Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2120/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, X4, X2 və X3 göstərilən ünvandakı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı hesab edir ki, uzun müddət ona məxsus mənzildə yaşamayan, artıq xarici ölkədə - Kanadada yaşadıqları və onun üçün əlavə kommunal xərclər ödəmək problemi yaratdıqları və s. səbəbdən həmin şəxslərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə 1985-ci ildən oğlu Cavabdeh1 yaşadığını, lakin 2011-ci ildə ailə qurduqdan sonra başqa ünvana köçdüyünü, ailəsinin və uşaqlarının onun mənzilində heç vaxt yaşamadığını hazırda isə ailəsi ilə birlikdə daimi olaraq Kanadaya köçdüyünü və orada yaşadığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 16 ünvanında yerləşən 22 saylı mənzilə İddiaçı mülkiyyət hüququ 18 aprel 1995-ci il tarixində qeydiyyata alınmışdır. - Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-yə ünvanladıqları ərizələrdən görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və ünvan 6 ünvanında 3 girişli, 15 mərtəbəli binanın giriş 2, mərtəbə 4, ümumi sahəsi 63.60 kv.m olan 1 otaqlı 100 saylı mənzili ünvan 7 ünvanda qeydiyyatda olan X1 adına rəsmiləşdirilməsini xahiş etmişlər. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1949-cu il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X5 və 23.10ö2014-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Səbail RPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X8, X5 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiqdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 16 ünvanında yerləşən 22 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh qismində göstərilən Cavabdeh1 iddiaçının övladı, Cavabdeh2 gəlini, X8, X5 və X6 isə nəvələri olmaqla mübahisəli ünvanda qeydiyyatdadırlar. Mənzildə onlardan başqa, iddiaçının izahatına əsasən həyat yoldaşı X7, övladları X9 da qeydiyyatdadırlar. Hazırda iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbini onların xarici ölkədə - Kanadada daimi yaşamaları və mübahisəli mənzildə qeydiyyatlarının əlavə kommunal xərclər ödəmək problemi yaratması ilə əsaslandırmışdır. Həmçinin iddiaçının izahatlarından görünür ki, övladı Cavabdeh1 mübahisəli ünvanda doğulmuş, yaşamış və Cavabdeh2 ilə 2011-ci ildə ailə həyatı qurduqdan sonra başqa ünvanda köçüb arvadı ilə birlikdə yaşamış və birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Əvvəl oğlu, daha sonra isə ailəsi daimi olaraq yaşamaq üçün xarici ölkəyə - Kanadaya köçmuşlər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq yaşayış sahəsinə hüququn itirilmiş hesab edilməsi barədə iddia ilə müraciət etmək hüququ icarədar və ya onun ailə üzvlərinə məxsusdur. - 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqdamüddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. - 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. - 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. - 123-cü maddəsinin İ hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsindən göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırki iş üzrə cavabdehlərin və onların övladlarının mübahisəli mənzilə istifadə hüquqlarının olub-olmamasına qiymət verilməli olması baxımından məhkəmə hesab edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən Cavabdeh1 münasibətdə 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə həmin müddətə qədər qüvvədə olan mənzil qanunvericiliyinin 60 və 87-ci maddələrinin, digər cavabdehə və onların uşaqlarına münasibətdə isə həmin tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İşin materiallarından görünür ki, mübahisəli əmlak xx.xx.1995-ci il tarixində dövlət qeydiyyatına alınmış və iddiaçının izahatına əsasən övladı Cavabdeh1 artıq uzun müddətdir ki, mübahisəli mənzildə deyil, əvvəl başqa mənzildə, hazırda isə digər xarici dövlətdə daimi olaraq ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iddiaçının cavabdeh olan gəlini Cavabdeh2 münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmçinin, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Lakin eyni zamanda məhkəmə hesab edir ki, iddia digər cavabdehə münasibətdə isə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 və övladları ailə qanunvericiliyin tələbləri baxımından iddiaçının ailə üzvləri sırasına daxil olmaqla mübahisəli mənzildən istifadə hüquqları vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 qarşı tələbin maddi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarının (60, 87, 123-cü maddələr) tətbiq edilməsi müəyyən edildiyindən onun mübahisəli mənzilə istifadə hüquqlarına xitam deyil, itirilmiş hesab edilməsinə dair tələb irəli sürülməli idi, lakin belə bir tələb işdə yoxdur və iddiaçı tərəfindən məhkəmə baxışı dövründə tələb dəqiqləşdirilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Lakin məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, onun övladları X8, X5 və X6 ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə (iddiaçının deməsinə görə Kanadaya) getməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Elektron infaormasıya sistemində cavabdehlərin və onların birgə nikahdan olan övladlarının da Azərbaycan Respublikasının hüdudlarını tərk etməsi görünsə də, Cavabdeh1 2020ci ildə Azərbaycan Respublikasını tərk etdikdən sonra hazıradək geri dönməmiş, Cavabdeh2 isə bir neçə dəfə Azərbaycan Respublikasına giriş-çıxış etmiş, sonuncu dəfə xx.xx.2024-cü ildə sərhəddən çıxış etmişdir. Qeyd edilənlər onların başqa yaşayış məntəqəsinə daimi yaşamaq üçün köçmələrinin sübutu kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarında olan, tərcüməsi təqdim olunmamış cavabdehlərin və onların övladlarının xarici dövlətdə şəxsiyyətlərini və yaşadıqlarını təsdiq edən sənədlərinin kserosurətlərinin mövcudluğu da iddianın tam əsaslı olması üçün yetərli deyildir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, Cavabdeh1 2020-ci ildə Azərbaycan Respublikası tərk etməsinə baxmayaraq müəyyən müddət sonra arvadının sərhədi keçməsi halında onların həqiqətən də digər yaşayış məntəqəsinə köçəmələri faktı mövcud olduğu təqdirdə bunu yazılı formada təsdiq etmək imkanından istifadə edə bilərdilər. İşin materiallarından da görünür ki, iddiaçı hazırki iddia ilə xx.xx.2024-cü il tarixdə, yəni, Cavabdeh2 Azərbaycan Respublikasının tərk etdiklən 12 gün sonra müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ünvan 1 ünvandakı mənzildən istifadə hüququna xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvandakı mənzildən istifadə hüququna xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2120/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2120/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver