Məhkəmə qərarları › İş №2(009)-2249/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2249/2022

03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2249/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Cavabdehnə qarşı “avtomobil dayanacağının payçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “avtomobil dayanacağının payçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli qaraj tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda MTK tərəfindən inşa edilən binanın 2-ci mərtəbəsində, maşın dayanacağının istifadəsı üçün ona tam hazır vəziyyətdə, yəni qaraja giriş-çıxış yolunun və hazırda mövcud olmayan qaraj qapısının inşa edilərək istifadəsinə verilməsi, həmin qaraj üzərində sahiblik, qarajdan istifadə və sərəncam vermək hüquqlarının tanınması, qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestr Xidmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surətinin ona verilməsi, eləcə də binaya aid hissədə, yəni qarajdan çıxış yolu üzərində MTK tərəfindən qanunsuz zəbt edilərək hasarlanmış ərazidə layihədən kənar və tikinti normalarına zidd olaraq inşa ediləcək yeni binanın tikintisinə qadağa qoyulmasına dair maneələrin aradan qaldırılmasının Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizədə ərizəyə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 263-264-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “avtomobil dayanacağının payçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar