Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2393/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi E.H.Rəhimovun Cavabdeh1 3-cü şəxs qismində cəlb edilmiş C.Y.Kərimovun iştirakları ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 30.06.2016-cı il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X6, X8 və X3 aldıqları xəsarətlərdən vəfat etmişlər. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümünə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. “İcbari Sığortalar Haqqında” AR Qanununa uyğun olaraq İddiaçı Sığorta Şirkəti ASC X2 ölümünə görə 5000 manat, X4 ölümünə görə 5000 manat, X1 ölümünə görə 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermis yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-176/2018 saylı hökmü ilə öz təsdiqini tapmışdır. 20.06.1972-ci il təvəllüdlü məhkum Cavabdeh2 hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir. 30.06.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 sərxoş vəziyyətdə və etibarnaməsiz avtomobili idarə etdiyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 30.06.2016-cı il tarixdə baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ölümünə görə 5000 manat, X4 ölümünə görə 5000 manat, X1 ölümünə görə 5000 manat, ümumilikdə 15000 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, Cavabdeh1 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmişdir. Həmin ərizədə MM-nin 373.2-ci maddəsinə istinad edilmişdir. Həmin maddə müqavilə münasibətləri üzrə idida müddətini nəzərdə tutur. Subroqasiya qaydasında tələb isə müqavilə münasibətlərinə aid deyil, bu münasibətə 10 illik iddia müddəti tətbiq edilməlidir. Ona görə də ərizəni əsassız hesab edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, avtomaşını 5000 manata kürəkəni Camala satmış və etibarnamə vermişdir. Hadisədən xəbəri olmamışdır. Kürəkəni rayona gedərkən bu hadisə baş vermişdir. Digər tərəfdən hazırki tələblə iddiaçının məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 3 illik iddia müddəti də ötürülmüşdür. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasına 3-cü şəxs qismində cəlb edilərək dindirilmiş X12 izahatında göstərmişdir ki, avtomaşını qaynatası Cavabdeh1 5000 manata almış, eibarnamə əsasında idarə etmişdir. Hadisə ərəfəsində Bərdə rayonuna atasıgilin evinə getmiş, avtomaşını həyətdə qoymuş, yoldaşı və uşaqları ilə qohumlarıgilə qonaq getmiş və orada hadisənin baş verməsini eşitmişdir. O, atasına nəqliyyat vasitəsini idarə etməsinə icazə verməmiş, atası avtomaşını özbaşına həyətdən götürərək sürmüşdür. Sonra onu Cavabdeh2 idarə etmək üçün vermis və Sahib tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh2 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən iddia ərizəsinin surəti və sənədlər ona göndərilmiş və iddiaya qarşı yazılı etiraz və mülahizələri məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Lakin bu müddət ərzində Cavabdeh2 tərəfindən məhkəməyə hər hansı yazılı etiraz və mülahizələr təqdim edilməmişdir. Məhkəmə onun məhkəmə iclasında iştirakının qeyrimümkünlüyünü, etiraz və mülahizələrinin məhkəməyə təqdim edilməməsini, təqdim olunan sübutlar əsasında tədqiqat aparılma mümkünülyünü nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz E220 CDİ» markalı ** HM *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə Bərdə rayonu Nazırlı kənd İ.Ə.D-si nümayəndəliyi tərəfindən verilmiş 12.08.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 30.07.2016-cı ildə ölmüşdür. İş üzrə Bərdə rayonu Nazırlı kənd İ.Ə.D-si nümayəndəliyi tərəfindən verilmiş 22.08.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X13 oğlu 30.07.2016-cı ildə ölmüşdür. İş üzrə Bərdə rayonu Nazırlı kənd İ.Ə.D-si nümayəndəliyi tərəfindən verilmiş 08.09.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 30.07.2016-cı ildə ölmüşdür. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 29.12.2017-ci il tarixli, 046094 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh1 məxsus «Mercedes Benz E220» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil 10.03.2016-cı il tarixdən 09.03.2017-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, 30.06.2016-cı il tarixdə sığortalanmış avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X8 aldığı xəsarətlərdən vəfat etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi etibarnamə əsasında X9 ödənilmişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 29.12.2017-ci il tarixli, 046095 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh1 məxsus «Mercedes Benz E220» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil 10.03.2016-cı il tarixdən 09.03.2017-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, 30.06.2016-cı il tarixdə sığortalanmış avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 aldığı xəsarətlərdən vəfat etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi etibarnamə əsasında X9 ödənilmişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 29.12.2017-ci il tarixli, 046096 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh1 məxsus «Mercedes Benz E220» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil 10.03.2016-cı il tarixdən 09.03.2017-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, 30.06.2016-cı il tarixdə sığortalanmış avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 aldığı xəsarətlərdən vəfat etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi etibarnamə əsasında X9 ödənilmişdir. İş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-176/2018 saylı, 05.06.2018-ci il tarixli hökmün kserosurətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş, 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmündən həmçinin görünür ki, Cavabdeh2 sərxoş vəziyyətdə avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölməsinə səbəb olmuşdur. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziyalardan görünür ki, 30.06.2016-cı il tarixdə Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X6, X8 və X3 aldıqları xəsarətlərdən vəfat etmişdirlər. “İcbari “İcbari Sığortalar Haqqında” AR Qanununa uyğun olaraq İddiaçı Sığorta Şirkəti ASC X2 ölümünə görə 5000 manat, X4 ölümünə görə 5000 manat, X1 ölümünə görə 5000 manat sığorta ödənişi həyata keçirmişdir. 30.06.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 sərxoş vəziyyətdə və etibarnaməsiz avtomobili idarə etdiyinə görə Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüquqları yanarıb. İddiaçı Sığorta Şirkəti zərərçəkənə sığorta ödənişi həyat keçirməkdən, subroqasiya hüququna nail olmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə həyata keçirilən 15000 manat sığorta ödənişini 7 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 alkoqol sərxoşluğu vəziyyətində etibarnamə olmadan idarə etdiyi və Cavabdeh1 məxsus icbari sığorta üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış «Mercedes Benz E220» markalı ** HM *** dövlət nömrə nişanlı avtomaşınla 30.06.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər X6, X3 və X8 aldıqları xəsarətlərdən vəfat etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-176/2018 saylı, 05.06.2018-ci il tarixli hökmü ilə X6, X3 və X4 vəfat etməsinə dair baş vermis yol-nəqliyyat hadisəsini törətməkdə Cavabdeh2 təqsirli bilinmiş və o, AR CM-nin 263.-1.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh2 etibarnamə olmadan (qanunsuz əsaslarla) idarə etdiyi və hadisə törətdiyi «Mercedes Benz E220» markalı ** HM *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı Sığorta Şirkəti ASC-də mülki məsuliyyətin icbari sığorta üzrə sığortalandığı üçün X2 ölümünə görə 5000 manat, X4 ölümünə görə 5000 manat, X1 ölümünə görə 5000 manat, cəmi 15000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqilyyat hadisəsini törətmiş şəxs avtomaşını sərxoş vəziyyətdə və etibarnamə olmadan idarə etdiyi üçün, sığortaçının icbari sığortalar haqqında qanunvericiliyin tələblərinə əsasən hadisəni törədən şəxsə və yüksək təhlükə mənbəyinin mülkiyyətçisinə qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı yolnəqilyyat hadisəsi zamanı üçüncü şəxslərin ölməsi ilə bağlı ödənilmiş 15000 manat sığorta ödənişinin cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının sığorta hadisəsi üzrə sübroqasiya hüququnun yaranıbyaranmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Subroqasiya dedikdə, sığortalının zərər vurmuş üçüncü şəxsdən zərərin əvəzini almaq hüququnun sığortaçıya (sığortalıya sığorta ödənişi vermis sığortaçıya) keçməsi başa düşülür. Subroqasiya öhdəlikdə şəxslərin dəyişilməsidir. Yəni subroqasiya tələbin güzəştidir ki, o, öhdəlikdə şəxslərin dəyişməsinin bir formasıdır. Ona görə ki ,subroqasiya sığorta öhdəliyində kreditorun (sığortalının) başqa kreditorla (sığortaçı) əvəz olunmasıdır. Lakin bu əvəz olunmanın əsasında müqavilə yox, qanunda ifadə olunan göstəriş durur. “İcbari sığortalar haqqında” AR Qanununun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi qanunun tələbinə əsasən nəqilyyat vasitəsi hüququ olmayan şəxs tərəfindən istismar olunduqda və istismar nəticəsində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına ziyan dəydikdə və həmin ziyan sığoratçı tərəfindən ödənildikdə, sığortaçının hüququ olmayan şəxsə qarşı ödənilmiş ziyan həddində subroqasiya hüququ yaranır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o subroqasiya qaydasında tələbi həm avtomaşının mülkiyyətçisinə, həm avtomaşını idarə etməyə hüququ olmayan şəxsə qarşı qaldırmışdır. Məhkəmə qeyd edir ki, avtomaşının mülkiyətçisi sığortaçı tərəfindən ödənilmiş sığorta ödənişi üzrə subroqasiya qaydasında o halda cavabdehlik daşıya bilər ki, nəqliyyat vasitəsi onun xəbəri olmaqla hüququ olmayan şəxs tərəfindən istismar olunsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, avtomaşının mülkiyyətçisi – iş üzrə Cavabdeh1 həmin avtomaşını ümumi etibarnamə əsasında satmışdır, avtoamşın onun kürəkəni Camal Kərimovun sahibliyində olmuş və onun həmin avtomaşının qanuni əsaslar olmadan istismar edilməsindən xəbəri olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 subroqasiya tələbi üzrə cavabdehlik daşıya bilməz. Ödənilmiş sığorta ödənişi üzrə subroqasiya qaydasında cavabdehliyi cavabdehlərdən yalnız avtomaşını qanunsuz əsaslarla istismar edən şəxs – Cavabdeh2 daşımalıdır. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsiən əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini qanuni əsaslar olmadan istismar etməsini və yol-nəqliyyat hadisəsi törətməsini, bununla da yuxarıda göstərilən qanunun tələblərinə əsasən subroqasiya qaydasında irəli sürülmüş tələb üzrə cavabdehlik daşımasının təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməli təmin edilməlidir. Məhkəmə ziyan məbləği ilə bağlı qeyd edir ki, iddia tələbi 15000 manat pulun tutulması hissəsində də əsaslıdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56.1.1-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləğləri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yol-nəqilyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin ölümü ilə bağlı cəmi 15000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, iddiaçının ödənilmiş sığorta ödənişi məbləğində - 15000 manat pulun tələb edilməsi ilə bağlı tələbi də tam əsaslıdır. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi qismən təmin edilməli və sığorta ödənişi kimi 3 nəfərin ölümünə görə ödənilmiş cəmi 15.000 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsi üzrə bildirir ki, ərizədə istinad edilən Mülk Məcəllənin 373.2-ci maddəsi müqavilə münasibətləri üzrə iddia müddəti üçün nəzərdə tutulmuşdur. Subroqasiya qaydasında tələbin irəli sürülməsi üçün ümumi iddia müddəti kimi 10 il müddət müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hazırki münasibətə iddia müddətinin tətbiq edilməsini əsaslı hesab etmir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə X2, X1, X4 ölümünə görə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 15000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 15030,4 (on beş min otuz manat qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2393/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2393/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver