Məhkəmə qərarları › İş №2(009)-2159/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2159/2020

04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2159/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Əliyeva (Rəhimova) Gülnarə Elman qızının cavabdehlər “X4 Mərkəzi” MMC-yə və ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Əliyeva (Rəhimova) Gülnarə Elman qızı cavabdehlər “X4 Mərkəzi” MMC-yə və ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 18 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 9000 manat məbləğində pul krediti götürmüşdür. Kreditin təminatı kimi ona məxsus olan Bakı şəhəri, Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzili banka girov qoyulmuşdur. Kredit borcunun bir hissəsini ödəsə də, qalan hissəsi ödəyə bilmədiyi üçün Cavabdeh2 ASC Suraxanı rayon Məhkəməsində ona qarşı kredit borcunun ödənilməsi və borcun girov predmetinə yönəldilməsi tələbi ilə iddia qaldırmış və Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1750/2006 saylı qətnaməsi ilə ondan əsas faiz borcu kimi cəmi 8166,19 ABŞ dolları, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dolları və 19,80 manat dövlət rüsumunun alınıb Cavabdeh2 ASC-yə ödənilməsi, ondan tutulmalı məbləğin ipotekaya qoyulmuş Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq, tələbin əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1750/2006 saylı icra sənədinə əsasən Suraxanı rayon icra şöbəsi mülkiyyətində olan, ipoteka predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinin qiymətləndirilməsi üçün “xxxxxx” MMc-yə 17/73-09 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubu göndərilmiş və “xxxxxx” MMC ev 45000 manat qiymətləndirilmişdir. Suraxanı rayon icra şöbəsi “X4 Mərkəzi” MMC-yə ipoteka predmeti olan əmlakın açıq hərracdan satışının təşkil edilməsi barədə sifariş vermişdir. ”X4 Mərkəzi” MMC Həracın yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli protokol tərtib etmiş və həmin protokola əsasən ona məxsus Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilin son satış qiyməti 28688 manat məbləğində müəyyən edilmiş və mənzilin “xxxxxxxxxxxxxxxxxxx” ASC-yə satılması qərara alınmışdır. Hesab edir ki, Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 11.317 No-li, xx.xx.2011-ci il tarixli Hesabat və “X4 Mərkəzi” MMC-nin Hərracın yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli Protokolu qanunsuz və etibarsızdır. Belə ki, o, hərracın keçirməsi barədə məlumatlandırılmamışdır, hərrac onun xəbəri olmadan keçirilmişdir. 2019-cu ilin dekabr ayında ona məlum olmuşdur ki, ona məxsus olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzili 28688 manata Cavabdeh2 ASC-yə satılmışdır. O, ərizə ilə “X4 Mərkəzi“ MMC-yə müraciət edərək Hərracın yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli Protokolun surətinin ona təqdim edilməsini xahiş etmişdir. “X4 Mərkəzi” MMC-nin Hərrac yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli Protokolun surətini ona xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Hərrac sənədləri ilə tanış olarkən məlum olmuşdur ki, “X4 Mərkəzi” MMC ona xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli bildirişlər göndərmiş və həmin bildirişləri onun rəsmi qeydiyyata alındığı ünvana deyil, ipoteka predmeti olan evə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinə göndərmişdir. Halbuki o, həmin mənzildə heç vaxt yaşamamışdır və bu gün də yaşamır. Həmin mənzildə 1993-cü ildən mənzilini zəbt edib orada məskunlaşmış Şuşa rayonundan məcburi köçkün X14 və onun ailə üzvləri yaşayır. Hərracın keçirilməsini təşkil edən cavabdeh MMC hüquq normalarının tələblərinə əməl etməmiş, hərracın keçirilmə vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi barədə onu məlumatlandırmamış, hərracı gizli keçirərək onunla mübahisəli tərəf olan Cavabdeh2 ASC tərəfindən mənzilin alınmasına dair olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 11.317 Noli, xx.xx.2011-ci il tarixli hesabatın və “X4 Mərkəzi” MMC-nin hərracın yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, 2019-cu ildə evin banka satılması barədə məlumat əldə etdikdən sonra hərrac mərkəzində olarkən ona bildirmişlər ki, bank ona 30-35 min dollar pul verməlidir. O banka gedib bunu aydınlaşdırarkən bankdan ona bildirmişlər ki, ev onlara lazım deyil, 25 min manat onlara verilsə, onlar evi geri qaytarar. Məhkəmə iclasında izahatı alınmış cavabdeh ləğv prosesinə olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, bildirişlər qanunun tələblərinə uyğun tərəflərə göndərilmiş və hərrac qanuni əsaslarla keçirilmişdir. Təkrar hərrac baş tutmadığı üçün ipoteka predmeti tələbkara təklif olunmuş, həmin əmlak yekun protokol əsasında banka satılmış və bank mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Artıq məbləğin qaytarımlası barədə onda məlumat yoxdur. Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh «X4 Mərkəzi» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı 120906 nömrəli qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 19 saylı evin 41 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 mülkiyyətində olmuşdur. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2-1750/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin kserosurətindən görünür ki, cavabdeh X5 əsas və faiz borcu cəmi 8166,19 ABŞ dolları, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun müqabilində 19,80 manat məbləğində pul alınıb Cavabdeh2 ASC-nə verilməsi, cavabdeh X5 tutulmalı olan məbləğ ipoteka qoyulmuş Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 19 saylı evin 41 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, tələb əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. İş üzrə “xxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2011-ci il tarixli 11-317 saylı hesabata əsasən X9 məxsus olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzilinin dəyəri - 45.000 manat qiymətləndirilmişdir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra Şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclu X9 göndərilmiş xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, onlara Suraxanı rayon icraçıları şöbəsinin xx/xx-2319 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri,Yeni Günəşli, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 45.000 manata satılması ilə bağlı xx.xx.2011-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra Şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclu X9 göndərilmiş xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, onlara Suraxanı rayon icraçıları şöbəsinin xx/xx-2319 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri,Yeni Günəşli, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzilinin ilkin satış qiyməti 45.000 manata satılması ilə bağlı xx.xx.2011-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə X9 göndərilmiş zərflərin kserosurətindən görünür ki, Gülnarə Rəhimovaya göndərilmiş məktublar “Bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışlar. İş üzrə “X4 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın yekunları barədə Y-835 No-li, xx.xx.2012 protokolun kserosurətinə əsasən Suraxanı rayon Məhkəməsinin 2-1750/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar Suraxanı rayon İcra Şöbəsinin 17/73No2319 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən X6 mükiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı evin 41 saylı mənzili ilkin satış qiyməti 45.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 28.688 manata “xxxxxxxxxxxxxxxxxx” ASC-yə təklif olunmuş və bank həmin mənzili 28.688 manata almışdır. İş üzrə Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, ünvan 2 mənzil 41 ünvanında yerləşən əmlak keçirilən hərraclar zamanı satıldığına görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-1750/2006 saylı, xx.xx.2006-cı il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-1700/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı cavabdehlər X10 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddianın təmin edilməsi, X7, X15, X11, X12, X8, X13 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilindən çıxarılması və mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzili xx.xx.2002-ci il tarixdən X6 mülkiyyətindədir. Həmin mənzil 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün X14 və ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Həmin vaxtdan 26 il keçməsinə baxmayaraq, cavabdehlər mənzili tərk etməmişlər və hazırda da etmək istəmirlər. İş üzrə Əliyeva (Rəhimova) Gülnarə Elman qızı tərəfindən “X4 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, “X4 Mərkəzi” MMC-nin hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli, Y-835 No-li Protokoluna əsasən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilinin “xxxxxxxxxxxxxxxxxx” ASC-nə 28.688 manata satılması qərara alınmışdır. “X4 Mərkəzi” MMC-nin Hərracın yekunlarına dair xx.xx.2012-ci il tarixli, Y-835 No-li Protokolunu ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1750/2006 saylı qətnaməsi ilə X5 əsas və faiz borcu cəmi 8166,19 ABŞ dolları, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun müqabilində 19,80 manat məbləğində pul alınıb Cavabdeh2 ASC-nə verilməsi, cavabdeh X5 tutulmalı olan məbləğ ipoteka qoyulmuş Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 19 saylı evin 41 saylı mənzilə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq tələb əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. “xxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2011-ci il tarixli hesabata əsasən iddiaçının mülkiyyətində olan mənzilin dəyəri 45.000 manat qiymətləndirilmiş və mənzil açıq hərracdan satılması üçün “X4 Mərkəzi” MMC-yə təqdim edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, «X4 Mərkəzi» MMC tərəfindən hərrac keçirilərkən iddiaçıya hərracın vaxtı və yeri barədə rəsmi bildirişlər göndərilsə də, həmin bildirişlər ona çatdırılmamış və hərrac onun iştirakı olmadan həyata keçirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilən hərrac barədə ona hər hansı məlumat verilməmiş, hərrac gizli şəkildə keçirilmiş və hərracda iştirak etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsini xahiş etmişdir. AR Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Qeyd olunan normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda mülkiyyətçinin alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilməsi üçün ona hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüququn dayışıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Odur ki, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı mülkiyyətçi kimi ona hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi tələbinə riayət olunacağından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənildən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda əmlakın mülkiyyətçisinin əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Hazırki işdən görünür ki, İddiaçı (Rəhimova) hərracın keçirilməsinə dair bildirişlər göndərilsə də, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə hərrac mərkəzinə geri qatytarılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi çıxarılarkən, cavabdeh Gülnarə Rəhimova məhkəmə iclasında iştirak etməmişdir. Bu hallar onu göstərir ki, İddiaçı (Rəhimova) nə qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keçirilməsindən xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik hərrac təşkilatının üzərinə hərrac keçirilməsi barədə ipoteka qoyana bildiriş verilməsi vəzifəsini qoyur və ipoteka qoyanın hərracda iştirak etmək hüququnun məhdudlaşdırılması, həmin əmlakı əldə etmək hüququndan məhrum edir. iş materiallarından görünür ki, həm sifarişçi olan icra şöbəsi, həm hərrac təşkilatı ipoteka qoyanın məhkəmə qətnaməsindən və hərracın keçirilməsindən məlumatı olmamasını bilmişdir. Lakin buna baxmayaraq hərrac keçirilmiş və əmlak özgəninkiləşdirilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, ipoteka predmeti olan və iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hərrac baş tutmamış elan edildikdən sonra hərac təşkilatı tərəfindən banka satılması və əmlakın bank tərəfindən əldə edilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununun tələbləri pozulmuşdur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadığı üçün həmin tarixdə baş tutmamış elan edilsə də, ipoteka predmeti yalnız xx.xx.2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Halbuki Qanunun yuxarıda göstərilən tələbinə əsasən ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində, yəni xx.xx.2011-ci il tarixədək əldə edə bilərdi. Lakin baxmayaraq ki, təkrar hərrac xx.xx.2011-ci il tarixdə baş tutmamış elan edilmişdir, ipoteka saxlayan əmlakı 6 aydan sonra əldə etmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, hərrac təşkilatı eyni zamanda 47.4-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçıdan bankın xeyrinə cəmi 10524,19 ABŞ dolları məbləğində pul tutulmuşdur. Həmin dövrün məzənənsinə görə (mənzil banka satılan vaxt - 2012-ci ilin mart ayı) 1 ABŞ dolları təxminə 0,78-0,80 manat təşkil edirdi. Belə olan halda Gülnarə Rəhimovadan tutulmalı olan borc 8000-8500 manat arası təşkil edirdi. Lakin hərracın yekunları barədə protokoldan görünür ki, mənzil 28688 manata satılsa da, borc çıxıldıqdan sonra yerdə qalan məbləğin ipoteka qoyana qaytarılması müəyyən olunmur. Yəni mənzil banka 28688 manata satılsa da, iddiaçının bank qarşısında borcu cəmi 8000-8500 manat təşkil edir. Bu səbəbdən həmin borc məbləği mənzilin satış qiymətindən çıxıldıqdan sonra yerdə qalan məbləğ bank tərəfindən iddiaçıya qaytarılmalı idi. Lakin bank bu vəsaiti qaytarmamaqla faktiki olaraq əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol etibarlı əqd hesab edilə bilməz və bu səbəbdən də bağlandığı andan etibarsız hesab edilməlidir. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən Məcəllənin 337.2-ci madəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, hərrac “İpoteka haqqında” AR Qanununun tələblərini pozulmaqla keçirildiyi üçün onun etibarsız hesab edilməsi ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə iddiaçının hərracın keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmə müddətinin ötürülməməsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. AR Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindəki mübahisəli mənzil 1993-cü ildən məcburi köçkünlər tərəfindən zəbt edilmişdir və iddiaçı onların mənzildən çıxarılması ilə bağlı xx.xx.2019-cu il tarixdə Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia tələbi Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş və mənzildə yaşayan məcburi köçkünlər çıxarılaraq mənzilin Əliyeva (Rəhimova) Gülnarə Elman qızına təhvil verilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı mənzilin hərrac təşkilatı tərəfindən satılmasından 2019-cu ilin dekabr ayında məlumat almışdır və həmin vaxt hərracın yekunları barədə protokolun alınması ilə bağıl hərrac təşkilatına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi vaxtdan bir il ərzində hərracın yekunları protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi hərracın yekunları barədə Y-835 saylı, xx.xx.2012-ci il tarixli protokolun etibarsız hesab edilməsinə hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbindən kənara çıxılmalıdır. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, hərrac protokolu əsasında iddiaçının mülkiyyətində olan mənzil Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə qeyd edir ki, hərracın yekunları barədə protokol məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün, həmin hərracın hüquqi nəticələri də ləğv edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmalı və hərracın yekunları barədə protokol əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə qeyd və verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2011-ci il tarixli hesabatın etibarsız hesab edilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2011-ci il tarixli hesabat əqd hesab edilmir və həmin əqd yalnız əmlakın qiymətləndirilməsini özündə əks etdirən sənəd hesab olunur. Digər tərəfdən həmin hesabatın qanunun tələblərinə zidd olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim olunmadığından, onun etibarsızlığı ilə bağlı tələb əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, keçirilmiş hərracın qanunsuz olması öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 19 saylı binanın 41 saylı mənzilinin 28688 manata “xxxxxxxxxxxxxxxxxx” ASC-yə satılması haqqında «X4 Mərkəzi» MMC tərəfindən xx xxxx 2012-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y- 835 saylı protokol bağlandığı andan etibarsız hesab edilsin və həmin hərracın nəticələri ləğv edilsin. «X4 Mərkəzi» MMC tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli hərracın yekunları barədə Y- 835 saylı protokol əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar