Məhkəmə qərarları › İş №2(009)-2297/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2297/2025

06.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2297/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (video zəng vasitəsilə), Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Bakı şəhəri 34 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh2 ASC-yə və Bakı şəhəri 34 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin süraciətinə əsasən Bakı şəhər 34 saylı Notariat ofisində aparılmış xx.xx.2023cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh2 ASC ilə aralarında bağlanmış 0084072AZN18148 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 18% olmaqla hər ay 222.15 manat ödəməklə, 18 müddətinə 3.500 manat məbləğində ona kredit vermişdir. Ödəniş qrafikinə əsasən 01.04..2021ci ildən xx.xx.2022-ci il tarixədək hər ay 222.15 manat məbləğində kredit borcunu ödəmişdir.Lakin xx.xx.2022-ci il tarixdən maddi vəziyyəti pis olduğuna görə kredit borcunu ödəyə bilməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdi Bakı şəhəri 34 saylı notariat ofisində həmin müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1882 manat 43 qəpik, 3508 manat, 48 qəpik məbləğində cərimə, penya və tərəfinizdən ödənilmiş 25 marat 00 qəpik məbləğində dövlət rüsumu, cəmi 5415 manat 91 qəpik pul tutulması barədə icra qeydi aparılmışdır. Bildirir ki, ödəniş qrafikinə əsasən son ödənişi xx.xx.2022-ci il tarixdə olub, yəni 11 ayın hər aya görə 222.15 (11x222.15=2.443.65) ödəməklə 2.443 manat 65 qəpik ödəniş etmişdir. Müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş qalan borcun 7 aya görə hər ay 222 manat 15 qəpik olmaqla qalır. 1.555 manat 05 qəpik və 3508 manat, 48 qəpik məbləğində cərimə peniya isə həddən artıq hesablanmışdır.Beləliklə müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1882 manat 43 qəpik, 3508 manat, 48 qəpik məbləğində cərimə peniyası düzgün hesablanmadığı üçün yenidən hesablanmalı, icra qeydi ləğv edilməli və iddia icraatı qaydasında baxılaraq onun banka olan borcu araşdırılmalıdır. Məhkəmə iclasında video zəng vasitəsilə iştirak etmiş İddiaçı bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, icra qeydindən 2025-ci ilin yanvar ayında məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia iddia tələbini qəbul etmədiyini və tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 09 dekabr 2023-cü il tarixli Bakı şəhəri 34 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş icra qeydindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı 0084072AZN181481 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1882 manat 43 qəpik, bundan əlavə 3508 manat 48 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 5415 manat 91 qəpik pul tutulması qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı 0084072AZN181481 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1882 manat 43 qəpik, bundan əlavə 3508 manat 48 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 5415 manat 91 qəpik pul tutulması barədə 09 dekabr 2023-cü il tarixli Bakı şəhəri 34 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən icra qeydi verilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, icra şöbəsi tərəfindən İddiaçı icra sənədi üzrə icraata başlamaq və könüllü icrası barədə sms bildirş 24 iyul 2024-cü il tarixində göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, icra qeydindən 2025-ci ilin yanvar ayında məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən, notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Məhkəmə ilk öncə hazırki iddianın məhkəməyə verilməsi müddəti ilə bağlı qeyd edir ki, icra qeydinin mübahisələndirilməsi qanunla müəyyən edilmiş müddətin daxilində həyata keçirilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində notariat hərəkətlərindən məhkəməyə şikayət verilməsi hüququ nəzərdə tutulub, lakin həmin hüququn həyata keçirilməsi müddəti müəyyən edilməyib. Odur ki, qanun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Bu qayda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında müəyyən edilib. İddiaçı 10 günlük müddəti ötürüb. Belə ki, icra qeydi xx.xx.2023-cü ildə, iddia ərizəsi isə 1 il 10 ay 16 gün sonra - xx.xx.2025-ci ildə verilib. Müddət keçdikdə icra qeydini mübahisələndirmək hüququ xitam olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsində müəyyən edilmiş ümumi qaydaya görə, prosessual müddətlər keçidikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Lakin nəzərə alınmalıdır ki, məhkəmə əmrinə etiraz verilməsi üçün MPM-in 282-ci maddəsində müəyyən edilmiş prosessual müddət icra qeydinə analogiya üzrə tətbiq edilir. İcra qeydinin mübahisələndirilməsi müddətinin keçməsinin hüquqi nəticəsi qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə əmrindən fərqli olaraq icra qeydi məhkəmə aktı sayılmadığından, icra qeydinin mübahisələndirilməsi müddət keçidyi halda iddianın (şikayətin) geri qaytarılması barədə qərardad deyil, onun rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Bakı şəhəri 34 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası müddət ötürülməklə verildiyindən təmin edilməməlidir. Məhkəmə onu da izah edir ki, əgər borclu hesab edirsə ki, icra qeydində göstərilən məbləğ tələbkarın hüququ çatan məbləğdən çoxdur, belə hala o, icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun məbləğini və s.) mülki məhkəmə (iddia) icraatı qaydasında mübahisələndirə bilər. İcra qeydinin ləğv edilməsinə dair tələbin rədd edilməsi barədə qətnamə həmin iddianın qaldırılmasına mane olmur. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində göstərilib: “İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər”. Göründüyü kimi, mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Əgər iddia təmin olunarsa, məhkəmə icra qeydinin tam və hissəvi icra edilməməli hesab olunmasına dair qətnamə qəbul edə və bu qətnamədə müvafiq məbləği göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 224-cü maddəsinə görə, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Bakı şəhəri 34 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar