əməllərində İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsinin tərkibi olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. İş materiallarında olan AZ-İV № 681003 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə anadan olmuşdur, atası X7, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 681002 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə anadan olmuşdur, atası X7, anası İddiaçıdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. İşçi İddiaçı Ağstafa şəhəri (rayonu) üzrə 7-ci dərəcə ilə abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, 50/k-am nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə aid şəhər və rayonlar üzrə abidə mühafizəçilərinin 2020-ci il 1 dekabr tarixində müddəti bitmiş əmək müqavilələri 2020-ci il 30 dekabr tarixinədək uzadılmışdır (abidə mühafizəçilərinin şəhər və rayonlar üzrə adlı siyahısı əlavə olunmuşdur). İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə aid şəhər və rayonlardakı abidə mühafizəçiləri ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli 1/k-am nömrəli əmrdən görünür ki, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 844 nömrəli Fərmanını, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 49 nömrəli Qərarını, Azərbaycan Respublikası mədəniyyət nazirinin 2020-ci il 21 sentyabr tarixli 349/a nömrəli Əmrini rəhbər tutaraq və Dövlət Xidməti ilə abidə mühafizəçiləri arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq bağlanmış əmək müqavilələrinin müddətinin bitməsini nəzərə alaraq, X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə aid şəhər və rayonlar üzrə abidə mühafizəçilərinin 2020-ci il 30 dekabr tarixinədək müddəti uzadılmış əmək müqavilələrinə 2021-ci ilin 05 yanvar tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir (abidə mühafizəçilərinin şəhər və rayonlar üzrə adlı siyahısı əlavə olunmuşdur). Əsas: Abidə mühafizəçiləri ilə bağlanmış əmək müqavilələri və onların uzadılması ilə bağlı Dövlət Xidmətinin 2020-ci il 02 dekabr tarixli 50/k-am nömrəli Əmri. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, onunla bərabər işdən çıxarılan şəxslər işə qaytarılmış və onu da işə qaytaracaqlarını vəd versələr də bunu etməmişlər. Eləcə də stasionar qaydada müalicə olunmuşdur. Onun işdən çıxarılması barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Bu baxımdan, məhkəmə, “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinin önəmini vurğulayıb, mülki işin faktiki hallarını nəzərə alaraq, mübahisənin düzgün hüquqi həlli üçün iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin qanuni olub-olmadığını, eləcə də hazırkı tələb üzrə iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmağı zəruri hesab edir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipini müəyyən etmişdir və əmək müqaviləsi bağlamaq işəgötürənin (habelə işçinin) hüququ kimi nəzərdə tutulmaqla o (onlar), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(lər). Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "b" bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən norması əmək müqaviləsinin müddətinin qurtarmasına görə işçinin əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 1 (bir) il müddətinə Ağstafa şəhəri (rayonu) üzrə 7-ci dərəcə ilə abidə mühafizəçisi vəzifəsinə işə qəbul olunmuş, işəgötürənin xx.xx.2020-ci il tarixli 50/k-am tarixli müqaviləsinə əsasən Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə aid şəhər və rayonlar üzrə abidə mühafizəçilərinin müddəti bitmiş əmək müqavilələri 2020-ci il 30 dekabr tarixinədək uzadılmış, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 1/k-am nömrəli əmr ilə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin ərazi mənsubiyyətinə aid şəhər və rayonlar üzrə abidə mühafizəçilərinin (o cümlədən İddiaçı) 2020-ci il 30 dekabr tarixinədək müddəti uzadılmış əmək müqavilələrinə 2021-ci ilin 05 yanvar tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə işəgötürən tərəfindən iddiaçının işdən azad olunması və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmasına dair iddiaçının dəlillərini əsassız hesab edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, ona görə də, iddiaçının işdən azad olunması barədə əmrin ləğv olunması üçün heç bir qanuni əsas mövcud deyildir. Bundan əlavə, məhkəmə iddianı rədd edərkən İddiaçı iddia müddətini ötürməsini nəzərə alır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini və Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddətinin axımının başlanması obyektiv anla, yəni iddiaçıya müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi andan hesablanmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı xəstəliyi ilə bağlı məhkəməyə gec müraciət etdiyini bildirdi. Belə olduğu təqdirdə, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbi üzrə iddia müddətinin başlanğıcı qeyd olunan tarixdən hesablandıqda, iddiaçı həmin tarixdən bir ildən çox müddət keçməsinə, yəni 07 sentyabr 2022-ci il tarixdə (iddia ərizəsi məhkəməyə də eyni tarixdə daxil olmuşdur) iddia irəli sürməklə əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar