Məhkəmə qərarları › İş №2(009)-2268/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2268/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2268/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Volvo XC 90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 3212,40 AZN sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 AZN məbləğin Cavabdehdan alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Moped” markalı nəqliyyat vasitəsi “Volvo XC90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Volvo XC90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. "xxxx" MMC-nin təqdim etdiyi yekun qüsur aktına uyğun olaraq “Volvo XC90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3962,40 AZN (üç min doqquz yüz altımış iki manat qırx qəpik) ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Volvo XC90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 750 AZN (yeddi yüz əlli manat) franşiza (azadolma məbləği) çıxılmaqla 3212,40 AZN (üç min iki yüz on iki manat qırx qəpik) sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu üçün cavadehə qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Atəşgah” Sığorta Şirkəti ASC zərərçəkənə zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 102425 nömrəli Sığorta Aktından görünür ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Volvo XC90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktına uyğun olaraq zərərçəkən X2 ödənilməsi üçün franşiza çıxılmaqla 3212,40 AZN (üç min iki yüz on iki manat qırx qəpik) manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1290 saylı ödəniş tapşırığına əlavədən görünür ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 3212,40 AZN (üç min iki yüz on iki manat qırx qəpik) manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya X1 və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan X4 tərəfindən Yasamal RPİ-nə verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, qardaşı idarə etdiyi Tufan markalı mopedlə Yasamal rayonu İ.Səfərli küçəsi ilə hərəkətdə olan zaman yolu gözləmədən çıxdığına görə sağ yoldan gələn Volvo XC-90 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. O, qardaşı ilə birlikdə mopeddən yıxılmışlar. Qardaşı TTYS-nin 103 xidmətinə zəng edib hadisə yerinə çağırdı, TTYS hadisə yerinə gələrək qardaşını Travmatologiya İnstituna apardılar. Hadisə zamanı heç bir xəsarət almamışdır. İş materiallarında olan X3 tərəfindən RPİ-nə verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, etibarnamə ilə idarə etdiyi Volvo XC-90 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Quliyev küçəsi ilə hərəkətdə olan zaman, İ.Səfərli küçəsi ilə hərəkətdə olan göy rəngli moped yolu gözləmədən hərəkət etdiyi üçün toqquşdular. Mopedi idarə edən sürücü və sərnişin yerə yıxıldılar. Mən dərhal avtomobildən düşüb onlara yardım göstərməyə çalışdı. Mopedin sürücüsü xəsarət aldığını bildirərək TTYS-nin 103 xidmətinə zəng edib hadisə yerinə çağırdı, TTYS hadisə yerinə gələrək mopedin sürücüsü Travmatologiya İnstituna apardılar. İş materiallarında olan Cavabdeh tərəfindən Yasamal RPİ-nə verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, idarə etdiyi Tufan markalı mopedlə Yasamal rayonu İ.Səfərli küçəsi ilə hərəkətdə olan zaman yolu gözləmədən çıxdığına görə sağ yoldan gələn Volvo XC- 50 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, o və qardaşı Shahroze birlikdə mopeddən yıxılmışlar. O, TTYS-nin 103 xidmətinə zəng edib hadisə yerinə çağırdı. Təxminən 20 dəqiqə ərzində TTYS-nin ekipajı hadisə yerinə gələrək onu Travmotologiya instituna apardılar. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı A.Qədiməliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Tufan markalı mopedin sürücüsü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Volvo XC90” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3962,39 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, Volvo XC-90 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti tərəfindən 110 000 manat məbləğində sığorta olunmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan “Moped” markalı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış Volvo XC-90 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sığorta müddətində 07 iyun 2021-ci il tarixdə Bakı şəhərində toqquşaraq onu zədələmişdir. Yasamal RPİ-nin qərarı ilə Seyidbəyli Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti tərəfindən zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 3212,40 manat məbləğində sığorta ödənişi X2 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, İddiaçı Sığorta Şirkəti dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında delikt törətmiş şəxs Cavabdeh-dan tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh-dan dəymiş zərərə görə 3212,40 (üç min iki yüz on iki manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 (əlli üç) manat tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən onun tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar