Məhkəmə qərarları › İş №2(009)-2190/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2190/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2190/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bülbül adına X11 Məktəbinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bülbül adına X11 Məktəbinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bülbül adına X11 Mətəbinin xx.xx.2024-cü il tarixli 42-S saylı əmrinin ləğv edilməsinə və oğlu X5 cavabdeh təhsil müəssisəsində təhsilinin davam etdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu X1 adına X11 Məktəbinin əvvəl kamança ifaçılığı sinfində, sonra isə xor drijoru sinfində təhsil alırdı. 2023-2024-cü tədris ili zamanı məktəbin müdriyyəti oğluna bildirdi ki, valideyni gəlsin sənədlərini götürsün və onu başqa təhsil müəssisəsinə aparsın. Müdriyyətin dediyinə görə guya oğlu təkrar illik imtahanlardan qeyri-kafi qiymət aldığına görə onu həmin məktəbdən xaric etmək qərarına gəliblər. O, bu barədə oğlunun qeyri-kafi qiymət aldığı fənnin müəllimi ilə əlaqə saxladıqda müəllim ona bildirdi ki, Eyyuba 4 (yaxşı) qiymət verib və onun qeyri-kafi qiymət alması barədə məlumatlar həqiqətə uyğun deyildir. Sentyabr ayının 16-da məktəbə getdikdə müdriyyət oğluna bildirib ki, o artıq xaric olunub. Həmin günü o, məktəbə gedib deyilənlərə maraqlandıqda ona xx.xx.2024-cü il tarixli əmri təqdim etmişdirlər. İddiaçı həmin əmri qanunsuz hesab edir. Belə ki, əgər oğlu hansısa fənndən qeyri-kafi qiymət almışdırsa, həmin fənndən təkrar imtahan götürülməsi müəyyən edilməli idi. Əgər həmin fənndən təkrar imtahan zamanı müvəffəq imtahan verə bilməzdisə, o zaman uşağın məktəbdən xaric olunması normal hal hesab edilə bilərdi . Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyib onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. O, eyni zamanda bildirdi ki, Eyyub musiqi sahəsində təhsil almaqda maraqlı deyil. Özü də dəfələrlə bildirib ki, bu sahəyə həvəsi yoxdur. Lakin valideynləri hər dəfə ona təhsilini musiqi sahəsində davam etdirməsi üçün təkid edir. Eyyubla birgə eyni zamanda 9 şagird də qeyri-məqbul nəticələrinə görə məktəbdən kənarlaşdırılıblar. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, şagirdi Eyyuba edilən xəbərdarlıqlara baxmayaraq, Eyyub hər zaman dərsə məsuliyyətsiz, laqeyd yanaşması ilə seçilib. Özü dəfələrlə etiraf edirdi ki, onun məşğul olmaq, ifa etmək həvəsi yoxdur. Keçən il tədris ilində ona verilən fürsət,müdriyyət tərəfindən verilən şansı dəyərləndirsə idi, bu il təhsil aldığı məktəbdən xaric olunmazdı. Valideyn öz övladının səhvini görmək və qəbullanmaq istəmir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, şagirdi Eyyub Harmoniya və Solfecio fənnindən İ yarımil yazılı imtahanda məqbul nəticə göstərmişdir. Lakin İİ yarımilin əvvəlindən başlayaraq ilin sonuna qədər mütəmadi olaraq özünü musiqi sahəsində deyil, başqa sahədə görmək istəyirdi. Dəfələrlə valideyninə bu barədə xəbərdarlıq edib ki, Eyyub ümumiyyətlə musiqi ilə məşğul olmaq istəmir. Nəticədə Harmoniya və Solfecio fənnindən qeyri-kafi nəticə göstərdi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan: Bülbül adına X11 Məktəbinin Nizamnaməsinin: 4.5.14-cü bəndində qeyd edilir ki, məktəbdə birinci, dördüncü və doqquzuncu siniflər müsabiqə sinfi sayılır. 4.6.21-ci bəndində qeyd edilir ki, aldığı qiymətlə razılaşmayan şagirdlərin təkrar imtahan vermə hüququ vardır. 4.6.23-cü bəndində qeyd edilir ki, tədris ili başa çatdıqdan sonra musiqi dövrü üzrə müvəffəqiyyət dərəcəsindən və nəticələrdən asılı olaraq Məktəbin pedoqoji şurası şagirdin növbəti sinifə keçirilmə imkanını müəyyən edir və ya onun məktəbdə qalmasının məqsədə uyğunluğu məsələsini həll edir. 4.6.24-cü bəndində qeyd edilir ki, şagirdlər müsabiqə imtahanlarında müsabiqə imtahanı fənnlərindən birindən-ixtisas aləti, solfecio, elementar musiqi nəzəriyyəsindən qeyri-keçid balı alarsa və ya peşə yararsızlığı səbəbindən Məktəbdə oxumasının məqsədə uyğun olmaması müəyyən edilərsə, məktəbdən çıxarıla bilər. Bülbül adına X11 Məktəbinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Ağayev Eyyub barəsində 2023-2024 tədris ili üzrə məktəbdə keçirilmiş illik imtahanlardan qeyri-kafi qiymət aldığına görə xx.xx.2024-cü il tarixdə təkrar imtahan keçirilməsi əmr edilmişdir. Bülbül adına X11 Məktəbinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Ağayev Eyyubun 2023-2024 tədris ili üzrə məktəbdə keçirilmiş illik imtahanlardan qeyri-kafi qiymət aldığına görə təhsilin davamını digər ümumi təhsil məktəblərində davam etdirməsi əmr edilmişdir. Bülbül adına X11 Məktəbinin AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, X6 2023-2024-cü tədris ilinin İX sinfini xor/dirijor ixtisası üzrə bitirmişdir. Tədris ilinin sonu ixtisas musiqi fənnlərindən keçirilən imtahanlarda çox zəif nəticə göstərərək solfecio/harmoniya fənnindən 28 balla 2 qiyməti almışdır. 2 il ərzində valideynlərinə şagirdin zəif nəticələri haqqında dəfələrlə məlumat verilmişdir. Əfsus ki, musiqi nailiyyətləri çox zəif olduğu üçün digər məktəbə keçirilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X1 adına X11 Məktəbində xor/dirijor ixtisası üzrə təhsil almışdır. İX sinifi bitirərkən ixtisas musiqi fənnlərindən imtahan vermiş və imtahanların nəticəsi kimi Məktəbin əmri ilə Məktəbdən kənarlaşdırılması qərara alınmışdır. İddiaçı isə hazırda həmin əmri mübahisələndirərək, oğlunun Məktəbə bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Bülbül adına X11 Məktəbi Nizamnaməsi əsasında musiqi təhsili sahəsində fəaliyyət göstərir. Məktəbin Nizamnasəsində qeyd edilir ki, məktəbin birinci, dördüncü və doqquzuncu sinifləri müsabiqə sinfi sayılır. Yəni ki həmin sinifləri bitirərkən şagirdlər müsabiqədən keçirilirlər. Müsabiqənin nəticəsində aldığı qiymətlə razılaşmayan şagirdlər təkrar müsabiqədən keçirilirlər. Müsabiqə imtahanında müsabiqə imtahanı fənnlərindən birindən qeyri-keçid balı alan şagird məktəbdən çıxarıla bilir. İş materiallarından görünür ki, şagird Ağazadə Eyyub İX sinfi bitirərkən müsabiqə imtahanı vermiş və müsabiqə imtahanı fənnindən qeyri-kafi qiymət almışdır. Bundan sonra şagird təkrar imtahana buraxılmış, lakin həmin imtahanda da nəticələri qeyri-kafi olmuşdur. Nəticədə isə şagirdin Məktəbdən kənarlaşdırılması qərara alınmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki,iddiaçının özü də ərizəsində qeyd edir ki, şagird ilk imtahandan sonra təkrar imtahana buraxılmalı və əgər həmin imtahanda da uğursuz olarsa, o zaman Məktəbdən kənarlaşdırılmalı idi. İş materiallarından görünür ki, şagird ilk imtahandan qeyri-kafi qiymət aldıqdan sonra təkrar imtahana buraxılmış, lakin həmin imtahandan da keçid balı yığa bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Məktəb şagirdin təhsil müəssisəsindən kənarlaşdırılmasında Məktəbin Nizamnaməsinin tələblərinə riayət etmişdir. Belə olan halda, Bülbül adına X11 Mətəbinin xx.xx.2024-cü il tarixli 42-S saylı əmrinin ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. AR “Təhsil haqqında” Qanununun: 14.5.8-ci maddəsinə əsasən təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.) təhsil müəssisəsinin növüdür. 31.0.2-ci maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri təhsil prosesinin iştirakçılarıdırlar. 32.5.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək təhsilalanın vəzifələrindəndir. 33.2.2-ci və 33.2.-cü maddələrinə əsasən təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək və tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədrismetodik vəsaitlərlə təmin olunmaq təhsilverənlərin hüquqlarındandır. AR Mülki Məcəlləsinin: 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar