Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2227/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı avtomobil dayanacağının payçıya verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı avtomobil dayanacağının payçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Bakı şəhəri, Səbail rayon ərazisində fəaliyyət göstərən çoxmərtəbəli yaşayış binalarının inşasını aparan Cavabdeh MTK (rəhbəri Araz Abduləzimov) arasında bir ədəd avtomobil dayanacağının ona satışı barədə xx.xx.2013-cü il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanında inşa edilmiş binanın -1 qatında girişə yaxın hissədə 1 ədəd avtomobil dayanacağının (qaraj) payçı İddiaçı, yəni onun mülkiyyətinə verməsi, o, isə qabaqcadan müəyyənləşdirilmiş (qarajın) avtomobil dayanacağının haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüşlər. Sözü gedən müqavilənin 3-cü bəndinə əsasən bir ədəd avtomobil dayanacağı üçün ümumi dəyəri 15.000 manat müəyyən olunmuşdur. O, həmin müqavilənin İİİ-2 bəndinə əsasən qeyd olunan məbləği (15.000 manat) həmin gün MTK-ya ödəyərək Cavabdeh MTK-dan payçı olaraq heç bir borc qalığının olmaması barədə ona Maliyyə arayışı təqdim olunmuşdur. Belə ki, Bakı şəhər İH Başçısının xx.xx.2004-cü il tarixli 186 saylı sərəncamına və Dövlət Memarlıq-Tikinti Müfəttişliyinin xx.xx.2005-ci il tarixli 3391 No-li tikintiyə icazə vərəqəsinə əsasən 0,06 ha + 0,1383 ha birlikdə cəmi 0.1983 ha torpaq sahəsində çox mərtəbəli yaşayış binasının layihə sənədi əsasında tikilib istifadəyə verilməsinə icazə verilmişdir. Eskiz layihənin şərtlərinə əsasən tikintiyə icazə verilməsinə baxmayaraq MTK rəhbərliyi tərəfindən bilərəkdən 17 ildir ki, bina tikilib Payçıların istifadəsinə verilmir və bina, eləcə də mənzilləri onlara göstərməklə onları aldatmışdır. Bu da MTK-ya qarşı onlar payçılarda haqlı narazılıqlar yaratmışdır və yaratmaqda da davam edir. Layihə üzrə binanın tikintisinə 0,1983 ha torpaq sahəsinə bina,binadan bayırda sakinlər üçün bağ və digər istirahət ərazisinin tikintisi nəzərdə tutulmasına baxmayaraq, MTK rəhbərliyi payçılarla razılaşmadan qeyd olunan lahiyə üzrə binaya aid torpaq sahəsinin çox hissəsini qanunsuz olaraq özbaşına zəbt edərək hasarlanmış, lahiyə üzrə orada yaşıllıq sahə üçün nəzərdə tutulmuş sahəni ləğv etdirmiş, binanın zirzəmisindən, yəni payçılara satılmış avtomobil dayanacağından bayıra giriş-çıxış yolunu kəsərək, hərəkətlərinə qanunsuz olaraq qadağa qoymuşdur. Həmin binanın 33 saylı mənzilinin sahibi və sakini olmasına baxmayaraq, artıq son 9 ildə ona satılmış qarajdan o, da istifadə edə bilmir və digər payçılar kimi o, da özünü MTK tərəfindən aldadılmış sakin kimi hesab edir. Hal-hazırda isə MTK rəhbərliyi payçılarla razılaşmadan onlara təqdim olunmuş eskiz layihəsinə və tikinti normalarına zidd olaraq ərazidə (sıx bir yerdə) yeni bina tikilməsi üçün var qüvvəsi ilə çalışır. Bu da azmış kimi bildiklərinə görə MTK rəhbəri Araz Abduləzimov tamah məqsədi ilə binanın sözügedən alt hissəsindəki qarajı saxlanc yeri kimi anbar və ya obyekt qismində istifadə olunması üçün binaya və payçılara aidiyyatı olmayan şəxsə (hansısa quruma) satmış və etdiyi qanunsuz əməllərə görə son iki il ərzində payçılardan gizləndiyi üçün onu tapa bilmirlər. Bu barədə müxtəlif təşkilatlara müraciət olunsa da, onlara satılmış dayanacaqlan bayıra çıxış yolu inşa edilmədiyindən payçılar qarajdan istifadə edə bilmirlər. Həmin təşkilatların heç birindən şikayətlərinə məhəl qoyulmur və müraciətini onunla əsaslandırır ki, onları baş prokuror qəbul etsin. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli qaraj tikintisi haqqında müqaviləyə əsasən ünvan 2 ünvanında MTK tərəfindən inşa edilən binanın -1 mərtəbəsində maşın dayanacağının istifadəsi üçün ona tam hazır vəziyyətdə, yəni qaraja giriş-çıxış yolunun və hazırda mövcud olmayan qaraj qapısının inşa edilərək istifadəsinə verilməsi, həmin qaraj üzərində sahiblik, qarajdan istifadə və sərəncam vermək hüquqlarının tanınması, qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestr Xidmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surətini ona verilməsi, eləcə də binaya aid hissədə, yəni qarajdan çıxış yolu üzərində MTK tərəfindən qanunsuz zəbt edərək hasarlanmış ərazidə layihədən kənar və tikinti normalarına zidd olaraq inşa ediləcək yeni binanın tikintisinə qadağa qoyulmasına dair maneələrin aradan qaldırılmasının Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, dəfələrlə cavabdehə qarajın onlara təhvil verilməsi barədə müraciət etsə də, MTK hazırki vaxtadək öhdəliyini icra etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə «Podratçı» qismində Cavabdeh MTK-nın direktoru V.H.Əmiyevlə «Payçı» qismində İddiaçı arasında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqavilənin surətinə əsasən «Payçı» Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini «Podratçıya» həvalə edir. “Podratçı” binanın tikinti quraşdırma işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, Payçı isə ona düşən 12-ci mərtəbədə yerləşən tam sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin sahəsinin hər 1 kv.m üçün 1100 manat, cəmi 215.710 manat məbləğində pulu «Podratçı»ya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 236 saylı kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya mənzilin satışı ilə bağlı xx.xx.2013-cü il tarixli müqavilə üzrə 215.710 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-sına məxsusdur. Bu binanın 12-ci mərtəbəsində, 4 otaqlı mənzildə yerləşən yaşayış sahəsi 196,1 kv.m. olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. İş üzrə «Podratçı» qisimndə Cavabdeh MTK-nın direktoru V.H.Əmiyevlə «Payçı» qismində X1 arasında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqaviləyə əsasən «Payçı» Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini «Podratçıya» həvalə edir. Podratçı binanın tikinti quraşdırma işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, Payçı isə ona düşən 1 maşın qarajı üçün cəmi 15.000 manat məbləğində pulu «Podratçı»ya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 236 saylı kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-yə mənzilin satışı üçün xx.xx.2013-cü il tarixli müqavilə üzrə 15.000 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-sına məxsusdur. Maşın qarajı dayanacağı üçün borcu yoxdur. Payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında ünvan 5 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 12-ci mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanılmışdır. İddiaçı ilə cavabdeh arasında eyni zamanda ünvan 5 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin altında bir maşın qarajı ilə bağlı xx.xx.2013-cü il tarixli müqavilə bağlanılmışdır. Hər iki əmlakın dəyəri iddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş və bununla bağlı müvafiq kassa mədaxil orderləri və maliyyə arayışları verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında inşa edilmiş çoxsaylı yaşayış binasında yerləşən avtomobil qarajının tikilib iddiaçıya təhvil verilməsi barədə müqavilə bağlanılsa da, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi hazırki vaxtadək icra etməmişdir. AR Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Eyni Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Qeyd edilən Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri 2013cü il tarixdə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan AR Mülki Məcəllənin 178ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli maşın dayanacağının pay haqqı tam ödənildikdən sonra o, həmin maşın dayanacağı üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli maşın dayanacağın ona təhvil verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu maşın dayanacağı təhvil verməkdən imtina etmiş və iddiaçıya maşın dayanacağı üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maşın dayanacağının iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin həmin qaraj tikilisi üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması hissəsi üzrə qeyd edir ki, həmin hüquqlar mülkiyyət hüququnun komponentləri olmaqla iddiaçı faktiki olaraq əmlak üzərində mülkiyyət hüquqlarının məhkəmə tərəfindən tanınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, əmlak üzərində mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yarandığından, iddiaçının həmin tələbi təmin edilə bilməz. AR Mülki Məcəlləsinin qüvvədə olan 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh MTK müqavilə üzrə qarajın tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədən görünür ki, Cavabdeh MTK tərəfindən maşın dayanacağının hansı müddət ərzində təhvil verilməsi konkret müəyyən olunmamışdır. AR Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, mübahisəli qaraja dair müqavilə 2013-cü il tarixdə bağlanıldığından və iddiaçı binanın hazırda tikintisinin başa çatmasını iddia etdiyindən, lakin cavabdeh iddiaçıya qarajı təhvil verməkdən və orada sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı maneçilik törətdiyindən, iddia tələbi qaraja giriş-çıxış yolunun təmin edilərək iddiaçının istifadəsinə verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin qarajın iddiaçıya qaraj qapısının inşa edilərək təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh üzərinə qaraj tikilisinin onun qapısı inşa edilməklə iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürülməsinə dair müddəa olmadığından, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestri Xildmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surətinin ona verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, həmin aktın iddiaçı tərəfindən əldə edilməsi faktiki olaraq qaraj tikilisinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün labütdür. Məhkəmə iddia tələbinin binaya aid hissədə, yəni qarajdan çıxış yolu üzərində MTK tərəfindən qanunsuz zəbt edərək hasarlanmış ərazidə layihədən kənar və tikinti normalarına zidd olaraq inşa ediləcək yeni binanın tikintisinə qadağa qoyulmasına dair maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar (MTK tərəfindən qanunsuz zəbt edilmiş ərazidə tikinti normalarına zidd, layihədən kənar binanın tikintisi ilə bağlı) məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə... QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 6 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın “-1” mərtəbəsində yerləşən maşın dayanacağı (qarajı), qaraja giriş-çıxış yolu təmin edilərək İddiaçı istifadəsinə verilsin. Qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestri Xildmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surəti Cavabdeh MTK tərəfindən İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2227/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2227/2022
10.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver