Məhkəmə qərarları › İş №2(009)-2432/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2432/2022

02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2432/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2022-ci ilin noyabr ayında Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivi, 41-ci küçə ərazində torpaq sahəsi almışdır. Bu ilin may ayında həmin torpaq sahəsində tikinti işləri aparmağı qərara almışdır. Buna görə 1050 ədəd mişar daşı almış, həmin daşları tikinti getdiyi üçün öz torpaq sahəsinə boşaltmağa imkan olmamış, qonşuluqda olan qarşısı açıq olan torpaq sahəsinə boşaltmişdır. Daha sonra həmin torpaq sahəsinin sahibi kimi özünü təqdim edən cavabdeh əvvəlcə daşları onun sahəsindən çıxarılmasını istəmiş, daha sonra fikrini dəyişərək, həmin daşları torpaq sahəsinə hasar timək üçün istifadə etməyə razılaşmış və bunun müqabilində ona daşların ümumi dəyəri olan 430 manat pul vəsaitinin ödəyəcəyinə söz vermişdir. Cavabdehin həyat yoldaşı olan Tahir adlı şəxs də bu söhbətlərdə iştirak etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona məxsus olmuş daşların qiymətini ona ödəmir, etdiyi müraciətlər nəticəsiz qalmış və hər dəfə bir bəhanə gətirərək pulu ödəməkdən yayınır. Məcbur olub 41-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, orada izahat verən Cavabdeh daşlardan öz hasarlarını hörmək üçün istifadə etdiyini qeyd etmişdir. 41-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən müraciətdə qeyd edilən xüsusatlar mülki xarakterli mübahisənin predmeti olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Hazırda tikinti materialının qiyməti artmış, minimal mişar daşının qiyməti 0.50 manat, 1050 ədədin qiyməti isə 525 manat təşkil edir. Bu mübahisə 1 ildən artıq müddətdir ki gedir, onun əsəbləri korlanmış, səhhətinə mənfi tsirsiz ötüşməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 200 manat mənəvi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh, vurulmuş 525 manat məbləğində maddi ziyanın, 200 manat mənəvi ziyanın və 60 manat məhkəməyə çəkdiyi xərci (hüquqi yardım xərci və dövlət rüsumu) tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 1.050 ədəd mişar daşını biri 42 qəpik olmaqla 430 manata almış, öz torpaq sahəsində tikinti getdiyi üçün qonşu Gülşən xanımın həyətinə boşaldılmış, bir neçə gündən sonra Gülşən xanım həmin əraziyə gələrək mişar daşının onun həyətinə nə üçün boşaldılmasına dair iradını bildirmiş, o, fəhlə tapıb həmin daşların daşınmasını istəsə də, fəhlə ondan 80 manat pul istəmiş, baha olduğu üçün Gülşən xanıma təklif etmişdir ki, onlar da hasar çəkəcəklər, həmin mişar daşlarından istifadə edib, sonra onun pulunu versinlər. Gülşən xanım bununla razılaşmış, hasar hörgüsündə həmin daşlardan istifadə etsə də, pulunu verməmişdir. Dəfələrlə Gülşən xanıma müraciət etmiş, o, hər dəfə bir bəhanə ilə ödəyəcəyini desə də, ödəməmişdir. Onun mişar daşından hasar hörgüsündə istifadə etdikdən sonra Gülşən xanım demişdir ki, 800 ədəd daşdan istifadə olunmuşdur. Yəni 800 ədəd daşdan istifadə olunması Gülşən xanım tərəfindən etiraf olunmuşdur. Qalan daşları qonşular daşıyıb aparmışlar. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivi 16665 D ünvanda yerləşən 0.08 ha torpaq sahəsi 1998-ci ildən hazırki vaxtadək onun istifadə, sahiblik və sərəncamındadır. Torpaq sahəsinə dair mülkiyyət hüququnu rəsmiləşdirərkən Nadir Həsənov adlı şəxsin ləğv olunmuş və qüvvədən düşmüş məhkəmə qərarı, sərəncamı əsasında saxta çıxarış almış, həmin sahəni formal olaraq digər şəxslərə satmışdır. Bununla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılmışdır. Eyni zamanda İddiaçı 3-cü şəxs qismində cəlb olunmaqla aralarında başqa məhkəmə mübahisəsi də gedir. Ona məxsus torpaq sahəsi 5-6 daş hündürlüyündə hasarlanmaqla ona məxsus 500 ədədə yaxın mişar daşı mövcud olmuşdur. 2022-ci ilin aprel ayında öz torpaq sahəsinə gələrkən həmin sahəyə topa şəklində tökülmüş mişar daşlarını görmüş, qonşular bildirmişlər ki, daşı ora qonşuluqda olan Cahangir adlı şəxs boşaltmışdır. O, həmin şəxslə telefon əlaqəsi saxlayarkən İddiaçı ilkin bildirmişdir ki, həmin sahəyə sənədləri var və ev tikməyə hazırlaşır. Bir müddətdən sonra isə İddiaçı zəng edərək bildirmişdir ki, daşlar onundur, daşımağa imkanı yoxdur və həmin daşları almağı ona təklif etmişdir. O isə bildirmişdir ki, hasar hörərkən həmin daşlardan istifadə edər və haqqını ödəyər.Daşlardan ehtiyacı olamdığı üçün istifadə etməmişdir və bir müddətdən sonra həmin daşların sahəsindən daşınaraq İddiaçı fərdi ev inşa etdiyini görmüşdür. Yəni o daşlardan istifadə etməmişdir. Digər tərəfdən iddiaçı daşların sayı, ona məxsus olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh eyni zamanda göstərmişdir ki, 41-ci polis bölməsində izahat verərkən özündə olmamış, sənədi imzalamışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl Cavangir Əhmədli tərəfindən 430 manat pul verərək mişar daşı gətirməsini xahiş etmiş, o, 1050 ədəd mişar daşını 42 qəpikdən Cahangir müəllimin həyətinə tökmək üçün gətirmiş, lakin onun həyətində yer olmadığından qonşu həyətə boşaltmışdır. Qonşu həyətdə hər hansı mişar daşı olmamışdır, həyət boş olmuşdur, hasar hörülməmiş vəziyyətdə olmuşdur. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı V.Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, qonşu torpaq sahələrindən istifadə və ərazidə olan daşlardan istifadə ilə bağlı İddiaçılə qonşu torpaq sahəsinin sahibləri arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd olunmalı, müraciətdə qeyd olunan xüsusatlar mülki xarakterli mübahisənin predmeti olduğundan həmin mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Həmin qərarda izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı tərəfindən onların torpaq sahəsinə daş tökülmüş, o daşların həmin ərazidən daşınmasını Cahangirdən tələb etmiş, əvvəl Cahangir həmin sahənin onlara məxsus olmasını bildirmiş, daha sonra daşların müvəqqəti həmin yerə tökdüyünü, ev tikilməsində istifadə edəcəyi vaxt oradan götürəcəyini bildirmiş. Daha sonra Cahangir zəng edərək daşların daşınmasının sərf etməməsini, hörgü üçün onlara daş lazım olacağını bildirərək, həmin daşlardan onların istifadə etməsini və pulunun sonradan verilməsini təklif etmişdir. Torpaq sahəsində olan daşlardan istifadə edərək hasarlarını hörmüşlər, orada 800 ədəd mişar daşı olmuşdur, Cahangir bildirmişdir ki bir ədədi 42 qəpikdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivində yerləşən Cavabdeh istifadəsində olan torpaq sahəsinə tikinti aparmaq məqsədilə mişar daşları tökülmüşdür. Bu işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələb torpaq sahəsinə tikinti aparmaq məqsədi üçün tökülmüş 1050 ədəd mişar daşlarından Cavabdeh tərəfindən hörgüdə istifadə edilsə də, onun dəyəri ona ödənilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinə tökdüyü mişar daşının 1050 ədəd olmasını qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə təhqiqat orqanında aparılan araşdırma zamanı tökülmüş mişar daşının 800 ədəd və qiymətinin 42 qəpik olmasına dair etirafedici izahatın verilməsini, eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən 800 ədəd mişar daşlarından hörgüdə istifadə edildiyini, qalan daşların qonşular tərəfindən daşındığı barədə verdiyi izahatı nəzərə alaraq, məhkəmə hesab edir ki, mübahisələndirilən mişar daşının miqdarının cavabdeh tərəfindən hasar hörgüsündə istifadə etdiyi həddə, yəni etiraf edilən həddə (800 ədəd) olması qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinə tökdüyü mişar daşlardan cavabdeh tərəfindən istifadə edilməsi və istifadə etdiyi mişar daşlarına görə cavabdehə haqq ödənilməsinə dair qarşılıqlı razılıq olmuşdur. Başqa sözlə əmlakın (mişar daşlarının) nisyə alqı-satqısına dair tərəflər arasında şifahi müqavilə bağlanmışdır. Məhkəmə cavabdehin məhkəmə iclasında həmin mişar daşlarından istifadə etməməsinə dair izahatındakı dəlilləri əsassız hesab edərək qeyd edir ki, cavabdehin təhqiqat orqanı tərəfindən aparılmış araşdırma nəticəsində verdiyi izahatla bu hal tam təkzib olunur. Həmin izahatda cavabdeh etiraf etmişdir ki, iddiaçı tərəfindən sahəyə tökülən 800 ədəd mişar daşından hasar hörgüsündə istifadə etmişdir. Bu səbəbdən məhkəmə həmin mişar daşlardan cavabdehin istifadə etməməsi barədə gətirdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcınıən mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür (maddə 567). Əşyanın nisyə satışının nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir (maddə 600.1). Əşyanın nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyanın qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). AR Mülki Məcəllənin 406-cı maddəsinə əsasən müqavilələr əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı bir formada bağlana bilər, bir şərtlə ki, qanunla həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və yazılı (sadə və notariat) formada bağlanılır (maddə 329.2). Şifahi bağlanılan əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olsun (maddə 329.3). Mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin hər hansı forması təyin olunmamışdır. Belə müqavilə şifahi və yazılı formada da bağlanıla bilər. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Məhkəmə qeyd edir ki, cavabdeh qarşılıqlı razılıq əsasında iddiaçıya məxsus mişar daşlarından öz hasar tikintisində istifadə etsə də onun dəyərinin iddiaçıya ödənilməsini təmin etməməklə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməsi haqlı hesab edilməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, hətta tərəflər arasında mişar daşları ilə bağlı onun nisyə alqı-satqısına dair razılaşma əldə edilmədiyi təqdirdə belə cavabdehin iddiaçıya məxsus mişar daşlarından istifadə etməsi halında o, əsassız varlanan şəxs hesab edilməlidir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (Maddə 1091.1). Məhkəmə eyni zamanda qeyd edir ki, AR Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin, həm də eyni vaxta olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçirilmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında mişar daşının istifadə edilib dəyərinin ödənilməsi ilə bağlı qarşılıqlı razılığının mövcud olmadığı halında iddiaçının maddi ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunur. Yəni işin qeyd edilən halında cavabdeh iddiaçının hesabına qanuni əsas olmadan əmlak əldə etmiş, əsassız varlanmış, iddiaçı da bunun nəticəsində həmin əmlakdan məhrum olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilik əsassız varlanmanın öhdəlikləri əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edir (maddə 386.1). Beləliklə məhkəmə yuxarda qeyd edilənlərə məcmu şəkildə qiymət verərək və nəzərə alaraq hesab edir ki, iddiaçının maddi ziyanla bağlı tələbi qismən əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən etiraf olunan və istifadə edilən mişar daşlarının 800 ədəd olmasını, bir mişar daşının qiymətinin həmin dövr üçün 42 qəpik olmasını nəzərə alaraq hesab edir ki, istifadə olunmuş lakin ödənilməyən mişar daşının ümumi dəyəri 336 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi 336 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 200 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-inn 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 200 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi yardım və dövlət rüsumunun ödənilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən (336 manat) təmin edildiyindən və iddiaçı tərəfindən hüquqi xidmət xərci kimi 30 manat məbləğində pulun ödənilməsini təsdiq edən sübut (mədaxil orderi) məhkəməyə təqdim edildiyindən, cavabdehdən iddiaçının xeyrinə eyni zamanda məhkəmə xərci kimi çəkdiyi 60 manat məbləğində pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi kimi 336 manat, məhkəmə xərclərinin (hüquqi yardım xərci və dövlət rüsumu) əvəzi kimi 60 manat, cəmi 396 (üç yüz doxsan altı) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar