Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2398/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh Qərbi Kaspi Universitetinə qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 04 dekabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qərbi Kaspi Universitetinə qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1750 manat pulun, 500 manat mənəvi zərərin və 43 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli “Bakalavr hazırlığı” müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Universitetin hesabına 1750 manat təhsil haqqı ödənilmişdir. Lakin iddiaçıdan asılı olmayan səbəbdən Universitetdə təhsil almaqdan imtina etməli olmuşdur. Onun tərəfindən ödənilən 1750 manat ona geri qaytarılmalıdır. Həmin məbləğin geri qaytarılması ilə bağlı Universitetə müraciət etməsinə baxmayaraq, Universitet tərəfindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Qərbi Kaspi Universiteti (Universitet) ilə İddiaçı (tələbə) arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli «Bakalavar hazırlığı Müqaviləsi»nin: 1.1-ci bəndinə əsasən Müqavilənin predmeti tələbə tərəfindən seçilmiş ixtisas üzrə təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq ali təhsilli mütəxəssis (bakalavr) hazırlamaqla əlaqədar Universitet ilə Tələbə arasında yaranan münasibətlərdir. 2.2.1-ci bəndinə əsasən Tələbə Universitet tərəfindən 2024-2025-ci tədris ili müəyyən edilmiş 3500 manat məbləğində illik təhsil haqqını sentyabr ayının 10-dan gec olmayaraq tam şəkildə və birdəfəlik ödəməlidir. 2.3-cü bəndinə əsasən Tələbə tərəfindən ödənilmiş təhsil haqqı bu müqavilə qüvvəyə mindikdən sonra heç bir halda tələbəyə geri qaytarılmır. 3.1-ci bəndinə əsasən bu Müqavilə onu tərəflərin imzaladığı andan qüvvəyə minir. Qərbi Kaspi Universitetinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, tələbə tərəfindən ödənilmiş təhsil haqqının geri qaytarılmasından imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qərbi Kaspi Universiteti (Universitet) ilə İddiaçı (tələbə) arasında 06 sentyabr 2024-cü il tarixli «Bakalavar hazırlığı Müqaviləsi» hazırlanmışdır. Müqavilə imzalandıqdan sonra tələbə tərəfindən Universitetə 1750 manat məbləğində təhsil haqqı ödənilmişdir. Lakin sonradan o, Universitetdə təhsil almaqdan imtina etməli olmuşdur. Bundan sonra tələbə ödəmiş olduğu həmin məbləğin ona geri qaytarılmasını xahiş etsə də, Universitet bundan imtina etmişdir. AR Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Qanunvericiliyin qeyd olunan normalarını işin faktiki halları ilə yanaşı yoxlayaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər müqavilə bağlayarkən əsl iradələrini ifadə etmişdirlər. Belə ki, tərəflər müqaviləni bağlayarkən bütün mühüm şərtlər barəsində razılığa gəlmiş və bundan sonra əqdi imzalamışlar. Tərəflərin imzaladığı əqdin razılaşdırılmış bəndlərindən biri də bu olmuşdur ki, müqavilə imzalandığı andan qüvvəyə minir və Universitet müqavilə qüvvəyə mindikdən sonra heç bir halda ödənilmiş təhsil haqqını tələbəyə geri qaytarmır. İddiaçı tələbə qismində sözügedən əqdi imzalamaqla əqdin qeyd olunan şərtini qəbul etmiş hesab edilir. Belə ki, əqddə birmənalı olaraq göstərilmişdir ki, əqd qüvvəsini aldıqdan sonra ödənilən təhsil haqqı geri qaytarılmır. Tərəflər əqdi imzaladıqdan sonra əqd qüvvəyə minmişdir. Bundan sonra iddiaçı ödəməli olduğu təhsil haqqının bir qismini Universitetə ödəmişdir. Yəni ki, tələbə imzaladığı əqdin şərtlərini qəbul etdikdən sonra ödəniş etməklə bir daha müstəqil formada iradə ifadəsini nümayiş etdirmişdir. Sonradan tələbənin təhsil müəssisəsində təhsilini davam etdirə bilməməsi özünün təqsirindən baş vermişdir. Belə olan halda imzaladığı əqdin məzmununda qeyd olunan şərtləri qəbul etməklə onu imzalayan iddiaçı həmin Müqavilənin 2.3-cü bəndində əks olunmuş müddəanın məsuliyyətini də qəbul etmiş sayılır. Məhkəmə mənəvi zərərə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas tələbdən törəmə hüquq münasibəti olduğundan və əsas tələb əsassız hesab edildiyindən, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2398/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2398/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver