Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2205/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, 35.000 manat kompensasiya, 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə verilməli olan 105,000 manat məbləğində pulun 7 il qanunsuz saxlandığına görə illik 5 faiz cərimə hesablanmaqla 36,750 manat məbləğində pulun, 35.000 manat pulun 4 ilə gör 5 faizlik cərimə hesablanmaqla 7,000 manat məbləğində pulun, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına görə hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqa görə 21,000 manat məbləğində pulun və 10,000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qadaşları küçəsində tikilmiş 8 otaqlı mənzil 09.03.2002-ci il tarixdən iddiaçının anası X1 adına qeydiyyata alınmışdır. Hazırda həmin mükiyyət 16.01.2021-ci il tarixdə payçılar İddiaçı, X3 və X2 adına qeydiyyata alınmışdır. 2009-cu ilin sentyabr-oktyabr aylarında “Xutor” qəsəbəsində Azərbaycan Respublikası Prezident Aparatının Rezidensiyası tikilməyə başladı. Bu səbəbdən əraziyə düşən mənzil və tikililərin kompensasiya ödənilməklə söküntüsünə başlanıldı. İddiaçının yaşadığı Novruzov Qardaşları 149 ünvanındakı 70 kvadrat metr ərazidə olan tikili də söküldü. Sökülmüş əraziyə görə ona 105,000 manat kompensasiya ödənilməli halda yalnız 2016-cı ildə 70,000 manat verildi. Məbləğdən qalan 35,000 manat məbləğində pul vəsaiti isə bu günə qədər ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçıya hər hansı bir kompensasiya ödənilməmişdir. Habelə sözügedən ünvanda olan tikililər cavabdeh tərəfindən sökülməmişdir. Bu səbəbdən hazırki iş üzrə "xxxx" MMC-nin heç bir aidiyyəti yoxdur. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3, X4 və İddiaçı paylı mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin 12.06.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Novruzov Qardaşları küçəsi 149 ünvanında yerləşən yaşayış sahəsi 137,28 kv.m, otaqların sayı 8 olan özbaşına tikilmiş evin həyətyanı sahəsindəki 70 kv.m sahəsi olan özbaşına tikili qeydiyyata alınmamış və Bakı şəhərinin Baş planına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sökülmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən sahəsi 70 kv.m olan özbaşına tikili Bakı şəhərinin Baş Planına əsasən yenidənqurma işləri ilə bağlı sökülmüş və iddiaçıya bunun müqabilində kompensasiya ödənilmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilənləri iş materialları ilə yanaşı yoxlayaraq qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən qeyd olunan ünvanda hər hansı söküntü işləri aparılmamış və iddiaçı tərəfə hər hansı kompensasiya ödənilməmiş yaxud tərəflər arasında bununla bağlı heç bir razılıq olmamışdır. İddiaçı ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Yuxarıda göstərilənlənə istinad edərək məhkəmə yekun nəticəyə gəlir ki, iddia tələbi ona cavab verməli olmayan tərəfə qarşı qaldırıldığından əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə verilməli olan 105,000 manat məbləğində pulun 7 il qanunsuz saxlandığına görə illik 5 faiz cərimə hesablanmaqla 36,750 manat məbləğində pulun, 35.000 manat pulun 4 ilə gör 5 faizlik cərimə hesablanmaqla 7,000 manat məbləğində pulun, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına görə hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqa görə 21,000 manat məbləğində pulun və 10,000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissələri məhz 35,000 manat ödənilməmiş kompensasiyanın cavabdehdən tutulması hissəsindən asılı olduğundan və həmin hissədən törəmə tələb olduğundan tələb bu hissədə də əsassız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” barədə iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2205/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2205/2021
22.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver