Məhkəmə qərarları › İş №2(009)-2251/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2251/2025

23.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2251/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdeh R.O.Məmmədovun iştirakları ilə İddiaçı Məhəmməd oğlunun cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və qeyrilərinə qarşı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd oğlunun cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və qeyrilərinə qarşı hərracın nəticələri haqqında Y-672 saylı, xx.xx.2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı Məhəmməd oğlu iddianı müdafiə etmişdir. Məhkəmə iclasında cavabdeh X2 vəsatət verərək göstərmişdir ki, İddiaçı Məhəmməd oğlunun analoji iddia ərizəsinə Səbail rayon Məhkəməsində baxılmış, qətnamə qəbul edilmişdir. Bu səbəbdən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılması yolverilməz hesab edildiydən iş üzrə icraata xitam verilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-654/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Məhəmməd oğlunun cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə, X1 və "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında Y-672 saylı, xx.xx.2016-cı il tarixli protokolun, qiymətləndirilmə nəticələri haqqında hesabatın, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı hərracın nəticələri haqqında Y-672 saylı, xx.xx.2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Yuxarıda qeyd edildiyi kimi isə mübahisələndirilən yekun protokolu və alqı-satqı müqaviləsi məhkəmə baxışının predmeti olmuş, hazırki iddiaçı analoji tələblə məhkəməyə müraciət etmiş, həmin tələbə hüquqi verilmiş və İddiaçı iddiası təmin edilməmişdir. Qətnamədən apelyasiya şikayəti verilməmişdir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisləndirdiyi hərrac protokolu və alqı-satqı müqavilə ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda həmin tələbə təkrar baxılması qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Göstərlənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 170, 261, 263, 264 -cü madələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Məhəmməd oğlunun cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə və qeyrilərinə qarşı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar