Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2120/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı2, İddiaçı1 (eyni zamanda digər iddiaçıların nümayəndəsi), Cavabdehlərin nümayəndəsi və vəkili M.Q.Cəlalzadənin iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi paylı mülkiyyət olmaqla “Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən ******* No-li çıxarışa əsasən onların ümumi paylı mülkiyyətindədir və tarixi abidə statusunu daşıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən ünvan üzrə qeydiyyatda olmaqla həmin yaşayış sahəsindən istifadə hüququna sahibdirlər. Lakin uzun müddətdir ki, hər iki cavabdeh (ana və övlad) məlum fərdi yaşayış evinin satışına, satışdan əldə edilən gəlirin həm mülkiyyətçilər, həm də yaşayış sahəsindən istifadə hüququ olan digər şəxslər arasında ədalətli şəkildə bölünməsinə qərəzli maneçilik göstərirlər. Bu məqsədlə hətta tarixi abidə statusu daşıyan sözügedən yaşayış sahəsinin xarici estetik görünüşün qanunsuz olaraq dəyişdirilməsini, bununla əlaqədar olaraq mülkiyyətçilərin icazəsi olmadan yaşayış sahəsində satış prosesinə əngəl yaradacaq cari təmir işlərinin aparılmasını belə təşkil ediblər. Faktla əlaqədar olaraq tarixi abidənin mühafizəsinə mükəlləf olan “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” tərəfindən onlara məlum olan Cavabdeh1 2 dəfə olmaqla akt tərtib edilib və ona qanunsuz təmir işlərinin dayandırılması haqqında xəbərdarlıq olunub. Lakin müvafiq xəbərdarlıqlara məhəl qoymayan Cavabdeh1 qızı Cavabdeh2 ilə birgə təmir işlərini davam etdirib və yaşayış sahəsinin xarici estetik görünüşünü əhəmiyyətli sürətdə dəyişərək daxili eyvanın taxta materialdan olan pəncərələrini plastik pəncərələrlə əvəz edib. Müvafiq icra qurumunun təkrar xəbərdarlığına, qeyd olunan faktla bağlı fiziki tədbirlər görmək təşəbbüsünə baxmayaraq hər iki cavabdeh qadın olmaqlarından sui-istifadə edərək qanuni tədbirlərin icrasına, yəni plastik pəncərələrin sökülməsinə ciddi cəhdlə maneçilik törədiblər. Hər iki şəxs birmənalı olaraq yaşayış sahəsindən birgə istifadə qaydalarını kobud surətdə pozmaqdadırlar. Qeyd edilənləri həmin yaşayış sahəsində yaşayan və istifadə hüququ olan digər şəxslər də şahid qismində təsdiq edə bilərlər. Hər iki cavabdeh mülkiyyət üzərində sərəncam vermək, ondan sərbəst və səmərəli istifadə etmək hüquqlarını ciddi cəhdlə pozurlar. Buna görə də hesab edirlər ki, hər iki cavabdehin sözügedən yaşayış sahəsindən istifadə hüququna ərazi üzrə daşınmaz əmlakların kirayə bazar qiymətinə uyğun olaraq məhkəmənin müəyyən edəcəyi kompensasiya miqdarının ödənilməsi şərti ilə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar məhkəmə tərəfindən müəyyən edilməklə Cavabdeh1 və Cavabdeh2 hər birinə ərazi üzrə bazar qiymətinə müvafiq olaraq kompensasiya ödənilməsi şərti ilə onların ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və müvafiq olaraq həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, cavabdehlərin bir yerdə yaşaması və ana-övlad olması nəzərə alınmaqla onların hər birinə 8500 manat, ümumilikdə 17.000 manat ödənilməklə sözügedən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi adekvatdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına onların hər birinə 8500 manat olmaqla, ümumilikdə 17.000 manat kompensasiya ödənilməsi şərti ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi) iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdeh1 1988-ci ildən mübahisəli yaşayır, Könül onun qızıdır, orada anadan olub və orada yaşayır. Dəfələrlə cavabdehlərə mülkiyyətlərində olan evin satılmasına razılıq verməsini, satışdan əldə olunacaq puldan ona da kompensasiya verilməsinin təklif etmiş, cavabdehlər evi alan adamla onun danışmalı olduğunu və satışdan əldə olunan pulun onun tərəfindən bölünməli olduğunu bildirmişdir. Bu səbəbdən məhkəməyə hazırki tələblə müracət etməli olmuşlar. İddiaçı eyni zamanda məhkəmə tərəfindən kompensasiya məbləği kimi təklif olunan 28.000 manatla razı olduğunu bildirmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən kompensasiya məbləği kimi təklif olunan 28.000 manatla razıdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehlərin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdehlər iddiaçılar tərəfindən təklif olunan 17.000 manat kompensasiya məbləği ilə razı deyillər. Məhkəmə tərəfindən təklif olunan 28.000 manat kompensasiya məbləğini də qəbul etmir, çünki cavabdehlər yalnız iddiaçılar tərəfindən onlara həmin ərazidə 1-2 otaqlı mənzil alıb verilməsi yolu ilə istifadə hüququna xitam verilməsinə razılıq verə bilər. Cavabdehlərin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 87 saylı fərdi yaşayış evinin “A” tikilisinin ümumi sahəsi 32,6 kv.m., yaşayış sahəsi 22,4 kv.m., köməkçi sahəsi 10,2 kv.m., açıq eyvan 5,0 kv.m., tikinti altı sahəsi 31,2 kv.m. təşkil edir, 2 yaşayış otağından ibarət, “B” tikilisinin ümumi sahəsi 67,3 kv.m., yaşayış sahəsi 32,8 kv.m., köməkçi sahəsi 29,5 kv.m., tikinti altı sahəsi 35,4 kv.m. təşkil edir, 3 yaşayış otağından ibarətdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 87 saylı evi paylı mülkiyyət hüququ üzrə İddiaçı3 ¼ hissəsi, İddiaçı2 ¼ hissəsi, İddiaçı4 ¼ hissəsi, İddiaçı1 ¼ hissəsi mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə ünvan 1 ünvanında qeydiyyatda olan və daimi yaşayan X1, Rəsulov Ağa-X9, X2 və X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən həqiqətən M.Maqomayev küçəsi, ev 87 ünvanında yerləşən fərdi yaşayış evinin 2 ayrı-ayrı otağı yaşam şəraitinə uyğun olaraq aylıq 100 manat və 120 manat olmaqla ayrı-ayrı şəxslərə kirayəyə verilmişdir. İş üzrə İddiaçı1 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi barədə arayışa əsasən ünvan 3 ünvanında, istifadədə olan 0,00666 ha torpaq sahəsi üzərində yerləşən 94,9 kv.m. sahəli, 5 otaqlı fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə, həmin yaşayış evinə oxşar yaşayış evlərinin bu günə olan aylıq kirayə dəyəri 450-500 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu,Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların (hər birinin ¼ hissəsi) mülkiyyətindədir. İş üzrə cavabdehlər həmin ünvanda xx.xx.2000-ci il tarixdən əvvəl qeydiyyatda olmaqla yaşayırlar. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onların paylı mülkiyyətində olan fərdi yaşayış evi tarixi abidə statusunu daşıyır. Cavabdehlər həmin ünvan üzrə qeydiyyatda olmaqla həmin yaşayış sahəsindən istifadə hüququna sahibdirlər. İddiaçılar cavabdehlər tərəfindən paylı mülkiyyətçilər tərəfindən əmlakın satılması və satışından əldə olunan pul vəsaitinin mülkiyyətçilər arasında bölgüsünə qərəzli maneçilik törətməsini, tarixi abidə statusu daşıyan mübahisəli yaşayş sahəsinin xarici estetik görünüşünün qanunsuz dəyişdirilməsini, mülkiyyətçilərin razılığı olmadan qanunsuz cari təmir işlərinin həyata keçirilməsini, bununla bağlı müvafiq icra qurumları tərəfindən onlara xəbərdarlıqlar edilməsini, birmənalı olaraq cavabdehlərin yaşayış sahəsindən birgə istifadə qaydalarının kobud şəkildə pozmalarını əsas gətirərək, iddiaçılar cavabdehlərə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları xx.xx.2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçıların irəli sürdüyü tələbə, yəni cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ əldə etmiş ailə üzvünün istifadə hüquqlarına xitamı qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından həll edilməlidir. İddiaçılar birmənalı şəkildə cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarına sahib olmalarını bildirərək, həmin hüquqların kompensasiya verilməklə xitamı barədə tələb irəli sürmüşlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları,o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.
2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin norması, o cümlədən Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, kompensasiyanın məbləği şəxsə müəyyən müddət ərzində əvvəlki yaşayış sahəsinə uyğun sahədə yaşamağa imkan versin, yəni kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçılar tərəfindən cavabdehlərin istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya məbləği 17000 manat təklif olunmuşdur. İddiaçılar bu tələblərini paylı mülkiyyətlərində olan evin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğinin 450-500 manat həddindən olmasını, cavabdehlərə ödəniləcək 17.000 manat məbləğində kompensasiyanın üç ilə yaxın müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitli mənzildə yaşamağa imkan verməsi ilə əsaslandırmışlar. Bunu təsdiq edən sübut kimi məhkəməyə "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi barədə arayış təqdim etmişlər. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində “Google” internet portalından evlərin kirayə verilməsinə dair çıxarışla müəyyən olunmuşdur ki, İçəri şəhər ərazisində 1-2 otaqlı evlərin kirayə haqqı 1000-1700 manat həddindədir. Bu səbəbdən məhkəmə "xxxx" MMC tərəfindən 5 otaqlı mübahisəli evin kirayə haqqının 450-500 manat məbləğində olması barədə gəldiyi nəticəni bazar qiymətinə uyğun olmaması səbəbindən əsaslı hesab etmir və həmin arayışı mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə iddiaçılara cavabdehlərə ödəniləcək kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq 28.000 manat həddində müəyyən edilməsi barədə razılıqlarının olub-olmamasına dair fikirlərini öyrənərkən iddiaçılar həm məbləğlə razılaşmışlar. Məhkəmə iddiaçıların paylı mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini və məhkəmə tərəfindən real bazar qiymətinə uyğun cavabdehlərə təklif olunan kompensasiya məbləğini (28.000 manat), həmin məbləğin ödənilməsi barədə mülkiyyətçilərin razılığını nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehlərə 2 il 4 ay müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Məhkəmə cavabdehlərə təklif olunan kompensasiya məbləğinin hətta müəyyən müddət ərzində başqa yaşayış sahəsində yaşamağa imkan verməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğ ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Məhkəmə cavabdehlərin nümayəndəsinin cavabdehlərin istifadə hüququna xitam verilməsini mülkiyyətçilər tərəfindən onlara 1-2 otaqlı mənzil alınması yolu ilə mümkünlüyünə dair dəlillər üzrə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə istifadə hüququna xitam şəxsə daimi yaşamaq üçün mənzil alınması yolu ilə deyil, onların müəyyən zaman çərçivəsində yaşamasının təmin edilməsi məqsədi ilə verilən kompensasiya yolu ilə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev küçəsində yerləşən 87 saylı ev üzrə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına 28.000 (iyirmi səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev