Məhkəmə qərarları › İş №2(009)-2405/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2405/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2405/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.S.Çobanovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun oğlu Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirmişdir. Onun iş yerinin Bakıya keçirilməsi üçün adam axtarırdı. Bu söhbəti qardaşı Müşfiqə də demişdir. Qardaşı iş yoldaşı Vüqar Babaşovun İlqar adında tanışı olmasını bildirmişdir. O, da qardaşına razılıq vermişdir ki, bu məsələni danışıb ona xəbər etsin. İlqar qardaşı Müşfiqə bildirmişdir ki, 2500 manat pulu əvvəlcədən versə, oğlu Məhəmmədi Bakıya köçürdəcək. O, buna razılıq vermişdir. Bundan sonra onun razılığı ilə qardaşı X4 metrosunun yaxınlığında 2500 manat pul vermişdir. 04 may tarixində İlqar qardaşı Müşfiqə bildirmişdir ki, iş alınır, təcili 5000 manat pulu çatdırmaq lazımdır. Müşviq ona bunu dedikdən sonra o, Goranboy rayonundan 5000 manat pulunu götürüb Bakıya gəlmiş və xx.xx.2022-ci il tarixdə notarius ilə İlqara 5000 manat pulu vermişdir. 5-10 gün keçmiş, İlqardan işin nəyə görə alınmamasını soruşduqda, o, müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. Əvvəlcə xx.xx.2022-ci il tarixdə Nəsimi rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Bu günə qədər İlqar həmin puldan heç nə qaytarmamışdır. Cavabdeh ona qarşı törətdiyi bu hərəkətləri ilə ona həm də mənəvi sarsıntı yaşatmışdır. Hazırda cavabdehin hərəkətləri nəticəsində ona həm maddə, həm də mənəvi zərər dəymişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 7500 manat pulun, 1000 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 105 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən borcun 2500 manat məbləği ödənilmişdir. Cavabdeh hər dəfə ödənilməyən borcu yaxın vaxtlarda ödəyəcəyinə dair söz versə də, bu günə qədər borcu ödəməmişdir. Hətta polisdə araşdırma aparılarkən də, yaxın vaxtda borcu qaytaracağına söz vermişdir, lakin qaytarmamışdır. Hazırda məhkəməyə 1 ay müddətində borcu qaytaracağına dair ərizə yazmışdır. O, bu vədə də inanmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Çobanov X2 İlqar Bəhər oğluna 5.000 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun razılığı və xahişi ilə qardaşı Müşviq Çobanov Bakı şəhərində xx.xx.2022-ci il tarixdə Cavabdeh 2500 manat borc pul vermişdir. Müqaviləyə əsasən Cavabdeh həmin krediti xx.xx.2022ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borcdan heç bir ödəniş etməmişdir. Qeyd olunan kredit müqaviləsinin tələbləri Cavabdeh tərəfindən pozulmuş, borc məbləği bu günə qədər tam geri qaytarılmamış, bununla da kredit öhdəlikləri icra edilməmişdir. Nəzərinə çatdırmaq istəyir ki, bunun nəticəsində Cavabdeh ona 7500 manat məbləğində borcu qalmışdır. Eyni zamanda nəzərinə çatdırır ki, borcu ödəməkdən qəsdən yayınması son nəticədə Cavabdeh cinayət məsuliyyətiinə cəlb edilməsi ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən kredit borclarını ödəməkdən qəsdən yayınma cinayət məsuliyyəti yaradan ictimai təhlükəli əməldir. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh 7500 manat məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin etməsi tələb olunur. Əks təqdirdə öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaq. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı oğlunun işə düzəltmək adı ilə onun razılığı və xahişi ilə qardaşı Müşviq Çobanov xx.xx.2022-ci il tarixdə cavabdehə 2500 manat borcu pul vermişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5.000 manat məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş, həmin məbləğdən 2500 manat qaytarıb, qalan 5000 manat qaytarmamış və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini, həmin borc məbləğindən 2500 manat qaytarmasını (məhkəmə hazırlıq iclasında cavabdeh 2500 manat borcu qaytarması, 5000 manat borcu isə avtomobil qəzası törətdiyi üçün qaytara bilməməsinə dair izahat vermiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən 2500 manat məbləğində pulun qaytarılmasını etiraf etmişdir) nəzərə alaraq hesab edir ki, iddia tələbi 7500 manat borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 1000 manat əldən çıxmış faydanın tutulması tələbləri üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından,cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 1000 manat məbləğində pulun tutulması hissəsində tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (70 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5.000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat, cəmi 5.070 (beş min yetmiş) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5.000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat, cəmi 5.070 (beş min yetmiş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar