Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-219/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərb Tibb Baş İdarəsinin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərb Tibb Baş İdarəsi və Cavabdeh2 qarşı «maddi və mənəvi zərər» barədə ərizəsi üzrə mülki işə tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərb Tibb Baş İdarəsi və Cavabdeh2 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 4.000 manat, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı böyrək ağrısından əziyyət çəkdiyindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərb Tibb Baş İdarəsinin həkimi cərrah Cavabdeh2 müraciət etmiş, həmçinin o, şəkərli diabet xəstəsi olduğunu bildirdikdə ona səhhətində heç bir problemin yaranmayacağını bildirilmiş və müayinə olunduqdan sonra həkim cərrah Cavabdeh2 ona belə əməliyyatlardan çoxlu etdiyini (böyrəkdəki kristalların götürülməsi), kifayət qədər təcrübəsinin olduğunu bildirdi. xx.xx.2020-ci il tarixində Torakal KT müayinəsinin nəticəsinə görə hər iki ağciyərin parenxim sahələrində aktiv infiltrasiya, solid və kistoz törəmə aşkarlanmamışdır. Həmçinin eyni tarixdə sidik sisteminin KT müayinəsinin nəticəsinə görə sağ böyrək aşağı kasada 34.0x15.0 mm ölçüdə mərcanvari daş izlənilmişdir. Daşın sıxlığı ***-**** HU olaraq ölçülüb. Aşağı payda parenxim içərisində əlavə olaraq 5.0 mm və 6.00 mm ölçüdən daş göründüyü qeyd edilmişdir. Həkim tərəfindən qeyd edilən analizləri və müayinələri etdirdikdən sonra cavabdeh xəstəxananın hesabına 1800 manat ödəniş etdikdən sonra, xx.xx.2020-ci il tarixində, saat 20:00-da həkim cərrah Cavabdeh2 tərəfindən əməliyyat edilmişdir. xx.xx.2020-ci il tarixində həkim Cavabdeh2 tərəfindən müayinə edildikdən sonra yara yeri sarğısı, antibioterapiyanın davamı nəticəsinə gəlinmiş və səhhəti kafi olduğu üçün evə buraxılmışdır. Səhhətində yaxşılaşma olmadığından oğlu S.Məmmədov onu “Buta Clinic” xəstəxanasına aparmış, həmin xəstaxananın həkimi uroloq-androloq cərrah həkim Araz Bayramovun qəbulunda olmuş və analizlər vermişdir. Məlum oldu ki, Cavabdeh2 tərəfindən böyrəyindəki kristalın yarısı çıxarılmamış, ümumiyyətlə ağciyər və sidik sisteminin KT müayinəsi və rentgenoqrafiyasının nəticəsi səhv bildirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərb Tibb Baş İdarəsinin həkimləri, başda həkim Cavabdeh2 və digər həkimlər özlərinə uyğun diaqnoz qoymuşlar və onu aldatmışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş etirazda qeyd olunmuşdur ki, İddiaçı sağ bel nayihəsində olan ağrılarla əlaqədar olaraq DTX-nın Hərbi-tibb baş idarəsində fəaliyyət göstərən həkim Ağalar Samir Böyükağa oğluna müraciət etmişdir. Müəyyən olunmuşdur ki, pasiyent daha əvvəllər böyrək daşı diaqnopzu ilə təqib edilmiş və son uroloji USM müayinəsində sağ böyrəkdə iri həcmli daş müşahidə edilmişdir. Bununla əlaqədar həkim Cavabdeh2 tərəfindən İddiaçı sağ böyrək daşı diaqnozu qoyulmuş və aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında pasiyentin razılığı ilə “sağtərəfli perkutan nefrolitotomiya” cərrahi əməliyyatı planlaşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixində qeyd olunan cərrahi əməliyyat baş tutmuş və uğurla sonlandırılmışdır. Cərrahi əməliyyatdan sonra aparılmış müayinələr nəticəsində müsbət dinamikanın olduğu müəyyən edildikdən sonra pasiyent evə buraxılmışdır. Məlumat üçün bildirilmişdir ki, əməliyyat öncəsində xəstənin ümumi vəziyyəti nəzərə alınaraq, əməliyyat müddətinin uzana biləcəyi, o cümlədən əməliyyat müddəti zamanı böyrəkdəki qanaxmanın kontrol altına alınmaması vəziyyətində daşın tamamının çıxarılmaması, eləcə də böyrəyin tamamilə çıxarılması ehtimalı barədə məlumatlar xəstənin diqqətinə çatdırılmışdır. İri həcmli (20 mm-dən yuxarı) böyrək daşlarının müalicəsində “perkutan netrolitotomiya” cərrahi əməliyyatın məqsədi daha az invaziv olması və xəstəyə daha az zərər verməklə böyrəkdəki daşın çıxarılmasıdır. Buna baxmayaraq daşın mərcanvari və iri həcmli olması (34x15 mm) qeyd olunan əməliyyat müddətinin uzanmasına və əməliyyat zamanı böyrəkdə qanaxma riskini artırmaqdadır. Belə olan halda daşın tamamilə çıxarılmasından daha çox xəstənin həyati vəziyyəti nəzərə alınmalıdır. Odur ki, daşın qırılma zamanı böyrəkdə qanaxma miqdarı artdığı, eləcə də əməliyyat müddətinin uzandığı halda əməliyyatın dərhal sonlandırılması qərarı məqsədəuyğun heab olunmalıdır. Əks halda xüsusən artıqçəkili və şəkərli diabet xəstələrində əməliyyat sonrası xəstənin ümumi vəziyyətində ağırlaşmalar, qanaxmanın davam etməsi, qızdırma, sepsis və ölüm halları belə ehtimal daxilindədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi A.Qarayev etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi F.Qurbanlı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında iştirak təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından, işin digər materiallarından aşkar surətdə göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsində çalışan Cavabdeh2 tərəfindən düzgün əməliyyat və müalicə aparılmaması nəticəsində sağlamlığına dəymiş ziyanın ödənilməsinə əsaslanmaqla, iddiasını əsaslandırdığı halların hüquqi tövsifi kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad etməklə mövcud iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin mülki hüquqi məsuliyyəti müəyyən olunmadığı üçün iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X4 xx.xx.2021-ci il tarixli rəyində qeyd olunur ki, İddiaçı “Sağ böyrək daşı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2020-ci il tarixdə onun üzərində “Sağtərəfli Perkutan nefrolitotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün aparılmışdır. İddiaçı sağ böyrəyində daşın mərcanvari, iri həcmli olması ilə əlaqədar daş əməliyyat zamanı qırılmış və qanaxma riskini nəzərə alaraq daşın tamamilə çıxarılması mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsində cavabdeh cərrah Cavabdeh2 tərəfindən aparılan müalicə və cərrahi əməliyyat zamanı sağlamlığına zərər vurulması iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini zərər vuran şəxs daşıyır. İş materiallarında olan sənədlə və iddiaçı tərəfindən təqdim olunmuş sübutlar ilə isə cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsi və cərrah Cavabdeh2 tərəfindən iddiaçıya zərər vurulmasına dair hər hansı hallar müəyyən olunmur. Ona görə də, S.Məmmədovun cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsi və cərrah Cavabdeh2 tərəfindən müalicə zamanı yol vermiş nöqsan, qüsur və səhvlər nəticəsində vurulmuş 4.000 manat maddi və 10.000 manat mənəvi zərərin cavabdehlərdən tutulması barədə iddia tələbi rədd olunmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərb Tibb Baş İdarəsi və Cavabdeh2 qarşı «maddi və mənəvi zərər» barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-219/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-219/2021
26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver