Məhkəmə qərarları › İş №2(009)-2427/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2427/2025

29.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2427/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X12 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 8478852-li arayışına əsasən həmin ünvanda xx.xx.2015-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, 2015-ci ildən bu günə qədər orada yaşamır. Bildirmək istəyir ki, Cavabdeh iddiaçının oğlu X2 həyat yoldaşıdır. Cavabdeh həmin mənzilə 2011-ci ildə gəlin köçmüş, qısa müddət orda yaşamışdır. Birgə nikahdan övladları xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X16 doğulmuşdur. Daha sonra, o iddiaçının oğlu ilə birlikdə X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1538N saylı fərdi yaşayış evinə köçmüşdür. Lakin, sonradan iddiaçının oğlu və gəlini (cavabdeh) arasındakı münasibətlər pozulmuş, boşanmaq qərarına gəlmişlər. Tərəflər arasında Bakı 9 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixli “Barışıq sazişi” bağlanmış, həmin sazişə əsasən, uşaqlar ananın (cavabdehin) yanında qalmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1974/2022 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. xx.xx.2015-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X16 isə iddiaçının yetkinlik yaşına çatmayan nəvələridirlər. Bu o deməkdir ki, artıq cavabdehin adıçəkilən mənzildə yaşamaq, oradan faydalanmaq ehtiyacı və marağı mövcud deyil. Əlavə olaraq, onların qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Pasport Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilsə də, xx.xx.2025-ci il tarixli, No 47\2-S-19661 saylı məktubla bundan imtina edilmiş, məhkəmə orqanlarına müraciət edilməsi bildirilmişdir. Qeyd etmək zəruridir ki, onların həmin ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu pozur. Odur ki, Cavabdeh, X13 və X1 mənzilə istifadə hüququnun itirilməsi zərurəti vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 152.5, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Səbail Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X13, X7 və Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, iddiaçı, eləcə də X6, X13, X7 və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6, X9, X3 Gülnara Abizər qızının ailə üzvləridir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 1 xx.xx.2018-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır. - Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (009)-1974/2022 saylı qətnaməsindən görünür ki, X17 ilə X15 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X15 ilə aralarında olan nikahın ləğv edilməsi 10 noyabr 2022-ci ildə qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, razılaşdırılmış məsələlərdən biri də X17 ilə X15 arasında birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X7 analarının yanında saxlanması olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi ünvan 1-lə bağlı arxid sənədlərində olan X10 imzası notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o qeydiyyatda olduğu ünvan 1-ün X4 adına özəlləşdirilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, mübahisəli mənzil olan ünvan 1 əvvəl order əsasında X4 adına olmuş, xx.xx.2018-ci il tarixdən isə mülkiyyəti kimi dövlət reyestrində xx.xx.2024-cü ildə dövlət qeydiyyatına alınmış, hazırda da mülkiyyətindədir. İşin materiallarından həmçinin görünür ki, mənzil dövlət fonduna aid olan dövrdə iddiaçının oğlu X15 ilə X17 arasında xx.xx.2011-ci il tarixdə nikah qeydə alınmış və bu nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X16 anadan olmuşlar. X17 mübahisəli yaşayış yeri üzrə qeydiyyata düşdüyü üçün mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə əlaqədar notarial qaydada müvafiq razılıq ərizəsi də vermişdir. Həmçinin, işin materiallarından görünür ki, X17 ilə X15 arasında ailə münasibətləri pozulmuş, əvvəlcə aralarında uşaqlarla bağlı razılaşmaları olduğu üçün mediasiya qaydasında barışıq sazişi bağlanmış, sonradan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (009)-1974/2022 saylı qətnaməsi ilə nikahın pozulması qət edilmişdir. Hazırda iddiaçı cavabdehin və övladlarının mənzildən istifadə hüququnun itirilmiş hesab edilməli olmasını mübahisələndirir, bunu onların mülkiyyətində olan mənzildə yaşamamaları ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə cavabdehin istifadə hüququna malik olub-olmaması məsələsi 2009cu ildə qüvvəyə minən Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarından göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. İşin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh iddiaçıya münasibətdə ailə üzvü hesab edilmir. Belə olan halda cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə cavabdehin mübahisəli mənzilə qeydiyyata alınmasına və mənzilin də sonradan onun razılıq ərizəsi ilə iddiaçının adına özəlləşdirilməsinə baxmayaraq hesab edir ki, bu onun həmin mənzildə olan qeydiyyatı ilə əlaqədar formal bir prosedur idi. Belə ki, cavabdehin iddiaçıya məxsus dövlət fonduna aid mənzilə gəlin gələrək qeydiyyatda olması ilə əlaqədar özəlləşmə üçün razılıq ərizə verməsi onun həmin mənzilə istifadə hüququnun yaranması anlamına gəlmir. Qeyd olunduğu kimi razılıq ərizəsi formal prosedur olmaqla qeydiyyatın özü də formal xarakter daşımaqdadır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. ... Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh mənzildə istifadə hüququ olmadığı üçün mövcud olmayan hüquq itirilmiş hesab edilə bilməz. Buna görə də ona münasibətdə iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin uşaqları iddiaçıya münasibətdə ailə üzvü statusuna malik olsalar da, faktiki olaraq onlar barışıq sazişinin şərtlərinə əsasən yaşayış yeri kimi analarının yaşadığı yer müəyyən edildiyi və valideynləri arasında ailə münasibətlərinə xitam verildiyi üçün onların da mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh mübahsəli mənzildən çıxıb gedəndən azyaşlı uşaqlar yalnız onunla birlikdə yaşamışdır. Beləliklə də məhkəmə sadalanan normaların tələblərinə və işin araşdırılmış hallarına əsasən hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqlarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə (Cavabdeh mənzildən istifadə hüququ olmadığı üçün ona münasibətdə) rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar