Məhkəmə qərarları › İş №2(009)-217/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-217/2021

05.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-217/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X2 və Cavabdeh3 QSC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh3 QSC-yə, “xxxx” MMC-yə və hacıqabul rayon İcra və probasiya şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekun protokolunun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh3 QSC-yə, “xxxx” MMC-yə və hacıqabul rayon İcra və probasiya şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekun protokolunun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 19-181 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” və “xxxx” MMC tərəfindən keçirilmiş hərracın yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 498/2017 saylı qətnaməsinə əsasən iddiaçılardan 36671,51 ABŞ dolları məbləğində borc pul və 40 manat məbləğində dövlət rüsumu manat məbləğində borc pul və 21 manat xidmət haqqı tutulmalıdır. Tələb Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilə yönəldilməlidir. Sözügedən mənzilə qiymət qoyulması üçün cavabdeh şirkətə müraciət olunmuş, həmin şirkətin mütəxəssisi tərəfindən əmlaka 36.000 manat qiymət qoyulmuşdur. Həmin qiymət reallığı əks etdirmir və dəyərindən əksik qiymətləndirilmişdir. Hərrac mərkəzi tərəfindən keçirilmiş hərrac baş tutmadığına görə sözügedən əmlak ilkin satış qiymətindən 40 % aşağı qiymətə tələbkar banka təklif edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı1 və İddiaçı2 36671,51 ABŞ dolları məbləğində borc pul və 40 manat məbləğində dövlət rüsumu manat məbləğində borc pul və 21 manat xidmət haqqı turularaq Cavabdeh3 QSC-yə ödənilməlidir. Hacıqabul rayon İcra və probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında «xxxx» MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı1 mülkiyyətində olan Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzil 36.000 manata qiymətləndirilmişdir və bu barədə xxxx MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 19-181 №-li “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. Y-16/9 saylı xx xxxxxx 2020-ci il tarixli Hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzil 22,950 manata Cavabdeh3QSC tərəfindən alınmışdır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İddiaçı1 mülkiyyətində olan Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilə dair «xxxx» MMC tərəfindən qəbul edilmiş qiymətləndirilmənin nəticələri haqqında hesabat ona görə ləğv edilməlidir ki, göstərilən əmlakın xx.xx.2019-cu il tarixdə 36.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirmir. Belə ki, Səbail Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı1 mülkiyyətində olan Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması «X4» MMCyə həvalə edilmişdir. İş materiallarında olan «X4» MMC-nin xx.xx.2021-ci il tarixli ƏEM/Y 06-006/21 saylı ekspert rəyi ilə Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilin 2019-cu ilin noyabr ayı üçün orta bazar dəyərinin 50.000, likvid dəyərinin isə 42.000 manat olduğu göstərilmişdir. Göründüyü kimi mübahisəli «xxxx» MMC tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat»da Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilin xx.xx.2019-cu il tarix üçün ilkin qiymətinin 36.000 manat təşkil etməsi göstərildiyi halda, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələri üzrə isə qeyd olunan əmlakın bazar qiyməti əslində 50.000, likvid dəyərinin isə 42.000 manat təşkil edir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həqiqi ilkin qiymətinə görə Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilə dair «xxxx» MMC tərəfindən qəbul edilmiş mübahisəli xx.xx.2019-cu il tarixli 19-181 №-li «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» etibarsız hesab edilməli və həmin avtomobil 42.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satışa çıxarılmalıdır. İddia tələbinin “xxxx” MMC tərəfindən keçirilmiş hərracın yekun protokolunun etibarsız hesab edilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hərracın keçirilməsinə və əmlakın 36.000 manata hərraca çıxarılmasına səbəb olan “xxxx” MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə barədə hesabat etibarsız hesab edildiyindən iddia tələbi bu hissədə də təmin edilməlidir. Azər.Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Az. Resp. MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş «X4» MMC-nin xx.xx.2021-ci il tarixli saylı məktubundan görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat məsrəfdən ibarətdir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul şəhəri, ünvan 1 mənzil 18 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair «xxxx» MMC tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli 19-181 №-li «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və Y-16/9 saylı xx xxxxxx 2020-ci il tarixli Hərracın nəticələri haqqında protokol etibarsız hesab edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçılara ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən tutulub «X4» MMC-yə (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************47944, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar