Məhkəmə qərarları › İş №2(009)-2087/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2087/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2087/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi M.A.Sadıqovanın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2024-cü ildə polis əməkdaşı Cavabdeh ona qarşı törətdiyi əməllərlə bağlı müraciət etmişdir. 2024-cü ilin yanvar ayında özünəməxsus “Samsung Galaxy A 20” markalı mobil telefonu itmiş, bundan sonra o, DİN-nin 102 xidməti mərkəzinə zəng edərək telefonunun oğurlanması barədə şikayət etmişdir. Şikayətdən sonra onun tanımadığı polis əməkdaşı zəng edərək və izahat verməsi üçün rayon polis şöbəsinə dəvət etmişdir. O, bundan sonra şöbəyə getmişdir və həmin vaxt rayon polis şöbəsində sahə müvəkkili işləyən Cavabdeh onu qəbul etmişdir. Ondan ərizə və izahat almışdır. Daha sonra Həmid nömrəsini ona vermiş və bildirmişdir ki, evə gedəndə onunla əlaqə saxlasın. O, nömrəni götürüb evə getmişdir. Evə çatdıqdan sonra anasının nömrəsindən Həmidə zəng etmiş və telefon tapılsa bu nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Bir gün sonra kənd uşaqları telefonu küçədən tapıb ona vermişlər. O, Həmidə zəng edərək telefonun tapıldığını bildirmişdir. Bu zaman Həmid ona yaxşı ki, onu tanıdığını bildirmişdir. Həmid ona yazacağını bildirdi. Həmid ona vatsap vasitəsi ilə yazmış və onu bəyəndiyini bildirmişdir. Bundan sonra onların münasibət yaranmış və danışmağa başlamışlar. 2024-cü ilin 25 yanvar tarixdə Həmid ona zəng edərək onlara gəldiyini və telefonun tapılması ilə əlaqədar ondan ərizə alması bildirmişdir. Saat təxminən 10 radələrində Həmid onların Yolçubəyli kəndində yerləşən evlərinə gəlmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Həmid polis formasında gələrək onun evinə daxil olmuşdur. Həmidin əlində sənədlər olmuşdur. Ərizə yazmağa başlamış və ondan çay istəmişdir. Həmin vaxt onlar qonaq otağında əyləşirdilər. Həmid birdən ayağa qalxıb onun yanındakı stula yaxınlaşmış və əyləşmişdir. Birdən-birə əlini çiyninə qoymuş saçlarını qoxlamağa başlamışdır. O, Həmidin əlini çəkdiyi zaman Həmid əlini onun sinəsinə atmışdır. Bu zaman o, ayağa qalxmış Həmid onun arxasına keçib qucaqlamışdır. O, bundan sonra qışqırmağa başlamışdır, bu vaxt Həmid əli ilə onun ağzını tutmuş və qışqırmağa imkan verməmişdir. Onu zorla yataq otağına aparıb onu dizləri üstə yerə yıxıb, onun üzərinə çıxıb öpməyə və əlləşdirməyə başlamışdır. Əli ilə onun cinsiyyət orqanına toxunub onu ehtirasa gətirmək istəmişdir. Onun Həmidə gücü çatmamış və onu üzərindən qaldıra bilməmişdir. Bundan sonra Cavabdeh onun üzərində olan bütün paltarları çıxartmış və onu otaqdakı çarpayıya yıxmışdır. Bundan sonra sağ əlinin orta barmağını cinsiyyət orqanına daxil etmiş və irəli-geri hərəkət etdirmişdir. O, qışqırsa da, Həmid onun səsinə fikir vermirdi. Həmin vaxt cinsiyyət orqanından qan gəlməyə başlamışdır. Bundan sonra Həmid cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edib onunla əlaqədə olmuşdur. O, cinsiyyət orqanını daxil etdikdən sonra təxminən 10 dəqiqə ərzində onunla cinsi əlaqədə olmuş və cinsiyyət orqanını çıxardıb spermasını yerə boşaltmışdır. Bundan sonra üzərindən qalxıb paltarları geyinmişdir. Həmid ona sakit olmasını, heç kimə bu barədə danışmasını, onunla evlənəcəyini bildirmişdir. O, da Həmidə inanmış və Həmidin onunla evlənəcəyini düşünmüşdür. Həmid bundan sonra çıxıb getmiş, o, da bu barədə heç kimə məlumat verməmişdir. Həmin gündən sonra Həmid ondan əl çəkməmişdir. Həmin gündən sonra Həmidin psixoloji təsirləri nəticəsində hansı ki, “biz evlənəcik narahat olma heç nə olmaz mən sözümü tutan adamam, məndə yalan olmaz” deyərək yalan vədləri verərək və “mənimlə birlikdə olmasan məni itirəcəksən” kimi psixoloji təsirləri sayəsində dəfələrlə cinsi əlaqədə olmuşdur. O, 2024-cü ilin 31 dekabr tarixdə Həmidin evli olduğunu öyrənmiş və Həmidə hər şeyi anasına deyəcəyini bildirmişdir. O, Həmidə onunla münasibətləri ciddiləşdirək “gəl məni anamdan istə” dedikdən sonra Həmid birdəfəlik onunla əlaqəni kəsmişdir. Daha sonra hər şeyi anasına danışmış və Həmid barəsində şikayət etmişdir. Onlar Həmidlə birgə avtomobildə olarkən Həmidə qarşı küsgünlüyü var idi və ona əsəbindən nəlayiq ifadələr işlətmiş, o, da bunu həmişə əlində bayraq kimi tutub və həmin anı video çəkərək şantaj edirdi ki, “mənim sənə qarşı olan zorakılıq hərəkətimi hər kəsə desən və hüquq mühafizə orqanlarına şikayət etsən sənin videonu və səs yazmanı yayacağını” bildirmişdir. Həmid adlı şəxs ondan çılpaq şəkillərini ona atmasını hər dəfəsində israrla istəyirdi və bildirirdi ki, “atmadığın halda səndən ayrılacam və səni bütün hər kəsə biyabır edəcəm”. Bu da onda psixoloji sarsıntı yaratmışdır. Onun psixologiyasını Cavabdeh bu şantaj niyyətli əməlləri ilə pozmuşdur. Daha sonra bu şikayətdən sonra Cavabdeh 2025-ci ilin mart ayının 18-i tarixdə X4 müvafiq əmri ilə sərəncama alınmışdır onun şikayəti əsasında. Daha sonra Sabirabad rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X3 tərəfindən xx.xx.2025-ci il tarixli 59-C-25 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin il Cavabdeh onun evinə “ərizə yazmaq” bəhanəsi ilə gəlmişdir. Evdə tək olduğunu bildikdə, ona fiziki və psixoloji təzyiq göstərərək, iradəsinin əleyhinə olaraq onu qucaqlamış, öpmüş və emosional təsir altında saxlamışdır. O, onunla cinsi əlaqəyə girmək istəmədiyini açıq şəkildə bildirmişdir. Lakin Həmid “əgər etməsən, səni zorlayacağam” sözləri ilə məni hədələyərək, qorxu yaratmış və bu təhdid nəticəsində o, zorla onunla cinsi münasibətə girməyə məcbur olmuşdur. Bu hadisə nəticəsində onun bakirəliyi pozulmuşdur. Hadisədən sonra Cavabdeh bu məsələnin gizli qalmasını tələb etmiş, əks halda “məni birdəfəlik itirəcəksən” deyə bildirmişdir. Həmid həmçinin ona “bakirəliyini tikdirərik” deyərək məsuliyyətdən yayınmağa çalışmışdır. Əvvəldə özünü subay kimi təqdim etsə də, sonradan evli olduğunu etiraf etmişdir ki, bu da aldatma yolu ilə etibarının istismar edildiyini göstərir. Hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Nəticədə Cavabdeh polis orqanlarından xaric olunmuşdur. Lakin təəssüf hissi ilə qeyd edir ki, Sabirabad rayon Prokurorluğu tərəfindən cinayət işi başlanmamış və onun şikayəti əsassız sayılmışdır. O, hadisə zamanı qorxu və çaşqınlıq vəziyyətində olmuşdur, iradəsi sərbəst ifadə edə bilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, hadisədən sonra Cavabdeh ona qarşı psixoloji təzyiqlər göstərərək, telefonundakı köhnə tanışına aid mesajları əsas gətirib, “səni mən açmamışam, səni başqası açıb” kimi ifadələrlə məsuliyyətdən yayınmağa çalışmışdır. O, isə onu qıcıqlandırmaq məqsədilə zarafatla “hə, o məni açmayıb, amma qız uşağı ola - ola sürtmüşdü” kimi ifadə işlətdiyi zaman, məlum olmuşdur ki, Həmid onun xəbəri və razılığı olmadan bu səs yazısını qeydiyyata almış və sonra bu səs yazısını Prokurorluğa təqdim etmişdir. Bu, Azərbaycan Respublikası CM-nin 156-cı maddəsi (Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə cinayət tərkibi daşıyır və onun şəxsi hüquqlarının kobud şəkildə pozulmasıdır. Bundan əlavə, Cavabdeh bu barədə cəmiyyətə birbaşa məlumat yaymasa da, Cavabdeh onun evinə gələn zaman görən qonşular və tanışlar bu hadisəni başqalarına danışaraq onun haqqında “əxlaqsızdır”, “polis əməkdaşı ilə gəzirdi” kimi yalan, böhtan xarakterli şayiələrin yayılmasına səbəb olmuşlar. Bu hallar ona qarşı ictimai təzyiqin və aqressiyanın artmasına gətirib çıxarmış, şəxsi və ictimai həyatını iflic vəziyyətə salmışdır. Sosial çevrəsi tərəfindən təcrid edilmiş, ciddi psixoloji sarsıntılar yaşamışdır və artıq cəmiyyət içində normal şəkildə yaşamağa çətinlik çəkir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh dəymiş zərərin əvəzi olaraq 30.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,cavabdeh onu aldatmışdır ki, onu alacaq, ona görə onunla cinsi əlaqədə olmuşdur. Hər dəfə ona yalvardığı üçün uzun müddət ondan şikayət etməmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh özünü subay oğlan kimi təqdim etmiş, qızı ilə ailə quracağını bildirmiş, sonradan qızını aldadıb, yararsız edib ona ziyan vurmuşdur. Qeyd etdiyi ziyanın 10.000 manat maddi, 20.000 manatını isə mənəvi ziyan hesab edir. O, digər qadınların qız övladlarının toyuna gedir, pul salır ki, gələcəkdə qızının xeyir işində iştirak etsinlər. Cavabdeh bildirmişdir ki, qızlıq pərdəsini bərpa edə bilər, lakin qızına əməliyyat olmaz, səhhətində problemi var. Qızının namusu ləkələnmişdir, adət-ənənələri pozulub, ona görə maddi təzminat tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə baxılmış, polis leytenantı Cavabdeh “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozduğuna görə DİN-nn müvafiq əmri ilə ciddi intizam məsuliyyətinə cəlb edilmişdir. İş üzrə Sabirabad rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh əməlində CM-nin 149.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Sabirabad rayon Prokurorluğuna müraciət edərək Sabirabad rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh 2024-cü ili yanvar ayının sonunda onunla zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Sabirabad rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh əməlində CM-nin 149.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma nəticəsində edilən şikayət nə hüquqi, nə də tibbi cəhətdən təsdiqini tapmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi zərər çəkmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh dəymiş zərərin əvəzi olaraq 30.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında həmin məbləğin 10.000 manatını təşkil edən hissəsini maddi, 20000 manatını isə mənəvi ziyan kimi dəyərləndirmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyana görə 10000 manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, həmçinin hüquq-müafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının şikayətində göstərilən dəlillərin əsassız olması müəyyən edildiyindən,məhkəmə hesab edir ki, 20.000 manat mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh dəymiş zərərin əvəzi olaraq 30.000 manat pulun tutulub ona ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar