Məhkəmə qərarları › İş №2(009)-212/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-212/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-212/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun alınaraq ona verilməsinə və mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi inşa etmək üçün Cavabdeh ona müraciət etmişdir və bununla bağlı razılığa gəlmişlər. Cavabdeh tərəfindən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir, həmçinin fərdi yaşayış evinə ünvan verilməsi barədə razılıq vermişdir. Qeyd olunmalıdır ki, bütün bunlarla bağlı cavabdeh ona 7000 (yeddi min) manat məbləğində pul verməli idi. Lakin fərdi yaşayış evi inşa edildikdən və o, fərdi yaşayış evinə ünvan verilməsi barədə razılıq verdikdən sonra cavabdeh vəd etdiyi pulu verməmişdir. Dəfələrlə cavabdehə pulu verməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır, sonda isə ödəməkdən imtina etmişdir. Cavabdeh onu aldadaraq sənədləri əldə etməyə nail olduqdan sonra vəd etdiyi pulu verməkdən yayınmışdır. Hətta cavabdeh tikinti işləri apararkən ona məxsus çardağı sökmüş, çardaqda olan tikinti materiallarının sıradan çıxararaq ona maddi zərərə vurmuşdur. O bu barədə Səbail rayon Prokurorluğuna şikayət etmiş, araşdırılması üçün Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə göndərilmişdir. Mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsinin məqəsədə müvafiq olduğu barədə cavab verilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh tərəf mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız olduğu üçün qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı oğlu Əflatunla 2017-ci ildə bir dostunun vasitəsilə tanış olmuşdur. Əflatun anasının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 2-ci dalan küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin bir hissəsini satışa çıxarıldığını bildirmişdir. Aralarında razılaşma əldə edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini, yəni 0.0125 ha sahəsini fərdi yaşayış evinin tikintisi üçün 15000 manata ona sataçaq. Razılaşmaya əsasən onun tərəfindən 11000 manat beh verilmiş və o həmin torpaq sahəsində tikinti işlərinə başlamışdır. Qalıq məbləğ isə, yəni 4000 manat alqı-satqı zamanı verilməli idi. Sonradan iddiaçı ona bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarışı itirmişdir, hənin sənədlərin bərpası üçün müəyyən müddət lazımdır. Qeyd olunan torpaq sahəsinə aid sənədlər bərpa olunanadək onun tərəfindən inşa olunan fərdi yaşayış evinin tikintisi başa çatmişdir. O, yerdə qalan 4000 manat məbləği ödəməklə alqı-satqının apanlmasını iddiaçıya təklif etmişdir. Lakin iddiaçı torpaq sahəsini ona satmaqdan imtina edərək, yenidən 15000 manat tələb etmiş, əks təqdirdə ona bildirmişdir ki, “tikdiyin evi sök apar”. Məcbur qalıb yenidən torpaq sahəsini 15000 manat ödəməklə almışdır. Bu barədə 05 noyabr 2022-ci il tarixli, AN-11090809 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci tarixdə **********32-10301 reyestr nömrəli, çıxarış almışdır. Onun İddiaçı borcu yoxdur. İddiaçı iddia tələbi əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı ilə aralarında rəsmi alqı-satqı müqaviləsi imzalanmış və onun tərərfindən alqı-satqı müqaviləsinə əsasən, müqavilədə qeyd olunan məbləğ iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən 125.9 kv.m alıcı Cavabdeh 15000 manata satmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2N xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırkı iddia tələbində İddiaçı cavabdeh tərəfindən 7000 manat pulun və mənəvi zərərə görə 200 manat pul vəsaitinin Cavabdeh tutulmasını mübahisələndirsə də, həmin zərərə dair hər hansı sənədi və digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələblərində gösərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, o cümlədən qeyd etdiyyi borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbləri üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı məhkəməyə cavabdehin hərəkəti nəticəsində hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın əvəzinin tutulması hissəsində də əsasızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar