Məhkəmə qərarları › İş №2(009)-2113/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2113/2021

24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2113/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müalicə xərclərinin ödənilməsi və ömürlük təqaüdün təyin olunması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müalicə xərclərinin ödənilməsi və ömürlük təqaüdün təyin olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.000 (qırx min) ABŞ dolları müalicə xərcinin və ömürlük 700 (yeddi yüz) manat təqaüdün hər ay alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yaşadığı Lənkaran rayonundan işləmək məqsədi ilə 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinə gəlmişdir. Bir elan vasitəsi ilə 2020-ci ilin mart ayında Cavabdeh ilə tanış olmuş və cavabdeh ona hər gün evində 7-8 saat təmizlik işlərinə baxacağını bildirmişdir. O, cavabdehə müqavilə bağlamağı təklif etsə də, o, buna qəti etiraz etmiş və ona iş adamı olduğunu və belə hərəkətə yol verə bilməyəcəyini demişdir. O, vəziyyəti ilə əlaqədar cavabdehlə razılaşmağa məcbur olmuşdur. Cavabdeh onu evində işlətməklə yanaşı həm də üç gün Bakı şəhəri, Şıxov qəsəbəsində yaşayan qudasının evini təmizləməyə də göndərmişdir. Bu cavabdeh tərəfindən ona qarşı məcburi tələb olmuşdur. Belə ki, 27 iyun 2021-ci il tarixdə cavabdeh ona sabah yəni 28.06.2021-ci il tarixdə Bakı şəhəri, Şıxov qəsəbəsində yaşayan qudasının evini təmizləməyə gedəcəyini bildirmişdir. O, da 28.06.2021-ci il tarixdə taksi ilə cavabdehin qudası Məhbubəgilə getmişdir. Məhbubə ona evin ikinci mərtəbəsinin pəncərələrinin şüşəsini silməyi tapşırmış, o, da işini görüb həyətə düşmüşdür. Lakin cavabdehin qudası Məhbuba onu yenidən ikinci mərtəbəyə çağırmış və şüşələrdə toz qaldığını, çıxıb pəncərələri yenidən silməsini bildirmişdir. O, çarəsiz qalıb yenidən pəncərələri silmək üçün işə başlamışdır. O, pəncərənin çöl tərəfinin qarşısına vurulmuş aqlayın üzərinə ayağını qoyarkən, aqlay yerindən qopmuş və o, ikinci mərtəbədən yerə daş parçalarının üzərinə çırpılmışdır. Hadisə yerindən onu Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasına gətirmişlər. O, xəstəxanada özünə gələndə ona ömürlük yataq xəstəsi olacağını bildirmişlər. Çünki onun onurğası qırılmış, içində olan ilik dağılmış, fəqərələr onurğanı müxtəlif yerlərindən zədələmiş, yalnız döş qəfəsindən yuxarı hissəsinin salamat qalmışdır. Cavabdeh onun müalicəsi üçün xəstəxanaya 10.941 (on min doqquz yüz qırx bir) manat pul ödəmişdir. O, hal-hazırda xəstəxanadan çıxarılmış, müalicələri yarımçıq qalmış, başqa yerdən gəliri də yoxdur, tənha qadındır. Cavabdeh isə ona köməkdən imtina edir ona daha heç bir köməklik göstərməyəcəyini bildirmişdir. Cavabdeh onun müalicə xərclərini və ömürlük təqaüdünü öz üzərinə götürməlidir. Çünki bugün onun ömürlük yataq xəstəsi olmağının səbəbkarı cavabdehdir. Belə ki, cavabdeh başqa şəxsin evində onu məcburi, təhlükəsizlik şərait yaratmadan işlətməsi nəticəsində o, ömürlük yataq xəstəsi olmuşdur. Həkimlərin sözlərinə görə onun müalicəsi yalnız Almaniya Respublikasında mümkündür və xərci 40.000 (qırx min) ABŞ dollarıdır, eyni zamanda onun gündəlik yaşamağı qidalanmağı və dərman preparatları almağı üçün cavabdeh ona ömrümün sonunadək hər ay 700 (yeddi yüz) manat təqaüd verməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək, izahatında cavabdehlə iddiaçının qarşılıqlı razılığı əsasında evində gəlib ev işlərinə kömək etdiyini, qohumugilə də cavabdehin tələb etməsinə görə deyil, özünün razılığı əsasında gedib işlədiyini, ümumiyyətlə heç bir məcburetmə halının mövcud olmadığını, iddiaçının qardaşlarının xahişi əsasında xəstəxana xərcləri üçün borc olaraq 12000 manat pul verdiyini, cavabdehin iddiaçının yıxılmasında heç bir təqsirinin olmamasını göstərərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DTX-nin Hərbi-Tibb Baş İdarəsi tərəfindən İddiaçı 27.06.2021-ci il tarixli Epikrizindən görünür ki, xəstənin deməsinə görə bir neçə saat əvvəl evdə işləyərkən ehtiyyatsızlıq ucbatından hündürlükdən yıxılaraq travma almış, şikayətləri yaranmışdır və ilkin olaraq DTX hospitala gətirilmişdir. Huşu aydın, ümumi vəziyyəti orta ağırdır. Normastenikdir. Dəri və görünən selikli qişaları avazımışdır. Periferik limfa düyünləri əllənmir. Tənəffüsü burunla olub sərbəstdir. Ağciyərlər üzərində auskultasiyada vezikulyar tənəffüs eşidilir. Döş qəfəsinin hər iki hissəsi tənəffüs aktında sinxron iştirak edir. Ürək tonları bir qədər karlaşıb. Baxışda xəstə məcburi vəziyyət aldığı qeyd edir. Palpasiyada bel və qarın nahiyyələrində ağrılar qeyd edilir. Hər iki aşağı ətrafda hissiyatın olmaması, paraplegiya qeyd edilir. Sol baldır nahiyyəsində deformasiya, kreptasiya, dərialtı hematom izlənilir. Hərəkətlər məhduddur. Xəstəyə S 32.0-Th12 fəqərə kompressiyon yerdəyişmiş sınığı, S 82.0-sol qamış ve incik sümüklərinin parçalı sınığı, qapalı kəllə beyin travması diaqnozu qoyulmuşdur. Xəstəyə 27.06.2021-ci il tarixində ümumi anesteziya ilə döş fəqərələrində "Posterior vertebral artrodez” və sol baldırda “Osteosintez” cərrahi əməliyatları icra edildi. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstənin yarası günaşırı steril sarğı edildi. Fizioterapevt həkim tərəfindən idman hərəkətləri, masaj tətbiq edildi. - Azərbaycan Respublikası DTX-nin Hərbi-Tibb Baş İdarəsi tərəfindən İddiaçı 28.06.2021-ci il tarixli Beyin KT müayinə protokolundan görünür ki, hər iki frontal paylarda sub kortikal yerləşmiş millimetirik ölçünə bir necə ədəd hemorasik-kontuzion sahələr izlənilir. Bazal qanqlionlar, daxili və xarici kapsula, döyənək cismi normal görünümdədir. Beyin kötüyündə və beyincikdə dəyişikliklər aşkarlanmadı. Orta xətt strukturları yerini dəyişməmişdir. İİİ və İV mədəcik orta xəttdə yerləşmişdir, normal ölçü və konfiqurasiyadadır. Beyinin lateral mədəciklərinin genişliyi normaldır, forması dəyişikliyə uğramamışdır. Beyin yarımkürələri və beyinciyin subaraxnoidal məsafələri genişlənməmişdir. Türk yəhəri və hipofiz normal görünümdədir. Paraselülyar strukturlardəyişikliyə uğramamışdır. Maksillar sinus, etmoid sinus, frontal sinus və gicgah sümüyünün məməvari çıxıntısının normal inkşaf etmişdir, pnevmatizasiyası pozulmamışdır. Hər iki daxili qulaq keçəcəyi simmetrikdir, genişliyi normaldır. Karanial sümüklərdə destruktiv, degenerativ və ocaqlı dəyişikliklər aşkar olunmadı. Nəticə: - hər iki frontal paylarda sub kortikal yerləşmiş millimetirik ölçünə bir neçə ədəd hemoragikkontuzion sahələr izlənilir. - Azərbaycan Respublikası DTX-nin Hərbi-Tibb Baş İdarəsi tərəfindən İddiaçı 28.06.2021-ci il tarixli Abdomen USM müayinəsindən görünür ki, qaraciyərin forması və yerləşməsi normaldır. Konturları hamardır. Qaraciyərin sağ payın çəp-vertikal ölçüsü 126mm - böyüməyib (norma 150 mm qədər). Parenximasının strukturası homogendir. Parenximanm exogenlivi Grade İ hepatosteatoza bağlı diffuz artıb. Qaraciyərdə fokal yer tutan lezyon izlənməmişdir. Qaraciyərdaxili öd yollan genişlənməmişdir. Xoledox - 5mm ölçülür. Hepatik və portal venoz sistem normaldır. Öd kisəsi ölçüləri və divarlarının qalınlığı normaldır. Öd möhtəviyyatı homogendir. Kisə daxilində konkrement aşkar edilmir. Dalağın ölçüləri norma daxilində olub, konturları düzgün və hamardır, parenximanm strukturası homogendir. Mədəaltı vəzin ölçüləri norma daxilindədir, konturu təbiidir, parenximasının strukturası homogendir. Exogenliyi adidir, Peripankreatik piy toxuması açıqdır. Hər iki böyrəyin ölçüləri, konturları və parenximasının qalınlığı normaldır. Kasacıalarda tək-tək duz kristalları izləndi. Hər iki böyrəkdə KL sistemi genişlənməmişdir. USM olaraq böyrəküstü vəzi proyeksiyasına aid patoloji dəyişiklik aşkar olunmur. Paraaortik limfa düyünləri böyüməmişdir. Qarın boşluğunda sərbəst maye görülmədi. Sidik kisə dolu həcmi - tam boşdur. Kisə daxilində fole katetri izlənir. Qaraciyər ilə diafraqma arası 80 mm qalınlıqda sərbəst maye var. - Azərbaycan Respublikası DTX-nin Hərbi-Tibb Baş İdarəsi tərəfindən İddiaçınnın 28.06.2021-ci il tarixli Qarın boşluğu KT müayinəsindən görünür ki, qaraciyərin forması, ölçüləri və yerləşməsi normaldır. Konturları düzgün və hamardır. Öd kisəsi adi formadadır, divar qalınlığı normal, konturları hamardır, İntraluminal konkrement izlənmədi. Dalağın ölçüləri normaldır. Konturları düzgün və hamardır, pareııximası homogendir. Pankreas ortotopikdir, ölçüləri norma daxilindədir. Hər iki böyrək üstü vəz normal forma və ölçüdədir. Medial və lateral ayaqların qalınlığı normaldır. Hər iki böyrəyin forma və ölçüləri normaldır. Konturları hamardır. Strukturası homogendir, kasa-ləyən sistemi deformasiya olunmayıb. Pararenal sahədə pataloji dəyişiklik izlənmədi. Kortiko-medullyar differensasiya saxlanılmışdır. Aortanın qarın boşluğundan keçən hissəsi normaldır. Qarın boşluğunda və retroperitonial sahədə pataloji limfa düyünü aşkarlanmadı. Qarın boşluğunda maye izlənmədi. Nəticə: qarın boşluğunun müayinəsində patoloji dəyişiklik aşkarlanmadı. - Azərbaycan Respublikası DTX-nin Hərbi-Tibb Baş İdarəsi tərəfindən İddiaçı 28.06.2021-ci il tarixli Torakal KT müayinəsindən görünür ki, Th12 fəqərə cisində svinal kanal doğru uzanan qəlpəli sınıq izlənilir. Divararlığı normal genişlikdədir və orta xəttə yerləşmişdir. Mediastenal ana vaskulyar strukturlar və ürək bosluqları normaldır. Ürək normal konfiqurasyonda ortatopikdir. Perikardiyal boşluqda maye artışı aşkar olunmur. Traxeya, sağ və sol ana bronxlar açıq olaraq izlənilir.Traxeyanın genişlənməsi nəzərə çarpmır. Ezofaqus normal olaraq dəyərləndirildi. Mediastenal və hər iki hiler bölgədə pataloji ölçüdə limfa düyünü aşkarlanmadı. Hər iki ağciyər parenxim sahələrində aktif infiltrasyon və solid və ya kistoz törəmə aşkarlanmadı. Torakal yumşaq toxumalarda patoloji dəyişiklik aşkarlanmadı. Nəticə: hər iki ağciyərin parenxim sahələrində aktif infiltrasyon və solid və ya kistoz törəmə aşkarlanmadı. Th12 fəqərə cisində spinal kanal doğru uzanan qəlpəli sınıq izlənilir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı cavabdehin onu başqa şəxsin evində məcburi, təhlükəsizlik şərait yaratmadan işlətməsi nəticəsində ömürlük yataq xəstəsi olması əsası ilə hazırki iddia ilə müraciət etmişdir. İddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, o, işləmək məqsədi ilə 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və Cavabdeh ilə tanış olaraq sonuncunun hər gün evində 7-8 saat təmizlik işləri ilə məşğul olması ilə razılaşmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə öz xidmətlərini təklif etmiş və tərəflər şifahi razılaşmaya gələrək iddiaçı qeyd etdiyi işləri görərək işləməyə başlamışdır. İddiaçının iddia ərizəsində cavabdehə müqavilə bağlamağı təklif etsə də, onun buna qəti etiraz etməklə ona iş adamı olduğunu və belə hərəkətə yol verə bilməyəcəyini deməsini göstərməsinə məhkəmə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla bu halın həqiqətən də baş verməsi inandırıcı deyildir. Belə ki, iddiaçı müqavilə ilə işləmək niyyəti olsa idi onun cavabdehlə işləməsinə məcbur olmayaraq digər seçimləri də var idi. Başqa sözlə, müqavilə ilə işləmək istəyən iddiaçı təklif olunan işdən imtina edib, digər bir müqavilə bağlamaq yolu ilə özünə iş seçə bilərdi. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlər həmçinin iddiaçının cavabdehin onu evində işlətməklə yanaşı, həm də üç gün Bakı şəhəri, Şıxov qəsəbəsində yaşayan qudasının evini təmizləməyə də məcburən göndərməsinə dair dəlillərinə aiddir. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən (yuxarıda sadalanan) halların mövcud olmasını təsdiq edən hallara dair heç bir sübut növünü iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İddia ərizəsinə əlavə edilmiş tibbi sənədlər iddiaçının onurğasının qırılması, içində olan iliyin dağılması və fəqərələrin onurğanı müxtəlif yerlərindən zədələməsinə dair olmaqla, onun həqiqətən də hansı vəziyyətdə xəstə olmasını təsdiq edir. Lakin əlavə edilən sənədlər iddiaçının mövcud durumunda cavabdehin birbaşa təqsiri olmasını təsdiq etmir. Məhkəmə hesab edir ki, tərəflər arasında (əmək) müqavilə münasibətləri olmasa da, iddiaçının mübahisələndirdiyi hallar mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə kimi də qiymətləndirilməsini və mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməli olmasını tam istisna edir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Həmçinin mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusyon hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin əməllərində heç bir mülki hüquq pozuntusu əlamətləri olması müəyyən edilmədiyindən İddiaçı Cavabdeh qarşı "müalicə xərclərinin ödənilməsi və ömürlük təqaüdün təyin olunması" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müalicə xərclərinin ödənilməsi və ömürlük təqaüdün təyin olunması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar