Məhkəmə qərarları › İş №2(009)-224/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-224/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-224/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 nömrəli evin 59 saylı mənzili RX seriyalı ******* saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, qeyd olunan mənzildə öz ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, yaşayır. İş üzrə cavabdeh onun üst qonşudur. İlk vaxtlardan cavabdehin yaşadığı mənzildən onun yaşadığı mənzilə dəfələrlə su axıdılması nəticəsində onun mənzilinə ziyan dəymişdir. O, bununla bağlı dəfələrlə cavabdehə öz iradını bildirsə də, cavabdeh bu iradlara məhəl qoymamış və ziyan vurulmasının qarşısını almaqla bağlı heç bir tədbir görməmişdir. Sonuncu dəfə su axıdılması nəticəsində onun evinin mətbəx və otaq hissəsinə su axmış və su axması nəticəsində mənzilinin tavan və divarlarına ziyan dəymişdir. Qeyd olunan hal Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin rəisi A.Həsənov tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 39 saylı aktla sübuta yetirilir. Bundan əlavə bildirmək istəyir ki, həmin hadisə nəticəsində onun mənzilində olan bir sıra dəyərli məişət əşyaları da sıradan çıxmışdır. Bu hala dair isə dəymiş ziyanların qeyd olunduğu akt qonşular tərəfindən təsdiq olunmuşdur. Həmin aktdan da göründüyü kimi, Cavabdeh məxsus mənzildən ona məxsus mənzilə su axıdılması nəticəsində televizora görə 470 manat, xalça təmizləmə xidməti, divar kağızlarına görə 315 manat, tavana görə 70 manat, kondisionerə görə 60 manat, mətbəx tavanına görə 80 manat, ümumilikdə 995 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə illər boyu cavabdehin təqsirindən mənzilimə dəymiş ziyan ona və ailə üzvlərinə əsəb gərginlik vermiş. Nəticədə mənəvi sarsıntı keçirmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona vurulmuş maddi ziyana görə 995 manat, mənəvi ziyana görə isə 2.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2023-cü ilin noyabr ayının 10-da mülkiyyətində olan mənzildə heç kim olmamışdır, həmin günü saat 03.00-da aşağıdakı mərtəbədə yaşayan qonşusu ona zəng edərək evlərinə onların mənzilindən su axmasını bildirmiş, o, dərhal gələrək qonşusunun mənzilinə baxmış, hesab etmişdir ki, təmir zamanı hansısa bir nasazlıqdan qonşuya su axıb. Sonra öz mənzilinə daxil olarkən mənzilin su içərisində olmasını, mətbəx, koridor və böyük otaqdan yuxarı mərtəbədən su axmasını şahidi olmuşdur. Yuxarı mərtəbədə yaşayan qonşunun qapısını döymüş, qapını açanda onlardan onun evinə su axmasını müəyyən etmişdir. Məhkəməyə qədər ziyan tərtib edib cavabdehə göndərmiş, cavabdeh həmin məbləği verməkdən imtina etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, mülkiyyətində olan mənzildən iddiaçının mənzilinə su axmasını inkar etmir, lakin o, iddiaçıya bildirmişdir ki, su axma zamanı nə ziyan dəyib onun tərəfindən aradan qaldırılacaq. İddiaçı isə etiraz etmişdir. O, həm təmirə, həm də televizor və kondisionerə dəyən ziyanı ödəmək istəyirdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 nömrəli evin, ümumi sahəsi 69,4 kv.m. olan 59 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 nömrəli evin, ümumi sahəsi 66,1 kv.m. olan 3 otaqlı 61 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı, V.Şəfiyev, N.A.İmanov və E.Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən xx.xx.2023-cü ildə 59 saylı mənzildə yaşayan İddiaçı məxsus ev üst mərtəbədə yaşayan qonşu tərəfindən su axıntısına məruz qalmış, televizora görə 470 manat, xalça təmizləmə xidməti, divar kağızlarına görə 315 manat, tavana görə 70 manat, kondisionerə görə 60 manat, mətbəx tavanına görə 80 manat, cəmi 995 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin mühəndisi R.M.Sarıyev, texnik M.B.Muradov, çilingər Ə.Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, A.Abbaszadə küçəsi, 25 saylı binanın 61 nömrəli mənzilin su xəttində baş vermiş qəza nəticəsində (mənzilin sahibi Cavabdeh) A.Abbaszadə küçəsi, ev 25, 59 nömrəli mənzilə su axmışdır (mənzilin sahibi X2). X1 müraciətinə əsasən mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin mənzilin mətbəx və otağın hissəsinə su axmışdır və baş vermiş qəza nəticəsində tavanlarına və divarlarına ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3-16- 16/2-10/10003-9/10128 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 25 saylı evin 59 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsarların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq 59 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 61 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə su sızmanın səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq 59 saylı mənzilə su sızması 61 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 61 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 25 saylı evin 59 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.170,0 manat məbləğində müəyyən edilir; - 3-cü sual üzrə: ekspertiza təyini haqqında qərardadda qeyd edilən 01 ədəd “Toshiba” markalı, 32V35KE modelli televizorun və 01 ədəd “Elite” markalı kondisionerin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəymiş ziyanın məbləği 400 manat müəyyən edilir, o cümlədən 01 ədəd “Toshiba” markalı, 32V35KE modelli televizor -150 manat, 01 ədəd “Elite” markalı kondisioner – 250 manat. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 25 saylı evin 59 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Cavabdeh isə həmin evin özünə məxsus olan 61 saylı mənzildə yaşayır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı mənzilinə su axıdılması nəticəsində mənzildə olan ev əşyalarına ziyan dəymiş, mənzilin konstruktiv elementlər üzərində müxtəlif həcmdə qüsurlar yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan mənzilinə su cavabdehin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə və mənzildə olan avadanlıqlara maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan 59 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 61 saylı mənzildən su axıdılığı və nəticədə 59 saylı mənzilin iddiaçının istifadəsində və mülkiyyətində olan mətbəx və yaşayış otağına, həmçinin ev əşyalarına ziyan vurulduğu müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının ev əşyalarına və mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilinə və ev əşyalarına dəymiş zərərin aradan qaldırılması üçün cəmi 1570 (1.170+400) manat lazım olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə mənzilinə və ev əşyalarına vurulmuş maddi ziyana görə cəmi 995 manat məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçının mənzilinə və ev əşyalarına dəymiş maddi zərər irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş 2.000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 2000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar