Məhkəmə qərarları › İş №2(009)-2116/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2116/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2116/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 manat zərərin, 460 manat faizin, 2000 manat mənəvi sarsıntının və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, tanışı olan Cavabdeh ilə 2019-cu ilin iyun ayında görüşüb bir qədər söhbət etdikdən sonra cavabdeh ona turizm sahəsində işlədiyini bildirmişdir. Həmçinin cavabdeh ona Avropa ölkələrinə gedib gəldiyini, xarici ölkələrdə turizm sahəsində işləyən çoxlu tanışlarının olduğunu, Avropanın İtaliya və İspaniya kimi ölkələrinin turizm sahəsində inkişaf etdiyini və turizm sahəsini bilən mütəxəssis istədiklərini bildirmişdir. O, da oğlu Əkbərin turizm ixtisası üzrə ali təhsil aldığını və 1 il İsrail dövlətində turizm üzrə kurs keçərək sertifikat aldığını, ingilis dilini də təmiz bildiyini dedikdə Cavabdeh ona oğlunun Polşaya səfərini təşkil edəcəyini və oradan isə Avropa ölkələrindən birində turizm sahəsində işə düzəlməsini təmin edəcəyini bildirmişdir. Cavabdeh bu işin təşkil edilməsi üçün 2019-cu ilin iyul ayında ondan 4000 manat məbləğində pul almışdır. Lakin cavabdeh aldığı məbləğin müqabilində vədini yerinə yetirməmiş, onun oğlunu Polşaya və ya Avropanın digər ölkəsinə səfərini və həmin ölkələrin hər hansı birində işə düzəlməsini təşkil və təmin etməmişdir. Bu halda ondan pulun geri qaytarılmasını tələb etmiş və cavabdeh də ona 4000 manatın 1700 manatını qaytarmışdır. Pulun alınmasından 2 il keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı 2300 manat məbləği geri qaytarmamışdır. Belə ki, onun qeyd etdiyi halları təsdiq edən cavabdehlə vatsap yazışmaları vardır. Cavabdeh ona məxsus olan 2300 manat pul vəsaitini özündə saxlamaqla ona zərər vurmuşdur. Hesab edir ki, cavabdehin təqsirindən öz pulundan vaxtında istifadə edə bilmədiyinə görə cavabdeh tərəfindən ona illik beş faiz dərəcəsi ilə 460 manat faiz də ödənilməlidir. Eyni zamanda o, cavabdehin təqsirindən məhkəmə çəkişmələrinə məruz qalmış, aldadıldığı üçün ailəsinin, uşaqlarının qarşısında biabır olmuş, bunun nəticəsində mənəvi sarsıntılar keçirmiş, həmin mənəvi sarsıntıları o, 2000 manat qiymətləndirir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, tanışı Samir adlı şəxslə danışanda ona Zamiq adlı şəxsin onun üçün vizanı təşkil etdiyini bildirmiş, o, da inanaraq oğlu üçün də xaricdə işləməsi üçün viza düzəltməsi ilə bağlı Zamiqlə danışmışdır. Bununla bağlı o Samir adlı şəxsə, Samir isə pulu Zamiqə vermişdir. Bunu Zamiq özü də təsdiq edir. Cavabdeh ondan başqa bir neçə adamdan da belə pul almışdır. Lakin digər şəxslərin pulunu qaytarmışdır. O, Zamiqə 3500 manatdan çox 4000 manata yaxın pul vermiş, həmin puldan 1250 manat pulu Zamiq ona Sergey adlı şəxs vasitəsi ilə qaytarmış, qalan pulu isə qaytarmır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır. O, təsdiq edir ki, İddiaçı öz oğlu üçün Avropaya getməklə bağlı viza məsələsini həll etməsi məqsədi ilə 3.000 manatdan artıq olan məbləği Cavabdeh vermiş, həmin məbləğdən 1.300 manat məbləği cavabdeh iddiaçıya qaytarmış, 2.300 manatdan çox məbləğdə pul isə qaytarılmamışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iddiaçı oğlunu Polşaya və ya Avropanın digər ölkəsinə səfərini və həmin ölkələrin hər hansı birində işə düzəlməsini təşkil və təmin etməsi məqsədilə cavabdehə pul verməsini, həmin pulun bir qisminin qaytarılmasını, qalan hissəsinin isə hələ də cavabdehdə olmasını iddia edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra normalarına istinad etməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələblərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135 və 157.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia etdiyi pul vəsaitinin mülkiyyətçisi olsa da, həmin pulun cavabdehin sahibliyində olmasını və bunun qanunsuz olması faktını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə baxışı zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində oğlunun Polşaya və ya Avropanın digər ölkəsinə səfərini və həmin ölkələrin hər hansı birində işə düzəlməsini təşkil və təmin etməsi müqabilində Cavabdeh 4000 manat pul verməsini, həmin puldan 1700 manatın qaytarılmasını və 2300 manat pulun isə qaytarılmamasını bildirsə də (məhkəmə iclasında izahat verən zaman fərqli məbləğlər göstərmişdir) buna dair hər hansı bir tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 62-ci və 104.1-ci maddələri şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, şahid iddiaçının tanışı olmaqla onunla cavabdeh arasında olan münasibətlərdə birbaşa olaraq iştirak etmədiyindən, məhkəmə tərəfindən şahid ifadəsi iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi qiymətləndirilir və bu ifadə iddianın əsaslı olması üçün mötəbər sübut kimi qəbul edilmir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının 2300 manatın qaytarılması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın qeyd edilən hissədə rədd olunması nəticəsinə gəldiyini, iddianın digər hissələrinin (əldən çıxmış fayda, mənəvi zərər) isə törəmə tələblər olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissələrə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya pulu cavabdehə verməsi faktı mövcud olduğu təqdirdə həmin pulun qaytarılması ilə bağlı ona qarşı mötəbər və tutarlı sübutlar müqabilində iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar