Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-213/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X4, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı "nikahın pozulması və aliment" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X10 Cavabdeh qarşı "nikahın pozulması və aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış Bakı Nikah Evinin xx.xx.2016-cı il tarixli 755 №li akt qeydi nikahının pozulması, Cavabdeh azyaşlı uşaqları X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 50 faiz məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Bu nikah Bakı Nikah Evində xx.xx.2016-cı il tarixdə 755 №li akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin birgə nikahdan xx.xx.2017-ci il tarixdə X11 və xx.xx.2019-cu il tarixdə X9 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da son dövrlərdə kəskin pisləşmiş və münasibətlərinin pisləşməsinə səbəb Nahidlə xasiyyətlərinin düz gəlməməsi olmuşdur. Bu səbəbdən aralarında dəfələrlə sözləşmələr olurdu və nəticədə Nahid onu döyürdü. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil, ona görə də Nahiddən ayrılmaq fikri yaranmışdır və qəti olaraq boşanmaq istəyir. Uzun müddətdir ki, cavabdehdən ayrılıb valideynlərinin yaşadığı ünvana qayıdaraq orada yaşayır və cavabdeh də uşaqların saxlanması üçün heç bir aliment ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, nikahın pozulmasına razı olmadığını bildirmiş, lakin boşandıqları halda kiçik qızının onun yanında qalmasını xahiş etmişdir. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2017-ci il təvəllüdlü X11 anası və bacısı ilə yaşadığını, atasını da, anasını da, hamını çox istədiyini, atasının onlarla yaşamadığını, anasıyla yaşamaq istədiyini, amma atasıyla gəzmək, görüşmək, oynamaq istədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ- İİ seriyalı, 151253 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X12 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və həmin nikah 755 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına “Hacıyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 037122 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X11 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 346865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X9 Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X10 qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X10 Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Bu nikah Bakı Nikah Evində xx.xx.2016-cı il tarixdə 755 №li akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin birgə nikahdan xx.xx.2017-ci il tarixdə X11 və xx.xx.2019-cu il tarixdə X9 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da son dövrlərdə kəskin pisləşmiş və münasibətlərinin pisləşməsinə səbəb xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 valideynlərindən kimin yanında qalmaları və onların saxlanılmaları üçün alimentlə bağlı tərəflər arasında razılıq əldə edilməmiş və barışıq sazişi bağlanmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə, hazırda tərəflərin barışmaları ehtimalının istisna olunduğunu və ailənin qorunub saxlanmasının qeyri-mümkün olduğunu, iddiaçının nikahın pozulmasında təkid etdiyini, iş üzrə müvafiq ekspertizaların keçirilməsinə, komissiyanın rəyinin alınmasına sərf edilən müddət ərzində tərəflər arasında barışıq əldə edilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Bundan başqa, məhkəmə hazırkı iddia tələbi barədə qətnamə çıxararkən həmçinin uşağın valideynlərindən kimin yanında qalması və uşaq üçün alimentin hansı valideyndən hansı miqdarda tutulması məsələsinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulmasını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsulyyət daşıyırlar (maddə 58.2). Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli, şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və manəfelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi-sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 9-cu maddəsinə görə uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmamalıdır. Belə ayrılıq yalnız məhkəmənin qərarı ilə və uşağın mənafeləri naminə labüddür (məsələn valideynlər uşaqlarla sərt rəftar etdikdə və ya ona qayğı göstərmədikdə və s.), valideynlik borcunu təqsirli olaraq icra edilməməsinin ən yüksək məsuliyyəti və müstəsna tədbiri valideynlərin valideynlik hüququndan məhrum edilməsidir. Valideynlik hüquqlarından məhrumetmə yalnız qanunla müəyyən edilmiş əsaslarla və qaydalar üzrə mümkündür. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlər arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi bütün dövlət orqanları öz fəaliyyətlərində uşaqlarla bağlı məsələlərdə onların mənafelərini üstün tutmalı, uşaqların yüksək maraqlarına xüsusi əhəmiyyət verməli və onların hüquqlarının təmin olunması üçün şərait yaratmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 325 saylı rəyindən görünür ki, X6 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 326 saylı rəyindən görünür ki, Cavabdeh hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-1174/2024 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçı X4 himayəsinə verilmələrini məqsədəuyğun hesab etmişdir. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında saxlanılması məsələsini həll edərkən qeyd olunan normaları tətbiq edərək, eləcə də uşaqların üstün mənafelərini rəhbər tutaraq, uşaqların yaşını, hal-hazırda da analarının yanında yaşamalarını, fikri dinlənilən uşağın fikrini, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-1174/2024 nömrəli xx.xx.2024-cü il tarixli rəyini nəzərə alaraq, uşaqların hazırda ananın himayəsində və yanında qalmasının onların tərbiyə və təhsilinə, həmçinin psixi, fiziki və mənəvi cəhətdən inkişafına müsbət təsir edəcəyi qənaətinə gəlir və hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X9 iddiaçı (anaları) X4 yanında qalmalıdırlar. Məhkəmə uşaqların ananın yanında saxlanılması qənaətinə gəldiyindən qanunvericiliyin tələbi nəzərə alınmaqla uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmalı və miqdarı müəyyən edilməlidir. Məhkəmə tərəflərin uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin tutulması məsələsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (AM 76.2) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İş materialları və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi mövcud deyildir. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddia tələbinin həcmini, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə, alimentin hansı vaxtdan tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X10 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış və 755 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X9 iddiaçı (anası) X4 yanında saxlanılmalı, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X7 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilməli, iddiaçı tərəfindən çəkilmiş 100 manat məhkəmə xərcinin (dövlət rüsumu və mediasiya xərci 50+50) 50 manat hissəsi Cavabdeh tutularaq iddiaçı X7 ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 443.0.9-cu maddəsinə əsasən, nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Həmin Məcəllənin 446-cı maddəsinə əsasən, nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən olduğu yeri vardırsa; Azərbaycan Respublikasına gəldiyi vaxtdan ər-arvaddan biri vətəndaşlığı olmayan şəxsdirsə beynəlxalq səlahiyyətə malikdirlər. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X10 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış və 755 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X9 iddiaçı (anası) X4 yanında saxlanılsın. xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2023-cü il tarixindən hesablanaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X7 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin (dövlət rüsumu 50 və mediasiya xərci 50) 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq iddiaçı X7 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-213/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-213/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver