Məhkəmə qərarları › İş №2(009)-2251/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2251/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2251/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, yaşadığı ev üçün mebel axtarışında olarkən bununla bağlı “İnstagram” sosial şəbəkəsində axtarış edib mebel ustalarının səhifələrinə nəzər salmışdır. xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu “X3” adlı səhifə ilə əlaqə saxlamışdır. Orada olan ***- ***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Danışıq zamanı həmin şəxs ona adını Rəşad olduğunu, Səbail rayonu, Bibiheybət yolu üzərində yerləşən sexlərin birində işlədiyini bildirmişdir. Həmin şəxsə o, 2 divan, 2 kreslo dəsti və 1 jurnal stolu sifariş vermək istədiyini bildirmiş, həmin şəxs onu öz sexinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxsin qeyd etdiyi ünvanda yerləşən sexinə getmişdir və səhifəsində olan dəsti ona göstərmişdir. Həmin şəxs ona 40 gün ərzində həmin dəsti hazırlayacağını deyərək qiymətinin 7.800 manat edəcəyini söyləyib bildirmişdir ki, həmin dəstin karkas hissəsini Türkiyə Respublikasından gətizdirəcəkdir. Onlar razılaşdıqdan sonra o, cavabdehə həmin sexdə beh olaraq 2000 manat pul vermişdir. Pulun qalan hissəsini isə sonda iş bitdikdən sonra verəcəyini cavabdehə bildirmişdir və o, da onunla razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh onunla yenidən əlaqə saxlayıb materialların çatdırılması məqsədilə karqo üçün 1.000 ABŞ dollar pul lazım olduğunu demişdir. Bu zaman o, cavabdehə öz etirazını bildirmiş və ona 1.000 ABŞ dolları yox, 1.000 manat pul verə biləcəyini söyləmişdir. Həmçinin cavabdehə aralarında olan razılaşmanın şərtlərini pozduğunu bildirmişdir. Cavabdeh onunla razılaşmışdır. Bundan sonra o, cavabdehin sexinə yollanaraq orada cavabdehə 1.000 manat pul əlavə olaraq vermişdir və mebelin hazırlanmasını gözləmişdir. Lakin 15-20 gün keçdikdən sonra cavabdehin vədinə əməl etməyəcəyindən şübhələnmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin işlədiyi sexə gedərək bağlı olduğunu gördükdə ona məlum olmuşdur ki, cavabdeh sexini bağlayıb oradan getmişdir. Onunla telefonla əlaqə saxlamaq istəsə də, cavabdehə zəng çatmamış, ona görə də cavabdehin ona qarşı dələduzluq etdiyi şübhəsinə gəlmiş və xx.xx.2023-cü il tarixdə hadisə ilə bağlı AR DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Cavabdehə qeyd olunan pulları verərkən onun həyat yoldaşı X1 da yanında olmuşdur. O, polisə şikayət edən zaman ona 3.000 manat məbləğində zərər dəymişdi, bir müddətdən sonra cavabdehi polis çağıranda məlum olmuşdur ki, o, başqa bir işə görə 15 sutka həbs olunmuşdur. Sonra cavabdeh həbsdən çıxandan sonra onlar polis idarəsində görüşmüşlər, o, polisə demişdir ki, “mən 2 divan, 2 kreslo və 1 jurnal stolunu düzəldib başa çatdıra bilərəm, bunun üçün mənə 1.700 manat əlavə pul lazımdır”. O, da onunla razılaşmış və məcburiyyət qarşısında qalaraq ona 1.700 manat pul vermiş və onlar bir yerdə Ərriyat ticarət mərkəzində Gömrüyün saxlama kamerasına getmişlər, orada 1.700 manat pulu ödəmiş və oradan divan kreslonun karkaslarını götürüb gəlmişdir. Bir müddətdən sonra görmüşdür ki, divan, kreslo yenə də hazır deyil və yenidən cavabdehə müraciət etmiş və cavabdeh ona demişdir ki, yenə də o, əlavə olaraq pul verməlidir. Beləliklə də o, yenidən cavabdehə 600 manat, sonra 345 manat, daha sonra isə hissə-hissə 1.758 manat pul vermişdir, həmçinin divan kreslonun detallarını alıb ona vermişdir. Bir müddətdən sonra divan kreslonun, jurnal stolunun hazır olmadığını müəyyən edib yenidən cavabdehə müraciət etmişdir. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirmiş və nəticədə sifariş verdiyi divan, kreslo və jurnal stolunu ona təhvil verməmişdir. Beləliklə də o, cavabdehə cəmi 7.403 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulun ona geri qaytarmaqdan imtina edir. Bu iş Bakı şəhəri Səbail rayonu Polis İdarəsinin istintaq şöbəsində araşdırılmış, lakin bu iş mülki xarakterli olduğundan müstəntiqin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur və ona məhkəməyə müraciət etməsi məsləhət bilmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 7.403 manat məbləğində pulun, 2023-cü il üzrə 9% bank uçot faizi – 666 manat pulun, 2024-cü il üzrə 7,75% bank uçot faizi – 573 manat pulun, cəmi 8.642 manat pulun və ödənilmiş 107 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, hazırlıq mərhələsində Rəşadla əlaqə saxlanıldıqda mebelin hazır olmasını və gəlib götürmələrini bildirsə də, dəfələrlə əlaqə nömrəsinə zəng edilmiş, lakin onun zənglərinə cavabdeh cavab verməmişdir. Yenə də onları aldatmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. “İnstaqram” sosial şəbəkəsində Rəşad adlı şəxsin mebel ustası olmasını müəyyən etmişlər, ona 2 divan, 2 kreslo və 1 jurnal stolu sifariş vermişlər. İlkin olaraq onun da iştirakı ilə 2000 manat ödəniş edilmişdir, daha sonra Rəşad 1000 ABŞ dolları lazım olduğunu bildirmiş, onlar 1000 manat da ödəniş etmişlər və bildirmişlər ki, yerdən qalan pulu hissə-hissə və mebel dəsti tam hazır olandan sonra verəcəklər. 3000 manat pul verildikdən təxminən 1 ay sonra Rəşad telefon zənglərinə cavab verməmiş, onlar polisə müraciət etmiş, polis araşdırması zamanı Rəşadın da izahatı alınmış, o, sifarişin verilməsini və pulun verilməsini etiraf etmişdir, araşdırma müddətində Rəşad verilən pulun kifayət etmədiyini deyərək hissə-hissə əlavə həyat yoldaşı tərəfindən pullar verilmiş və verilən pul 7.403 manat təşkil etmişdir. Lakin Rəşad həmin pulun müqabilində sifarişi yerinə yetirməmişdir. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında mebel hazırlanmasına dair əldə olunmuş şifahi razılığa əsasən iddiaçı sifariş verdiyi 7.800 manat olan mebelin dəyərindən müxtəlif vaxtlarda cəmi 7.403 manat pul cavabdehə ödəmişdir. Razılığa əsasən cavabdeh 40 gün ərzində öhdəliyini icra edərək mebeli iddiaçıya təhvil verməli idi. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş vaxt ərzində icra etməmiş və bununla da öhdəliyi pozmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında mebelin hazırlanması ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Məhkəmə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasını və yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulun qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb tam qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının müqavilədən imtinası cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni cavabdeh üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində görmədiyi üçün, iddiaçı mebelin hazırlanması üçün ödənilmiş 7.403 manatın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddia tələbi 7.403 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2023-cü il üzrə 9 faiz bank uçot faizi – 666 manat, 2024-cü il üzrə 7,75 faiz bank uçot faizi – 573 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbi əsaslı hesab etmir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (94 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7.403 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 94 manat, cəmi 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar