Məhkəmə qərarları › İş №2(009)-2280/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2280/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2280/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə (indiki adı “X4 X9 Professional Excellence” MMC) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (indiki adı “X4 X9 Professional Excellence” MMC) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ona 600 manat pul verməlidir. O, "xxxx" MMC-nin direktoru X3 şəxsində fəaliyyət göstərən “Azərbaycan Diplomatiya Mərkəzi” ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, "xxxx" MMC-yə 1500 manat ödəniş etmişdir. Müqaviləyə əsasən o, “Azərbaycan Diplomatiya Mərkəzi” də təlim almalı idi. Lakin "xxxx" MMC-nin nöqsanları üzündən onların müqaviləyə xitam verilmişdir. Müqaviləsinə xitam verilməsinə baxmayaraq "xxxx" MMC-nin direktoru X3 ona olan borcun, 900 manat hissəsini qaytarsa da, qalan 600 manat pulu qaytarmaqdan boyun qaçırır. Əslində "xxxx" MMC həmin pulu ona qaytaracağına xx.xx.2022-ci il tarixli məktubla söz vermişdir. Pulun verilməsi barədə dəfələrlə "xxxx" MMC-nin direktoru X2 müraciət etsə də, o, müxtəlif bəhanələrlə həmin pulu verməkdən boyun qaçırır. Hər dəfə "xxxx" MMC-yə gedərkən taksi fəaliyyətindən istifadə edərək xeyli vaxt sərf etmişdir. Bütün bunlara görə hesab edir ki, ona 400 manat civarında mənəvi ziyan dəymişdir. Bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. O, yuxarıdakıları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 600 manat əsas məbləğ, 400 manat mənəvi ziyan, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1197,25 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin (indiki adı “X4 X9 Professional Excellence” MMC) faktiki fəaliyyət göstərdiyi ünvanı məlum olmadığından onun nümayəndəsi məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə hüquqi şəxsin hüquqi ünvanından məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə “Azərbaycan Diplomatiya Mərkəzi” qismində "xxxx" MMC ilə “Təlim alan” qismində İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli tədris xidməti müqaviləsinin surətindən görünür ki, bu müqavilənin predmetini, “Azərbaycan Diplomatiya Mərkəzi” tərəfindən “Təlim alan”ın “Müştəri Məmnuniyyəti və İdarəetmə Sistemi” proqramı üzrə tədris xidmətinin göstərilməsi, “Təlim alan” tərəfindən xidmətin təhvil alınması, xidməti haqqının ödənilməsi və digər öhdəliklərlə bağlı yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir (bənd 1.1). “Təlim alan”ın “Müştəri Məmnuniyyəti və İdarəetmə Sistemi” proqramı üzrə tədris xidmətinin müddəti 21 gündür. Tədris bu müddət ərzində hər həftənin şənbə və bazar günləri yerli heyət tərəfindən həyata keçirilir (bənd 1.2). “Təlim alan” “Müştəri Məmnuniyyəti və İdarəetmə Sistemi” proqramında iştirak edir, tədris müddətinin sonunda Təlimçi tərəfindən təyin edilən imtahan prosesində iştirak edərək İSO 9001 X1 əldə etmək şansı qazanır (bənd 1.3). “Azərbaycan Diplomatiya Mərkəzi” təlim dərslərinin verilməsini təmin edir (bənd 2.1.13), dərsin vaxtında keçirilməsini və lazımi texniki şəraitin yaradılmasını təmin edir (bənd 2.1.15). Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş ödəniş müqavilə bağlandığı zaman təlim alan tərəfindən birdəfəlik nağd qaydada həyata keçirilir. Təlim üzrə ödəniş 1500 manat təşkil edir. Bu ödəniş “Müştəri Məmnuniyyəti və İdarəetmə Sistemi” proqramı üçün nəzərdə tutulan ödənişdir. Əlavə olaraq təlim alan “Əmək Qanunvericiliyi”, “Təhsil Qanunveriliciyi” proqramları üzrə əlavə ödəniş etmədən təlimlərdə iştirak edir (bənd 3.2). Təlim alan ödəniş etdiyi andan etibarən Təlim üzrə təyin edilmiş imtahan başlandığı anadək təlimdən imtina edərsə, ümumi ödənilən məbləğin 20%-i geri qaytarıla bilər (bənd 3.3). Təlim üzrə təyin edilmiş imtahan prosesinin nəticəsindən asılı olmayaraq ödənilmiş məbləğ geri qaytarılmır. (bənd 3.4). Fors-major hallarında ödənilən məbləğin 30%-i Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən təlim alana geri qaytarılır (bənd 3.5). Təlim alan təlim prosesi və təlim üzrə təyin edilmiş imtahan prosesindən keçdikdən sonra Azərbaycan Diplomatiya Mərkəzində işə başlamaqdan imtina edərsə, Təlim üçün ödənilən məbləğin 20%-i geri qaytarıla bilər (bənd 3.6). İş üzrə "xxxx" MMC tərəfindən verilmiş GİF/4 seriya 408232 nömrəli, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı Tədris müqaviləsinə əsasən 1500 manat ödəniş etmişdir. İş üzrə “X4 X9 Professional Excellence” Limited Liability Company Azerbaijan School of Diplomacy” MMC-nin direktoru Fərid Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubuna əsasən Səfərli X6 Xidmət Müqaviləsinə xitam verilməsi ilə bağlı qaytarılacaq tam məbləğ 1300 manat (80%) ödəniş xx.xx.2022-ci il tarixinədək həyata keçiriləcəkdir. Mərkəz Rəhbəri qarşı tərəfə ödənişin ödənilməsini öhdəliyinə götürür. İş üzrə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Səfər qızının şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, izahatı alınmış X3 barəsində edilmiş şikayətin məzmunu ilə tanış olduqdan sonra bildirmişdir ki, Azərbaycan Diplomatiya Mərkəzinin direktorudur və tədris xidməti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə Fidan Səfərova onun rəhbərlik etdiyi MMCyə müraciət edərək ödənişli əsaslarla təlim almaq istədiyini bildirmiş və onlar arasında bununla bağlı danışıq prosesi getmişdir. Lakin sonra təlimlərin başlanması 2 həftə gecikmiş və İddiaçı xx.xx.2022-ci il tarixdə təlimlərə dəvət olunsa da, o, xx.xx.2022-ci il tarixdə təlimlərdə iştirakdan imtina etmişdir. Müqavilə şərtlərinə əsasən təlimdən imtina edən şəxslərə ödədikləri məbləğin yalnız 20 faiz qaytarılmalı olsa da, İddiaçı maddi vəziyyətinin pis olduğunu bildirdiyindən, o, köməklik etmək məqsədilə ödənilmiş 1500 manat puldan yalnızca 200 manat hissəni kəsərək qalan 1300 manat pulun ödəniləcəyinə dair sənəd vermişdir. Sonradan isə həmin puldan ümumilikdə 900 manatı İddiaçı ödənilmiş, qalan 400 manatın ödəniş günü isə 20-21 aprel 2022-ci ilə təyin edilmişdir. Əlavə olaraq İddiaçı qarşı hər hansı bir formada dələduzluq etmədiyini onu aldatmadığını bildirmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tədris xldməti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdeh "xxxx" MMC-nin keçirdiyi təlimlərdə iştirak etmək üçün həmin şirkətə 1500 manat pul ödəmiş, lakin təlimlər vaxtında başlamamış, başlanması iki həftəlik müddətində təxirə salınaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təlimlərin vaxtında başlanmaması səbəbindən xx.xx.2022-ci il tarixdə təlimdə iştirakdan imtina etmiş və ödədiyi pulun qaytarılmasını tələb etməyə başlamışdır. ”Fərid Muradoğlu” MMC-nin direktoru X3 müqaviləyə əsasən təlim alanın təlimdən imtina etməsi hallarında ödənilmiş məbləğin yalnız 20 faizini qaytarmaq hüququna malik olsa da, İddiaçı həmin məbləğin yalnız 200 manatını tutularaq, qalan 1300 manatın ödəniləcəyinə dair öhdəlik götürmüş və həmin məbləğdən 900 manatı iddiaçıya qaytarmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə bağlanmış tədris xidməti müqaviləsinə əsasən o, cavabdehə 1500 manat ödəniş etmişdir. Müqaviləyə əsasən o, “Azərbaycan Diplomatiya Mərkəzin”ndə təlim almalı olduğu halda, cavabdehin təqsiri üzündən müqaviləyə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X3 ona olan borcu 900 manat hissəsini qaytarsa da, qalan 600 manat pulu qaytarmaqdan boyun qaçırır. Bu səbəbdən iddiaçı cavabdehdən 600 manat əsas məbləğin, 400 manat mənəvi ziyanın, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manatın, etibarnamə üçün ödənilmiş 17,25 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 1197,25 manatın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, tərəflər arasında “Tədris xidməti” adlı xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.15-ci bəndində dərsin vaxtında keçirilməsi və lazımi texniki şəraiti yaradılmasının təmin edilməsi tədrisi həyata keçirəcək “Azərbaycan Diplomatiya Mərkəzi”nin (“Fərid Muradoğlu“ MMC) vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə iclasında, yuxarıda qeyd edildiyi kimi, müəyyən edilmişdir ki, “Tədris xidməti müqaviləsi”nin tərəfi kimi cavabdeh qeyd edilən bəndin tələblərini pozaraq, tədrisi vaxtında başlamamış, bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və bu hal iddiaçı tərəfindən həmin xidmətdən imtina edib, ödədiyi pulun geri qaytarılması barədə tələb irəli sürməsinə səbəb olmuşdur. Məhkəmə cavabdehin müqavilə şərtinə əsasən “Təlim alan” tərəfindən təlimdən imtina etdiyi təqdirdə ödənilən məbləğin yalnız 20% qaytarılmalı olduğu halda bu şərtə riayət edilməyərək 200 manat saxlamaq şərti ilə yerdə qalan ödənilmiş 1300 manatın geri qaytaracağı barədə öhdəlik götürməsini, yəni ödəniş məbləğin tam həcmdə qaytarılmalı olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, müqavilə şərti iddiaçı deyil, cavabdeh tərəfindən pozulduğundan, yəni cavabdeh müqavilə şərtinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən, ödənilmiş məbləğdən hər hansı bir hissəni saxlanılması əsassızdır, bu səbəbdən iddiaçının təlim məqsədilə cavabdehə ödədiyi pulun tam həcmdə qaytarılmalı olması barədə tələbi əsaslı hesab edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tədris xidməti xərci kimi cavabdehə ödənilmiş 1500 manat pul vəsaitindən geri qaytarılmayan 600 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 400 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 400 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və etibarnamə üçün ödənilmiş 17,25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı xx.xx.2022-ci il tarixdə 6 saylı Vəkil Bürosuna 150 manat pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 150 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" (indiki adı “X4 X9 Professional Excellence” MMC) MMC-dən İddiaçı xeyrinə 600 (altı yüz) manat, həmçinin hüquqi xidmət xərci 150 (yüz əlli) manat, etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 797,25 (yeddi yüz doxsan yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar