Məhkəmə qərarları › İş №2(009)-2433/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2433/2022

28.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2433/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “paylı mülkiyyətdən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “paylı mülkiyyətdən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. 3 saylı ASAN xidmət mərkəzində X1 tərəfindən İddiaçı verilən xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, MPM-nin 74.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi vermək, onu imza etmək səlahiyyəti göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti göstərilməyən şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalıdır. Həmçinin məhkəmə nəzərinizə çatdırır ki, mülki qanunvericiliyin normalarının tələblərinə əsasən paylı mülkiyyətçilər evdən istifadə qaydası ilə bağlı həm şifahi, həm yazılı razılığa gələ bilərlər, yaxud bu qayda məhkəmə tərəfindən müəyyən edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “paylı mülkiyyətdən istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş məhkəmə iddia ərizəsinə görə ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi 13503), xx.xx.2022-ci il tarixdə online şəkildə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş məhkəmə iddia ərizəsinə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar