Məhkəmə qərarları › İş №2(009)-2140/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2140/2022

28.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2140/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Finn (Şahsuvarova) Nərminə Rauf qızına qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Finn (Şahsuvarova) Nərminə Rauf qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Finn (Şahsuvarova) Nərminə Rauf qızının onun mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla:Az1000, Xaqani küçəsi, 50, M3,m.4) ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 (yeni qaydalarla: AZ1000, Xaqani küçəsi, 50, M3, m.4) ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 29 avqust 2015-ci il tarixli 4Ə-378 saylı “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh Raur qızı tərəfindən onun adına rəsmiləşdirilmişdir. Bağışlanma müqaviləsi Bakı şəhəri 46 saylı notariat kontorunda bağlanılmışdır və AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsində daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. (Çıxarış Seriya RX № 0726461). Cavabdeh Finn (Şahsuvarova) Nərminə Raur qızı uzun müddət ərzində Böyük Britaniya və X2 Krallığında daimi yaşayır. Lakin bu günə kimi cavabdeh ünvan 1 (yeni qaydalarla: AZ 1000, Xaqani küçəsi, 50, M3, m.4) ünvanda yerləşən ona məxsus mənzildə pasport qeydiyyatındadır. Hal-hazırda cavabdeh başqa ünvanda daimi olaraq yaşayır və mübahisəli mənzildə ona məxsus əşyalar yoxdur. Cavabdehin ona məxsus olan evdə qeydiyyatda olması onun öz mülkiyyətinə sərbəst sürətdə sahib olmağına, ondan istifadə etməsinə mane olur və ona dair sərəncam verməyini məhdudlaşdırır. Hesab edir ki, cavabdeh Finn (Şahsuvarova) Nərminə Raur qızının onun xüsusi mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ 1000, Xaqani küçəsi, 50, M3, m.4) ünvanda yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi qanuna müvafiqdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakı Dövlət Reyestrindən ********** saylı, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 Yeni qaydalarla:AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 50, m 3, m.4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 4Ə-378 saylı “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 38.7 kv.m olan 2 otaqlı mənzil Cavabdeh Raur qızı tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, X1 və Finn (Şahsuvarova) Nərminə Rauf qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. Təqdim olunmuş Səbail rayon MKTB 4 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 100 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin bacısının dediyinə görə uzun müddətdir göstərilən ünvanda yaşamır. Yaşadığı ünvan məlum olmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna 33/4337 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Finn (Şahsuvarova) X4 (Şahsuvarova) Nərminə Rauf qızının dövlət sərhədindən çıxışı İAMAS bazasında xx.xx.2010-cu ildə qeydə alınmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında izah etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 38.7 kv.m olan 2 otaqlı mənzil 29 avqust 2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh Raur qızı tərəfindən İddiaçı bağışlanmışdır. Cavabdeh Raur qızı mübahisəli mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, xarici ölkəyə gedərək orada yaşayır, belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, Finn (Şahsuvarova) Nərminə Rauf qızı xx.xx.2010-cu ildə Azərbaycan hüdudlarını tərk edərək xarici ölkəyə getmiş və bir daha qayıtmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin uzun müddət ərzində qeydiyyatda olduğu mənzildə yaşamaması, mənzillə əlaqəsini kəsməsi, onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacının qalmamasını təsdiq edir. Ona görə də, cavabdehin mübahisəli mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Finn (Şahsuvarova) Nərminə Rauf qızının Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 22 saylı evin 17 saylı mənzildən istifadə hüququna xitam verilsin. Həmin qətnamə cavabdeh Finn (Şahsuvarova) Nərminə Rauf qızının Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 22 saylı evin, 17 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar