Məhkəmə qərarları › İş №2(009)-209/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-209/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-209/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan, Baki şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 31, mənzil 21-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 31, mənzil 21 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüququnun Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı RX seriyası ******* nömrə - ilə daşınmaz əmlakın dövlət Reyestrində 264 nömrəli reyestir kitabının 25653 nömrəli vərəqəsində xx.xx.2014-cü il tarixdən onun adına qeydiyyata alınmışdır. Bu gündə həmin mənzil onun mülkiyyətindədir. Ona məxsus olan mənzildə onunla birlikdə yaşamayan lakin formal olaraq qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, göstərilən mənzildə passport qeydiyyatında olsalarda faktiki olaraq orada yaşamırlar özlərinə başqa yaşayış yeri seçmişlər. O isə onların əvəzinə əlavə komunal xərclər ödəyir. Buda ona maddi çətinlik yaradaraq onun bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxara bilər. O dəfələrlə onlardan könüllü olaraq qeydiyyatdan çıxmalarını tələb etsə də onlar onun tələbinə məhəl qoymamışlar. Odur ki, işin faktiki hallarının araşdırılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi ev 31, mənzil 21-dən məhkəmə qaydasında qeydiyyatdan çıxarılmları məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə arasında bağlanmış alqı-satqı müqaviləsinə görə o mənzili almış və nülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir. Cavabdeh1 həmin mənzilə olan hüquqlarını itirmişdir. Digər Cavabdeh2 isə oradan qeydiyyatdan çıxarılmasına etiraz etmir. O, qardaşının keçmiş həyat yoldaşı olmuşdur. Ümumiyyətlə heç vaxt həmin mənzildə yaşamamışdır. Hazırda da başqa yerdə yaşayır, sadəcə olaraq onların yaşadığı mənzilin mülkiyyətdə olmasına dair sənədlər olmadığından qardaşının xahişi ilə gəlinin onun mənzilinə qeydiyyata salınmağına razılıq vermişdir. İddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi mülkiyyətçisi olduğu mənzildən cavabdehləri qeydiyyatdan çıxarmaq olmuşdur. İddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh1 və X1 (nümayəndə vasitəsilə) arasında 21 iyun 2012-ci il tarixdə paylı mülkiyyətdə olan mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən mənzil tam pay ilə iddiaçıya satılmışdır. 05 aprel 2014-cü il tarixdə dövlət reyestrində onun mülkiyyət hüququ qeydə alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dən də aydın olur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququ, o cümlədən istifadə hüququ qalmamışdır. Məhkəmə Cavabdeh2 münasibətdə qeyd edir ki, cavabdeh izahatında qeyd edilən şəxsin onun mənzilində heç vaxt yaşamadığını, qardaşının keçmiş ailə üzvü olduğunu, onların yaşadığı evin mülkiyyət sənədi olmadığından qardaşının xahişi ilə öz mənzilinə qeydiyyata salınmağına razılıq verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qərarda həmçinin göstərilmişdir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Yuxarıda qeyd edilən hüquqi mövqedən də aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir və Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan (və ya əmlak hüquqları artıq mövcud olmayan) şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı mülkiyyətçi müvafiq inzibati (daxili işlər - polis orqanına) orqana müraciət edə bilər. Mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxrarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq polis orqanına, imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq polis orqanına, imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar