Məhkəmə qərarları › İş №2(009)-2130/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2130/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2130/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2018-ci ilin may ayının ortalarında həyat yoldaşının əmisi oğlu Cavabdeh onların evdə qonaq olarkən ona bildirmişdir ki, Nərimanov rayonu, X7 küçəsində “Nənəmin təndiri”nin yanında podvalda çay evi icarəyə verilir, əhali sıx gediş-gəlişi olan yerdir, bir az təmirə ehtiyacı var və çayçı üçün bir az da avadanlıqlar almaq lazımdır, onun tanışları var, çayçı işlədirlər, deyirlər ayda ən aşağısı 2000-3000 manat qazanc var, “pulun varsa mənə 3000 manat borc ver, 2 aya pulunu qaytararam, mənə kömək et”. Onların bir-birlərinə ailəliklə gediş-gəlişi var idi,həm də qohum idilər, atası Rafiqi yaxşı tanıdığından demişdir ki, sabah verər. Sabahısı gün saat 11 radələrində cavabdeh ona zəng etmiş demişdir ki, Keşlə qəsəbəsində məscisin yanında əmiləri ilə çay içirlər. O, dediyi yerə çayçıya gəlmiş görmüşdür ki, əmiləri İslah, Samir və onun qaynı Sahil da ordadırlar. Görüşəndən sonra elə onların gözü qarşısında çıxarıb Anara 3000 manat vermiş və pulu saymasını təkid etmişdir. Cavabdeh pulu saymış və ona təşəkkür edərək 2 ayın tamamında pulu qaytaracağını bildirmişdir. Bundan təxminən ay yarım sonra o, Anara nə qədər zəng etsə də, Anar telefona cavab verməmişdir. Atası Rafiq ona bildirmişdir ki, Anarın uşağı ağır xəstə idi, təcili xaricə müalicəyə aparıb, bir aya kimi qayıdacaqdır. Bu minvallah 1 ay da keçmiş və onun zənglərinə Anar cavab vermədiyinə, yenə də atasına zəng edib maraqlananda atası Rafiq demişdir ki, indi uşaq yaxşıdır, yaxında qayıdacaqlar. Avqust ayının sonlarında Rafiqgilə getmiş və ona demişdir ki, bəs Anar ondan 3000 manat çayçı açmaq üçün borc almışdır. Rafiq ona bu məsələdən xəbəri olmadığını bilmişdir. Təxminən 10 gün sonra Rafiqə bir də zəng etmişdir. Rafiq ona demişdir ki, Anarla danışıb, Anar yaxında qayıdacaq. Anar demişdir ki, “narahat olmasın, gələn kimi pulunu verəcəm”. Bu minvallah 4 ildir ki, Anar gəlib çıxmır. Atası Rafiq demişdir ki, heç yerdə işləmir ki, pulunu düzəldib verər, Anarın işlərində hələ ki alınmır. O, Rafiqə bir neçə gün bundan əvvəl zəng edib demişdir ki, artıq səbri tükənib ya pulunu qaytarın, ya da gedib Anardan məhkəməyə şikayət edəcək. Onun isə cavabı belə olmuşdur ki, “pulu verəndə mənimlə niyə məsələhləşmədin ki, indi necə istəyirsən elə də et”. Bundan sonra o, Anarın əmiləri ilə əlaqə saxlamış, ona demişlər ki, bəs Anar atası Rafiqdən küsüb ailəsi də götürüb çıxıb Almaniyaya gedibdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 3000 manat və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, cavabdehin əmisi oğlu, iddiaçının yeznəsidir. 2018-ci ilin aprel-may ayında həyətdə Anar və Yaqub da olmaqla oturarkən Anar bildirmişdir ki, kafe açıb iş görmək istəyir, bunun üçün borc pul lazımdır. O, demişdir ki, əsgərlikdən təzə gəlib, pulu yoxdur, Yaqub pul tapıb ona verə biləcəyini demişdir. Həmin söhbətdən bir neçə gün sonra Keşlədə “Keşlə” kafesində əmiləri və Anarla oturub çay içərkən Yaqub ora gəlib, Anara 3000 manat məbləğində borc pulu onların yanında vermişdir və Anar demişdir ki, pulu bir ay - bir ay yarıma qaytaracaq. Bir neçə ay keçdikdən sonra Anar Yaqubun pulunu qaytarmadığı üçün Yaqub pulu ondan istəmiş, o, isə demişdir ki, pulu Anarın atasından istəsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, cavabdehin əmisi, iddiaçı onun qardaşının kürəkənidir. Həqiqətən təsdiq edir ki, 2018-ci ilin may ayında Anar kafe açmaq üçün pul lazım oldutunu demiş, Yaqub işi olmadığı birgə işləmək məqsədi ilə Anara pul verəxəyini demiş və Keşlədə yerləşən “Keşlə” kafesində oturub çay içərkən Yaqub ora gəlib, Anara 3000 manat məbləğində pulu onların yanında vermişdir. Bir neçə müddətdən sonra Anar heç bir iş görmədiyi üçün Yaqub ondan pulu geri tələb etmiş, lakin bu günə qədər həmin pul qaytarılmamışdır. Anarın borcunu qardaşı Rafiq qaytaracağına söz versə də, xəstə və maddi imkanı olmadığı üçün pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, cavabdehin əmisi, iddiaçı onun qardaşının kürəkənidir. Həqiqətən təsdiq edir ki, Keşlədə “Keşlə” kafesində oturub çay içərkən Yaqub ora gəlib, Anara 3000 manat məbləğində pulu onların yanında vermişdir. Bu günədək Anar tərəfindən pul Yaquba qaytarılmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh 2018-ci ilin may ayında iddiaçıya müraciət edərək kafe açmaq və iş görmək üçün borc pul istəmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində pul vermişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh həmin pulu 2 ay sonra qaytarılmasını vəd etsə də, öz öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2). Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Məhkəmə qeyd edir ki, tərəflər arasında borc pulun verilməsinə dair müqavilə şifahi qaydada bağlanılsa da, məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində pulun verilməsi şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmaması halı öz təsdiqini tapdığından, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir . Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 50 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar