Məhkəmə qərarları › İş №2(009)-211/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-211/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-211/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləcv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin icrası üzrə həmin notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş 3.10.2024-cü il tarixli icra qeydinin icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, biznes fəaliyyəti ilə məşğul olur. 2020-2021-ci illərdəki pandemiya səbəbindən biznes fəaliyyəti zəifləmişdi. Biznes fəaliyyətini bərpa etmək üçün pul lazım idi. Bu məqsədlə uzun müddət tanıdığı Reyhan Aslanovaya müraciət etmişdir. O onun həyat yoldaşının sinif yoldaşıdır, yaxın ailəvi münasibətləri vardır. Reyhan Aslanova ona 45.000 manat məbləğində pul verməyə razı olmuşdur. İlk öncə Reyhan Aslanova aralarında hər hansı sənəd tərtib olunmasını istəməmiş, lakin o və həyat yoldaşı təkidlə borc müqaviləsini sənədləşdirməyi tələb etmiş, Reyhan Aslanova aralarındakı münasibətlərini nəzərə alaraq sənədləşdirmənin lazım olmadığını bildirmiş, lakin o, daimi Çinə uçduğunu, biznes şərikinin olduğunu, gündə bir bədbəxt hadisə baş verdiyini bildirərək onu razı salmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisinə getmişlər, Reyhan Aslanovanın şəxsiyyətini təsdiq edən sənədi üzərində olmadığı üçün o yeznəsi Cavabdeh2 zəng etmiş, ondan şəxsiyyət vəsiqəsinin üzərində olduğunu soruşmuş, sonuncudan müsbət cavab aldıqdan sonra onun notariat ofisinə gəlməsini xahiş etmişdir. Cavabdeh2 notariat ofisinə gəlmiş, şəxsiyyət vəsiqəsini təqdim etmiş, kredit müqaviləsi onunla bağlanmışdır. Notariat ofisində Reyhan Aslanova ona 45.000 manat məbləğində pul vermişdir. O, Cavabdeh2 borc almamış, həmin borcu o, onun qayınanası X6 almışdır. Cavabdeh2 onu tanımır, onunla hər hansı münasibətləri olmamışdır. Onun ondan borc almağı absurddur. Bu günədək onu maksimum 2 dəfə görmüşdür. Bu müddət ərzində Cavabdeh2 ona borcun qaytarılması barədə bir dəfə də olsun müraciət etməmişdir. Kredit müqaviləsi üzrə Reyhan Aslanovadan aldığı 45.000 manat məbləğində pul tərəfindən tam həcmdə ödənilmişdir. Həmin faktı Reyhan Aslanova da təsdiq edə bilər. Cavabdeh2 notariat ofisinə icra qeydi almaq üçün müraciət etmiş, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi notariusu X14 tərəfindən 3.10.2024-cü il tarixli icra qeydi verilmiş və icra qeydi icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda Cavabdeh2la Reyhan Aslanovanın münasibətləri pozulmuşdur. Hikmət X1 Qurbanova ilə boşanır, Çinarə Qurbanova nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir, hazırda mülki iş məhkəmənin icraatındadır. Cavabdeh2 mediasiya prosesində və məhkəmənin hazırlıq iclasında barışmaq istəmişdir, lakin Çinarə Qurbanova iddiadan imtina etmədiyi üçün barışıq alınmamışdır. Cavabdeh2 məhkəmə iclasında Çinarə Qurbanovaya demişdir ki, onunla barışarsa, pul tələbindən imtina edəcəkdir. Məhz həmin səbəbdən Cavabdeh2 indi xatırlayıbdır ki, nə vaxtsa belə bir müqavilə bağlanmışdır, bu müqavilədən istifadə edərək Çinarə Qurbanovanı və Reyhan Aslanovanı sıxışdırmaq istəyir. Hazırda Cavabdeh2 hüquqdan sui-istifadə edərək onun hesabına varlanmaq istəyir. O, kredit müqaviləsi üzrə aldığı pulu vaxtında və tam həcmdə qaytardığı üçün müqavilənin icrasına xitam verilməsini istəyir. O, cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində özü üçün son dərəcə əlverişsiz vəziyyətə düşmüş, ona görə də həmin müqaviləni mübahisələndirə bilər. İcra qeydi verilərkən notarius tərəfindən ona icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. İcra qeydi qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Cavabdeh2 tərəfindən borcun qaytarılması barədə icra qeydi vermiş notariusa məlumat verməmiş, icra qeydi vermiş notarius borcun icra edilibedilməməsini araşdırmamışdır. Cavabdeh2 hüquqdan sui-istifadə edərək onun hesabına varlanmaq istəmişdir. Cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində özü üçün son dərəcə ağır vəziyyətə düşmüşdür. Müqavilə üzrə aldığı pulu vaxtında və bütövlükdə qaytarmış, ona görə də müqavilənin icrasına xitam verilməlidir. Etirazın dəlilləri: iddia tələbini qəbul etmir, hesab edir ki, iddia rədd edilməlidir. 1. Tərəflər arasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisində notariusun açılmış depozit hesabında 45000 manat pul vəsaiti borc verən X11 tərəfindən yerləşdirilmişdir. 2. Müqavilənin 7-ci bəndinin şərtlərinə görə borc alan müddətin keçməsi haqqında kreditor tərəfindən bildirişi aldıqdan sonra borc notarius tərəfindan icra qeydi əsasında mübahisəsiz tutulur. 3. Borc alanın göstərdiyi səbəblər yalnız borcu ödəməkdən yayınmaq üçün subyektiv mülahizəyə əsaslanır. 4. Onun ailə həyatının bu məsələyə heç bir aidiyyəti yoxdur. 5. Borc alanla əvəllər də ticarət münasibətləri mövcud olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin icrası üzrə həmin notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş 3.10.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, iddiaçı ilə bir neçə dəfə mənzil təmiri məsələləri ilə bağlı əlaqədə olmuşdur, bundan başqa onun heç bir münasibəti, hər hansı bir borc münasibəti olmamışdır. İddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında borc münasibəti olmamış, burada yeganə amil cavabdehin Reyhan xanımdan və qızından qisas almaq məqsədidir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, Reyhan xanımın yaşadığı yer ilə notariat kontorunun ünvanı arasında məsafə 700 metr təşkil edir, bu isə onu sübut edir ki, Cavabdeh2 gözləməyə ehtiyac yox idi, evə gedib şəxsiyyət vəsiqəni gətirmək daha məntiqli idi. Cavabdeh2 öz evini satmışdır, iddiaçıya pulu verməyə kifayət qədər imkanı var idi. Bildirir ki, iddiaçı özü bilirdi pulu nə üçün alır, özü əqdi imzalayıb. Pulun qaytarılması barədə iddiaçı heç bir sübut təqdim edə bilmir, ancaq onun subyektiv mülahizəsinə söykənir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir rayondandırlar, o, sinif yoldaşı X9 həyat yoldaşıdır. İddiaçı evləri santexnika malları ilə təmin edir. O, özü ev alqı-satqısı ilə məşğuldur. Evləri alır, təmir edir, satır. Bir dəfə Anar ondan borc istəmiş, o da verəcəyini bildirmişdir. Borcu rəsmiləşdirmək üçün notariusa getməli idilər. O, Tibb Universiteti ilə üzbəüz yaşayır, qızı və kürəkəni evlərini satıb onun mənzilinin olduğu bina tərəfdən ev alıb təmir edirdilər. Qızı həmin gün dərsdə olduğundan, o, isə şəxsiyyət vəsiqəsini tapa bilmədiyindən, Hikmətə öz oğlu kimi yanaşdığından borc müqaviləsi bağlaması üçün onu notariusa dəvət etmişdir. Hikmət gəlmiş və müqaviləni imzalamışdır, lakin kassada pulu verən o özü olmuşdur, pulu Anar götürmüşdür. Pulu o qazanmış, öz puludur. Hikmət ailə üzvü olmuş, iki nəvəsinin atasıdır, ona etibar etmişdir. Anar bütün borcu 1 il ərzində hissə-hissə qaytarmışdır. Bəzi hallarda naturada müəyyən məbləğ dəyərində ona mal vermiş və onu da borca hesablamışlar. Anarın ona heç bir borcu yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını, şahid ifadəsini dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 16 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 45000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir, borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. - 03 oktyabr 2024-cü il tarixli Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş icra qeydindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 45000 manat, borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla 45025 manat pul tutulması qeyd edilmişdir. Əsaslandırıcı hissə: İş materiallarından görünür ki, 16 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Qurbanov X10 Anar Zakir oğluna 45000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan krediti xx.xx.2023 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, Bakı şəhəri 51 saylı notarial ofisinin xx.xx.2024-cü il tarixli icra qeydində Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 45000 manat, borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla 45025 manat pul tutulması göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, icra qeydinin ləğv edilməsini xahiş etmişdir və tələbini icra qeydi vermiş notariusun borcun icra edilib-edilməməsini araşdırmaması, Cavabdeh2 hüquqdan sui-istifadə edərək onun hesabına varlanmaq istəməsi, eləcə də borcun Reyhan Aslanovadan alınması və ona da qaytarılması ilə əsaslandırmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın: - 161-ci maddəsinin tələbinə görə Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X8 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. - 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən, notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, tələbin əsasını iddiaçının biznes fəaliyyətini bərpa etmək üçün həyat yoldaşının sinif yoldaşı, yaxın ailəvi münasibətləri olan Reyhan Aslanovadan 45.000 manat məbləğində pulun borc alınması ilə bağlı sonuncunun kürəkəni Cavabdeh2 ilə aralarında bağlanmış 16 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə verilən icra qeydinin əsassız olması təşkil edir. Başqa sözlə, iddiaçı 45000 manat məbləğində pulu ona borca verən kimi Cavabdeh2 rəsmiləşdirilməsinə baxmayaraq pulu faktiki olaraq Reyhan Aslanovadan aldığı halda, cavabdehin əsassız olaraq icra nin aparılması üçün notariat ofisinə müraciət etməsi ilə razılaşmır. Belə ki, iddiaya görə borc məbləği Reyhan Aslanovadan alındığı kimi də qaytarılmışdır. İşin bu halını məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində təsdiq etmişdir. Məhkəmə cavabdeh tərəfin iddianın əsassız olması, Cavabdeh2 öz evini satdığı üçün iddiaçıya pulu verməyə kifayət qədər imkanı olması və iddiaçının xx.xx.2023 tarixədək borcu qaytarmadığı üçün notariat ofisinə haqlı olaraq müraciət etməsi və icra qeydinin də əsaslı olaraq verilməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin şahidin kürəkəni olmaqla hazırda ailə münasibətlərində gərgin münasibətlərinin olması iş materiallarında olan cavabdehin şahidin qızı ilə aralarında olan nikahın pozulmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-151/2025 saylı qətnaməsi ilə təsdiqlənir. Tərəflərin izahataları ilə o da təsdiq edilir ki, 16 noyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlanan tarixə cavabdehin şahidin qızı ilə ailə münasibətləri normal olmuşdur. Məhkəmə, İddiaçı cavabdeh Hikmət X2 kürəkəni kimi tanımaqla məhz şahidin xahişi ilə onun verdiyi borcun rəsmiləşdirilməsi zamanı borc verən kimi iştirak etməsinə dair iddiaçının izahatının və şahid ifadəsinin dəlillərini inandırıcı sayır və bu izahat və ifadəni sübut kimi qiymətləndirir. Belə ki, məhkəmə cavabdeh tərəfin iddia tələbinə etirazının “şahidin yaşadığı yer ilə notariat kontorunun ünvanı arasında məsafə 700 metr təşkil etdiyi halda cavabdehin iddiaçını gözləməyə ehtiyacı olmaması və evə gedib şəxsiyyət vəsiqəni gətirməsinin daha məntiqli olmasına dair”- dəlili ilə bağlı qeyd edir ki, iş üzrə dindirilmiş şahid məhz şəxsiyyət vəsiqəni tapa bilməməsi əsası ilə kürəkəni olan cavabdehə müraciət etməsini göstərmişdir. Cavabdeh tərəin “Cavabdeh2 öz evini satmaqla iddiaçıya pulu verməyə kifayət qədər imkanı olmasına dair” - dəlili ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla məhz həmin mənzilin satılmasından əldə edilmiş pul vəsaitinin borc verilməsini təsdiq edən sübut növü təqdim edilməmişdir. İkincisi, cavabdeh şəxsi pulunu verdiyi halda müqavilə müddəti bitdikdən sonra borcun qaytarılması barədə iddiaçı tərəfə hər hansı bir formada müraciət etməsinə, xəbərdarlıq etməsi ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən borc məbləği mübahisələndirildiyindən (faktiki borc aldığı şəxsə borcu qaytarılması ilə bağlı) notarius tərəfindən verilmiş icra qeydi ləğv edilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisindən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verimiş 03 oktyabr 2024-cü il tarixli icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisindən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar