Məhkəmə qərarları › İş №2(009)-231/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-231/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-231/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2020-ci ilin dekabr ayında Cavabdeh ona zəng edib bacısının həyat yoldaşının avtomobillə qəza törətdiyini və işin həll olunması üçün 10.000 manat pul lazım olduğunu bildirib ondan pul istəmişdir. O, onunla razılaşmış və xx.xx.2020-ci il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 163 nömrəli məktəbin arxasında Məhəmmədlə görüşüb cavabdehə əlbə-əl olaraq 10.000 manat pul vermişdir. Cavabdeh həmin pulu xx.xx.2021-ci ilədək ona qaytaracağını vəd etmişdir. xx.xx.2021-ci il tarixdə Məhəmməd ona zəng edib atasının Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən saxlanıldığını bildirmişdir. Demişdir ki, atasının borcu var və yenə də əlavə 10.000 manata ehtiyacı var. O, pulu vermək istəməyəndə cavabdeh onu evə dəvət etmişdir. Anası da həmçinin ondan xahiş etmişdir ki, həmin pulu versin, daha sonra onu da qaytaracaqlar. Onların vəziyyətinə yazığı gəlmiş və o, dost-tanışlarından həmin 10.000 manatı alıb xx.xx.2021-ci il tarixdə Məhəmmədlə görüşüb ona həmin pulu vermişdir. xx.xx.2021-ci il tarixdə Məhəmməd zəng etmiş görüşməyi təklif etmişdir. Onunla görüşmüş və ona bacısının yoldaşının Abşeron rayonu ərazisində Atyalı deyilən ərazidə torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin satılması məqsədilə sənədləşməsi üçün 3500 manat pul lazım olduğunu bildirmiş və torpaq sahəsinə aid sənədləri göstərib onu inandırmışdır. Həmin torpaq sahəsini satıb ona olan borclarını ödəcəyini də bildirmişdir. O, cavabdehə inanmış və xx.xx.2021-ci il tarixdə Məhəmmədlə 163 nömrəli məktəbin yanında görüşüb ona 3500 manat pul vermişdir. Beləliklə cavabdehin ona ümumilikdə 23.500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müəyyən vaxtlarda hissə-hissə olmaqla ona olan 23.500 manat borcundan cəmi 3.100 manatını qaytarmış, 20.400 manatı isə bugünədək qaytarmamışdır. Qeyd edir ki, o, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə Cavabdeh tərəfindən külli miqdarda pulunun ələ keçirilməsi və ona qarşı dələduzluğu barədə müraciət etmişdir. Cavabdeh istintaq zamanı ittiham üzrə özünü təqsirli bilərək, ondan həqiqətən pul aldığını və 20.400 manat borcunun olduğunu etiraf etmişdir. Lakin, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edərək işin mülki məsələ olduğunu və məhkəməyə müraciət edərək lazım olduğunu bildirmişdir. Bu səbəbdən də o, ümumilikdə 20.400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ümumilikdə 20.400 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı Əlihüseyn oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, hərbi qulluqçu kimi işləmiş, sonra təxris olunmuş, cavabdehi keçmiş iş yoldaşı olan Elmara görə tanımışdır. Belə ki, Elmarın təşkil etdiyi məclisdə Məhəmməd iştirak etmiş, həmin vaxtdan münasibətləri yaranmışdır. Həmin ərəfədə dəfələrlə cavabdehin yaşadığı evdə olmuşdur. Müxtəlif vaxtlarda cavabdeh aralarında yaranan münasibət və etibardan istifadə edərək müxtəlif məqsədlər üçün hissə-hissə cəmi 23.500 manat məbləğində borc pul almış, həmin puldan hissə-hissə xırda məbləğlərlə cəmi 3.100 manat ödəniş etmiş, 20.400 manatı isə bu günədək ödəməmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Mustafayevin xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, İddiaçı barəsində iş üzrə zərərçəkmiş statusuna və Cavabdeh barəsində isə təqsirləndirilən şəxs statusuna xitam verilməsi, İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehə 2020-ci ilin dekabr ayında bacısının həyat yoldaşının avtomobillə qəza törətdiyini və işin həll olunması üçün borc kimi 10.000 manat məbləğində pul vermiş və cavabdeh həmin borcu xx.xx.2021-ci ilədək qaytarılmasını vəd etsə də, öz öhdəliyini icra etməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə cavabdeh ona zəng edərək atasının Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən saxlanıldığını və əlavə 10.000 manata ehtiyacı olduğunu bildirmişdir. O, dost-tanışlarından 10.000 manatı alıb xx.xx.2021ci il tarixdə cavabdehlə görüşüb ona həmin pulu vermişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh onunla görüşmüş və ona bacısının yoldaşının Abşeron rayonu ərazisində Atyalı deyilən ərazidə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin satılması məqsədilə sənədləşməsi üçün 3500 manat pul lazım olduğunu bildirmiş və həmin torpaq sahəsini satıb ona olan borclarını ödəcəyini də bildirmişdir. O, cavabdehə inanmış və xx.xx.2021-ci il tarixdə ona 3500 manat pul vermişdir. Beləliklə cavabdehin ona ümumilikdə 23.500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müəyyən vaxtlarda hissə-hissə olmaqla ona olan 23.500 manat borcundan cəmi 3.100 manatını qaytarmış, 20.400 manatı isə qaytarmamışdır. O, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə Cavabdeh tərəfindən külli miqdarda pulunun ələ keçirilməsi və ona qarşı dələduzluğu barədə müraciət etmişdir. Cavabdeh istintaq zamanı ittiham üzrə özünü təqsirli bilərək, ondan həqiqətən pul aldığını və 20.400 manat borcunun olduğunu etiraf etmişdir. Lakin, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edərək işin mülki məsələ olduğunu və məhkəməyə müraciət edərək lazım olduğunu bildirmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən ümumilikdə 20.400 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə hissə-hissə müxtəlif tarixlərdə cəmi 23.500 manat məbləğində borc pul verilmiş, cavabdeh həmin puldan 3.400 manat qaytarmış, hazırda qaytarılmayan borc məbləği 20.400 manat təşkil edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 20.400 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20.400 (iyirmi min dörd yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar