Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2269/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və statusunun verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə olunmuş Bakı inzibati Məhkəməsinin 2-1(112)-3169/2021 saylı qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı veteran adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi mümknü sayılmamışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, məhkəmənin qənaətinə görə iddiaçı Ərizəçi müharibə veteranı adı və vəsiqəsinin verilməsi hazırki cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətində deyil. Qaldırılan məsələ ilə bağlı cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adının və statusunun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən tələb inzibati orqan hesab edilən AR Müdafiə Nazirliyinə qarşı qaldırılmışdır və iddiaçı faktiki olaraq inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən AR Müdafiə Nazirliyi inzibati orqan hesab edilir. AR İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə iddiaçının irəli sürdüyü tələblər ümumi məhkəmədə baxılmalı olmadığı üçün, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarına əlavə edilmiş AR Müdafiə Nazirliyinin Ərizəçi ünvanlandığı 06.07.2021-ci il tarixli məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hakim izah edir ki, inzibati orqan olan AR Müdafiə Nazirliyi iddiaçıya “Müharibə Veteranı” adının verilməsindən imtina etdiyi üçün, iddiaçı həmin imtinanın qanunsuz sayılması və inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə - Bakı İnzibati Məhkəməyə müraciət etməlidir. İddiaçı iddia ərizəsində əvvəllər Gəncə İnzibati Məhkəməsində Müdafiə Nazirliyinə qarşı iddia qaldırdığını və iddiasının mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini göstərsə də, həmin qərar ərizəyə əlavə edilməmişdir. Hakim qeyd edir ki, AR Müdafiə Nazirliyi Bakı şəhərində yerləşdiyindən ona qarşı tələb Bakı İnzibati Məhkəməsində qaldırılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı veteran adının və statusunun verilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2269/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2269/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver